AZ

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

Səadət

Stokholm, 19 aprel, Nərgiz Cəfərli, АZƏRTAC

2000-ci ilin əvvəllərində İsveçin Höteborq şəhərində məskunlaşan azərbaycanlı alim, elmlər doktoru, yazıçı, peşəkar tərcüməçi Səadət Kərimi AZƏRTAC-ın müxbirinin həmsöhbəti olub. Kərimi müsahibəsində İsveçdə keçirdiyi 24 illik yaradıcılıqla, elmi fəaliyyətlə dolu yolundan bəhs edib.

Müsahibəni təqdim edirik.

Səadət xanım, oxucularımıza İsveçə köcmədiyinizdən əvvəlki illərdən danışın.

Mən Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşam. Həm anam, həm atam üçün milli dəyərlərimiz çox vacib olub, və məni bu ruhda böyüdüblər. Bütün uğurlarımı onlara borcluyam. Göyçayda 3 saylı Beynəlmiləl Rus məktəbində oxumuşam. Həmin məktəb o zaman regionun ən böyük məktəbi, respublikanın ən böyük və ən güclü məktəblərindən biri idi. Xalqımızın bir çox tanınmış ziyalısı həmin məktəbdə təhsil alıb. Mənim riyaziyyat müəllimim rəhmətlik Ağarəhim Rəhimov Rusiya İmperiyasının Qori Müəllimlər Seminariyasını fərqlənmə ilə bitirmiş şəxs idi. Bəlkə də ona görə məktəbimizin məzunlarından bir çoxu güclü riyaziyyatçı ola bildi.

Orta məktəbi bitirib Sankt-Peterburq Dövlət Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) dissertant kimi elmi fəaliyyətə başladım və RMİ-də dissertasiyanı müdafiə edib fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsini aldım.

1994-cü ildən İsveçə gələnə qədər, Azərbaycan Elmlər Akademiyasının "İzvestiya Nauk Azerbaycana", “Transactions of Academy of Sciences of Azerbaijan”, “Proceedings of Academy of Sciences of Azerbaijan. Mathematics and Mechanics” elmi jurnallarının riyaziyyat-fizika-texniki elmlər üzrə məsul katibi vəzifəsində çalışdim. İngilis və rus dillərinə tərcümə, redaktorluq və korrektura işlərində məsul olmuşam. Hələ Bakıda yaşayarkən AMEA nəzdində Avropa Komissiyası üçün Azərbaycan elminə aid müxtəlif layihələrdə işlər görmüşdüm.

İsveçə köçəndə 29 yaşım vardı və artıq Azərbaycanda tanınmış riyaziyyatçı, Azərbaycan Elmlər Akademiyasının alimi idim.

Necə oldu ki məhz Isveçə köçdünüz?

Xaricdə yaşamağı heç vaxt arzulamamışam. Sankt-Peterburqda oxuyub Bakıya qayıtdıqdan sonra vətəndə yaşamağın ləzzətini çıxarmaq istəyirdim, çünki qürbət nədir artıq bilirdim. Ailəmə, qohumlarıma və dostlarıma yaxın olmaq, həsrət çəkmədən yaşamaq istəyirdim. Lakin, 1999-cu ildə, həyatımdan və işimdən məmnun ikən qarşıma çalışdığım RMİ-da Təbriz əsilli bir riyaziyyatçı soydaşımız çıxdı. Bir-birimizi çox sevir və gözəl anlayırdıq. Millət, cəmiyyət, müasirlik və ailə ilə bağlı fikrilərimiz üst-üstə düşürdü. Bu mənim həyatımda nadir hal idi. Mənimlə ailə qurmaq istədi, amma İsveç vətəndaşı idi. Beləliklə, İsveçə köçəsi oldum. İki övladımız dünyaya gəldi, bir qızımız və bir oğlumuz var. Qızım Höteborq Universitetinin Tibb fakültəsinin ikinci kurs tələbəsidir. Oğlum isə liseyin ikinci kursunda oxuyur, əlaçıdır, mühəndis olmağı düşünür. Övladlarım Azərbaycan dilində gözəl bilirlər və mədəniyyətimizi çox sevirlər.

İsveçin Höteborq Universitetində dosent vəzifəsində çalişırsınız. İsveç dili ana dili olmayan şəxs üçün bu bir zirvədir. Bu zirvəyə qalxmaq üçün çətinliklərlə üzləşmisiniz?

