AZ

Azərbaycanın su arteriyalarının fəaliyyəti gücləndirilir

Qarabağ və ona bitişik yeddi rayonumuzun otuz ilə qədər Ermənistanın işğalı altında qalması suvarma kanallarının sıradan çıxmasına, ölkəmizin su arteriyalarının qırılmasına və ya fəaliyyətinin zəifləməsinə səbəb oldu. Nəticədə kənd təsərrüfatı məhsullarının istehsalı azaldı, ölkə iqtisadiyyatına ciddi ziyan dəydi. Nəhayət, 2020-ci ildə ərazilərimiz işğaldan azad olunandan sonra bu məsələnin yoluna qoyulması üçün lazımi tədbirlərin həyata keçirilməsinə başlanıldı. Bu sahədə qısa müddətdə xeyli iş görüldü.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında bununla bağlı deyib: "Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır."

Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlətimizin başçısı daha sonra bildirib: “Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq”.

Xatırladaq ki, Şirvan kanalından xeyli əvvəl bir neçə  kanal da çəkilib. 1951-ci ildə Yuxarı Qarabağ kanalının layihələndirilməsinə başlanılıb və  1958-ci ildə istismara verilib. Yuxarı Qarabağ kanalı respublikada Samur-Abşeron kanalından (182 km) sonra uzunluğuna görə ikinci yeri tutur. Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Bu kanal mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürür. Su anbarındakı qurğudan qəbul edilən su, uzunluğu 1072 m, diametri 4,9 metr olan tuneldən keçirilərək digər qurğu vasitəsi ilə kanala verilir. Torpaq məcrada tikilmiş kanalın uzunluğu 172,4 kilometr, normal su sərfi saniyədə 113 kubmetr, maksimal su sərfi isə saniyədə 138 kubmetrdir. Kanal Qarabağ zonasının, Mil düzünün (az da olsa Muğan düzünün) 122 min hektar sahəsini su ilə təmin edir. Araz çayında su az olan vaxtlarda bu kanala Bəhrəmtəpə hidroqovşağına saniyədə 45 kubmetr su vermək mümkündür. Eyni zamanda, Az.DRES-in (Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası) istifadə etdiyi soyutma suyu da bu kanaldan götürülür. Qış aylarında əkin sahələrinə su lazım olmadıqda belə, Az.DRES-ə görə kanala saniyədə 65 kubmetr su verilir. Soyutma sistemindən çıxan isti su yenidən kanala axıdılır. Bu isə suvarma aparılmayan aylarda Az.DRES-in fasiləsiz işi ilə bağlı kanalda təmir-bərpa işlərinin aparılmasına mane olur. Kanala daxil olan isti su torpaq məcrada müxtəlif bitkilərin əkilib-becərilməsinə şərait yaratdığından kanalın en kəsik sahəsi azalır və hidravlik parametrlər dəyişir, kanalın su aparma qabiliyyəti 20–30 faiz azalır. Yuxarı Qarabağ kanalına su buraxılmamışdan əvvəl kanalın istiqaməti keçən ərazilərdə, kanalətrafı sahələrdə (1955) qrunt sularının orta yatım dərinliyi 10–15 metr idi. Kanala su verilən ilin sonunda qrunt sularının orta yatım dərinliyi 5–6 metr, təxminən 5–7 il keçəndən sonra isə 3-3,5 metr olur. 1962-ci ildə Xaçınçaya yaxın  ərazilərdəki sahələrdə qrunt sularının orta yatım dərinliyi 1,0-1,5 metr idi. Üstündə 119 hidrotexniki qurğu, 20 nasos stansiyası var. Ümumilikdə 82856 hektar sahəni suvarır. İntensiv suvarma dövründə Araz çayının suyunu artırmaq və Muğan düzündə suvarmada istifadə etmək üçün Yuxarı Qarabağ kanalı vasitəsilə Kür çayından Araza su axıdılır. Yuxarı Qarabağ kanalı vasitəsi ilə Yevlax rayonunun 23150 hektar əkin sahəsi suvarılır. Bu kanalın suyundan Bərdə və Goranboy rayonlarının da təsərrüfatlarında istifadə edilir.

Təəssüf ki, kanalların nəql etdiyi suyun itkisinə yol verilir. Respublikada olan 54 min kilometr uzunluğunda suvarma kanallarının yalnız faizinə beton döşənmişdir. Suyun 25 faizindən çoxu sızıb torpağa hopur. Nəticədə qrunt sularının səviyyəsi qalxaraq torpaqların su basmasına, onların bataqlıqlaşmasına və şoranlaşmasına gətirib çıxarır. Bununla yanaşı kanallardan sızan su onların suvarma qabiliyyətini xeyli azaldır. Su qıtlığı şəraitində böyük itkiyə yol verilməsi kənd təsərrüfatının inkişafını ləngidir. Yuxarı Qarabağ kanalı idarəsinin məlumatına görə, həmin kanaldan hər saniyə ərzində orta hesabla 13 kubmetr  su torpağa sızır. Bu o deməkdir ki, beton örtüyə alınmadığından kanalda ildə 410 milyon kubmetr su itkisinə yol verilir. Bu rəqəm respublikanın böyük su anbarlarından biri olan Ceyranbatan su anbarının həcmindən 2,2 dəfə böyükdür. Göründüyü kimi, bu , ciddi su itkisindən xəbər verir. Yuxarı Qarabağ kanalının (bundan sonra Qarabağ suvarma kanalı adlanacaqdır) mövcud olduğu 50 ildən artıq bir müddətdə onun axıtdığı suyun 20 milyon kubmetrdən çoxu torpağa sızıb. Mingəçevir su anbarının həcmindən də xeyli çox olan bu rəqəm magistral suvarma kanallarının tikintisində buraxılan nöqsanların hansı ağır nəticələrə gətirib çıxarması haqqında aydın təsəvvür yaradır. Halbuki itkiyə gedən həmin sularla yüz min tonlarla məhsul yetişdirmək olardı. Hələ demirik ki, otuz ildə susuzluqdan on minlərlə bar verən meyvə ağacları quruyub, taxıl, arpa, yonca və tərəvəz bitkiləri yanaraq məhv olub.

Ona görə də Prezidentimizin yeni kanalların çəkilməsinə, köhnə kanalların və anbarların bərpasına, təmirinə, qısaca desək, su bolluğuna xüsusi diqqət yetirməsi təsadüfi deyil. Axı, strateji kənd təsərrüfatı məhsulları su ilə yetişdirilib hasilə gətirilir. Ölkə əhalisinin ərzaqla təminatında suyun həlledici əhəmiyyəti var. Ona görə də istər içməli, istərsə də suvarma suyundan qənaətlə istifadə edilməli və itkisinə yol verilməməlidir.

Vəli İlyasov, "İki sahil"

Seçilən
163
Mənbələr
Şərh ()
Bağla