AZ

Rəhbərlərin hansı səhvləri işçilərin şirkəti tərk etməsinə səbəb ola bilər?

İşçilər iş prosesində idarəçilərin onlarla münasibətinə daha çox diqqət yetirirlər. Problem olan zaman idarəçiyə rahatlıqla deməyi, onun həll yollarını axtarmağı istəyirlər. Elə idarəçilər də var ki, etdiyi müəyyən səhvlər işçiləri narazı salır. Bəzi hallarda işçilər şirkətdən ayrılmaq istəməsə də, idarəçilərin etdiyi səhvlərə görə öz işlərini tərk edirlər. İdarəçilərin etdiyi hansı səhvlər işçilərin işdən çıxmasına səbəb ola bilər?

Bu barədə Valyuta.az-a danışan idarəetmə üzrə türkiyəli təlimçi Ahmet Kandemir bildirib ki, işçini iş yerində qalmağa təşviq edən ən vacib məsələlərdən biri də puldan əlavə işlədiyi yerdə inkişaf edə bilmək imkanlarıdır:

“İşçi idarəçi tərəfindən gördüyü işlərin, kadr olaraq özünün qiymətləndirilməsini görmürsə, işi tərk etmək haqqında düşünməlidir. Məsələn, vəzifə artımı ola bilər, amma edilmir. Şirkət içərisində vəzifə artımı rəqəmsal göstəricilərə, obyektiv qiymətləndirilməyə görə deyil, idarəçinin subyektiv fikirlərinə görə edilirsə, işçi bu situasiyada şirkətdən ayrılmaq haqqında düşünməlidir. Eyni zamanda, maaş artımı cəhətdən ədalətsizlik görürsə, bu zaman da o yeri tərk edə bilər. Yəni idarəçilər işini məsuliyyətlə görən insanlara həm maaş, həm də inkişaf mənasında lazımi dəyəri vermirsə, bu, işçinin işdən ayrılması üçün ən əsas səbəblərdəndir. Ancaq ümumilikdə, işçinin uzun müddət çalışmağı düşündüyü yerdə ən böyük motivasiyası pul deyil, şəxsi inkişafdır. İşçi ayrılmaq istəməsə belə, idarəçinin bu istiqamətdəki davanışları işçini oranı tərk etməyə təşviq edir”.

Təlimçi deyir ki, idarəçilər işçilər arasında olan münasibətə də diqqət yetirməlidirlər:

“İdarəçilərin etdiyi digər bir səhv də bir işçini digər işçinin yanında qınamaq, ona xətalarına görə təhqir etməkdir. İşçilər səhv edə bilər, amma idarəçi işçini başqalarının yanında tənbeh edərsə, işçinin orda qalması üçün hər hansı motivasiyası qalmır”.

İdarəçilərin etdiyi digər səhvlərdən danışan təlimçi komanda ilə işləyən idarəçilərin diqqət etməli olduğu nüansları da qeyd edib: 

“İdarəçinin komandanın naliyyətlərini, ideyalarını öz naliyyəti, ideyası, uğuru kimi rəhbərliyə təqdim etməsi işçinin ayrılmasına səbəb olacaq faktlardan ən vaciblərindən biridir. Yəni, işçi fərqli bir ideya tapır, amma idarəçi onu rəhbərliyə öz ideyası kimi təqdim edir. İdarəçi komandanı idarə edirsə, bütün naliyyətlərdə “biz” ifadəsini işlətməlidir. Komanda bir səhv edən zaman isə “mənim səhvimdir” deyib komandanı arxasında dayanmalıdır. Əgər işçi etdiyi səhvlərdə idarəçinin ona dəstək olmadığını görürsə, işçi bu stiuasiyada da oradan ayrılmağı düşünür”.

“Köhnə nəsil ilə yeni nəslin işə yanaşmasında fərqlər çoxdur”.

A.Kandemirin sözlərinə görə, idarəçinin səhvlərinə reaksiya nəsillərə görə dəyişə bilir:

“Z” nəslinin gözləntiləri və axtarışları çox fərqlidir. Köhnə nəslin işə baxışı ilə “Z” nəslinin işə baxışı arasında çox fərq var. Köhnə nəsil sıxıntılara dözərək, müəyyən proseslərə göz yumaraq işləyirdisə, yeni nəsil ədalətsiz, haqqının tapdalandığı yerdə işləməkdən qaçırlar”.

Əvəz Həsənov

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla