AZ

Məhkum Dövlət Məşğulluq Agentliyinin şöbə müdirini qəbul otağında döydü

Ali Məhkəmədə hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmədə təqsirləndirilən Əli Qəhrəmanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 
Qərara əsasən, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə təmin edilməyib.

 

İttihama görə, hadisə 18 yanvar 2023-cü il tarixdə, saat 15 radələrində Dövlət Məşğulluq Agentliyinin (DMA) Mil-Muğan Regional Məşğulluq filialının Saatlı rayon xidmət şöbəsində qeydə alınıb.

 

Belə ki, 2001-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Əli Qəhrəmanov işlə təmin olunmaq məqsədilə nazirliyin sözügedən qurumuna müraciət edib. Həmin vaxt Saatlı rayon xidmət şöbəsinin müdiri vəzifəsində işləmiş hakimiyyət nümayəndəsi olan zərərçəkmişqəsdən Rəşad Musazədə şikayəti qəbul edib, qanunla müəyyən olunmuş qaydada baxıb və cavab vermək vəzifəsinə uyğun olaraq, Saatlı rayon xidmət şöbəsində vətəndaş qəbul otağında məhkumun qəbulunu həyata keçirib. O, Əli Qəhrəmanova qanunvericiliyə müvafiq olaraq məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun Məşğulluq Elektron İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankında istəyinə uyğun münasib iş olmadığına görə iş təklif etmək mümkün olmadığını bildirib. Bu zaman təqsirləndirilən şəxs işlə təmin olunmadığını əsas gətirərək hiddətlənib, qəsdən Rəşad Musazədənin əyləşdiyi xidməti stula tərəf yaxınlaşıb zor tətbiq edərək sol ayağı ilə təpiklə onun sağ ayağına vurub. Sonra məhkum sağ əli ilə yumruqla zərərçəkmişin sifət nahiyəsinə zərbə endirərək ona xəsarət yetirib. 

 

Hadisədən sonra Əli Qəhrəmanov cinayət məsuliyyətinə cəlb edilib. Saatlı Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum olunub. Şirvan Apellyasiya Məhkəməsi məhkumun şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 18 Aprel 2024, 08:26   
Seçilən
87
Mənbələr
Şərh ()
Bağla