AZ

Ukrayna Krımdakı hərbi aerodromuna zərbə endirdiyini təsdiqləyib

Ukrayna silahlı qüvvələrinin baş qərargahı ilhaq olunmuş Krımda Rusiya ordusunun istifadə etdiyi Cankoy hərbi aerodromuna ağır zərbə endirildiyini təsdiqləyib.

Baş qərargah məlumatla yanaşı iddia olunduğuna görə raket zərbələrinin nəticələrini – partlayış və yanğını əks etdirən videolar da dərc edib.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi aprelin 18-də xəbər vermişdi ki, Cankoy aerodromunda S-400 raket-zenit kompleksinin 4 atış qurğusu, 3 radiolokasiya sistemi, hava hücumundan müdafiə sistemlərinin idarə olunması məntəqəsi və Fundament-M hava məkanının müşahidəsi cihazları məhv edilib və ya ciddi zədə alıb.

Bu da xəbər verilir ki, aerodromda uçuş vasitələri də sıradan çıxarılıb. Bu aerodromda Rusiyanın zərbə helikopterlərinin bazası yerləşir.

Bununla belə Rusiya hərbiyyəsi aerodromda və hərbi hava bazasında sıradan çıxmış helikopterlərin və canlı qüvvəsi itkilərinin sayını cidd-cəhdlə gizlətməyə çalışır.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Cankoya zərbə endirildiyini bəyan etmişdi.

Rusiya hərbiyyəsi bu zərbələr barəsində heç bir açıqlama vermir.

Krım teleqram kanallarında aprelin 17-də Cankoy aerodromunda və ətrafda baş vermiş geniş miqyaslı yanğını əks etdirən videolar yayılıb.

Rusiya hərbiyyəsinə yaxın teleqram kanalları zərbəni və ziyan dəyməsini təsdiq etsələr də təfərrüatları açıqlamırlar.

Bu da xəbər verilir ki, Krım körpüsü üzərindən avtomobil hərəkəti dayandırılıb, Cankoy-Feodosiya yolunun bir hissəsi bağlanıb.

Ukraynanın məlumatında aerodromda məhv edildiyi deyilən texnika barədə müstəqil kanallarda heç bir informasiya olmayıb.

Məlum olan budur ki, Cankoyda Rusiya Cənub Hərbi Dairəsi hava hücumundan müdafiə və hərbi hava qüvvələri 4-cü komandanlığı 39-cu helikopter alayının 27-ci qarışıq aviasiya diviziyası dislokasiya olunub.

Buradakı uçuş meydanında S-300/400 komplekslərinin yerləşdirildiyi də məlumdur, lakin onların zərbə zamanı orada olub-olmadığı bilinmir.

Aerodroma hansı raketlərlə zərbə endirildiyi də naməlum qalır.

Rusiyanın hərbi blogerləri yazırlar ki, söhbət Amerika istehsalı ATACMS raketlərindən gedir.

Bu raketlərin 300 və daha çox kilometrlik məsafəni vuran modifikasiyasının Ukraynaya verilməsinə dair heç bir məlumat verilməyib.

Lakin bu raketlərin 165 kilometrlik radiusu vura bilən tipləri ilə Cankoya Xerson vilayətindən zərbə endirilə bilərdi.

Seçilən
156
Mənbələr
Şərh ()
Bağla