Mən gəldiyim ilk gündən İsveç dili ilə çox intensiv məşğul oldum. Təkcə mühacirlər üçün təhsil ocaqlarında verilən dil kursları ilə kifayətlənmədim. Çoxlu bədii ədəbiyyat oxudum, filmlərə baxdım, gündəlik qəzetləri oxudum və isveçlilərlə ünsiyyətdə oldum. İstəyirdim bir etnik elm adamı olaraq dili isveçlinin səviyyəsində mənimsəyim və ixtisasım üzrə işləyim. İngilis və rus dillərini bilməyim də kömək oldu. İxtisasım üzrə, yəni riyaziyyat üzrə, işləsəm də mənə İsveçin ali təhsil sistemi həm maraqlı gəldiyi, həm də ödənişsiz olduğu üçün universitetdə İsveç dili üzrə, sonra həm də ingilis və rus dilləri üzrə ali təhsil alaraq filoloq ixtisasına yiyələndim. Hədəfim peşəkar tərcüməçi, təhlilçi, ədəbi tənqidçi olmaq, Azərbaycan və türk irsini tanıtmaq idi. Əlbəttə çətinliklər oldu. İsveçdə yaşlı nəsil arasında qabaqcadan mühakimə yürüdən insanlar hələ də çoxdur. Onlar bir əcnəbinin, xüsusilə də qərbi avropalı olmayan birinin ”onlar” səviyyəsində bir elmə sahib olmasını qəbul edə bilmirlər. Demokratik davranmaq naminə açıq bildirməsələr də, sorğuladıqları hiss olunur. Ona görə də, hər yeni işdə özünü təsdiq etmək zaman alır.

İsveçə gəldikdən sonra təhsil və elmi dərəcənin təsdiqini aldım və bir il ərzində Umea şəhərində eyni adlı universitetdə lektor və elmi işçi/tədqiqatçı kimi işə başladim. Bir neçə il sonra İsveç sisteminə uyğun yeni doktorluq işimi müdafiə edib elmlər doktoru dərəcəsini aldim. O zamandan bəri riyaziyyat sahəsi üzrə müxtəlif elmi jurnallarda əlliyə yaxın məqaləm dərc olunub, müxtəlif ölkələrdə yüzdən çox elmi konfranslarda iştirak etmişəm. 2016-cı ildən Umea Universitetində, qısa müddətdə Stokholm Universitetində, 2021-ci ildən isə Höteborq Universitetində dosent vəzifəsində çalışıram. Həmin ildən bu günədək İsveçin riyaziyyat elmləri üzrə birgə SONOMA elmi mərkəzində tədqiqatçı alim kimi, baş elmi işçi vəzifəsində çalışiram. Sonraki illərdə İsveçin bir neçə universitetində lektor vəzifəsində çalışdım. Eyni zamanda İsveçdə Filologiya və Dilçilik üzrə (ingilis dili və ədəbiyyat, ingilis dilinin tarixi, rus dili və rus dilinin tarixi, İsveç dili və ədəbiyyat, İsveç dilinin öyrənilməsi və inkişafı) təhsil almışam. 2018-ci ildə magistr, 2020-ci ildə isə master dərəcəsinə yiyələnmişəm.

Səadət xanım, siz bir neçə kitabın müəllifisiniz. Kitablarınız və onların ərsəyə gəlməsi ilə bağlı fikirlərinizi bizimlə böluşərdiniz.

Mən İsveçə gəldiyimdə İsveç dilində bir dənə də olsun Azərbaycan ədəbiyyatı yox idi. Azərbaycan haqqında İsveç cəmiyyəti ümumən heç nə bilmirdi. Bəziləri “Əli və Nino” əsərini deyirlər, amma mən o kitabı oxudum və demək istərdim ki, həmin əsər alman dilindən İsveç dilinə 1932-ci ildə tərcümə olunub. Kitab o dövrün şərtlərinə görə az sayda çap olunub və demək olar ki, 60-ci illərdən sonra unudulub. Son illərdə yenidən həmin əsərə maraq yaranıb. Ancaq kitabı oxuyan heç bir isveçli anlamaz ki, bunun yazarı azərbaycanlıdır və ya hadisələr Azərbaycanda cərəyan edir. O kitabda heç bir “Azərbaycan“ kəlməsi yoxdur. İsveç dilində Azərbaycana aid materiallar olsun deyə hər gün nə isə yazmağa başladım. İlk illər məqalələr və esselər çap edirdim, Vikipediya yaranandan sonra orada Azərbaycan mədəniyyətinə, tarixinə və coğrafiyasına aid məqalələr yerləşdirməyə başladım.

Kitabı ərsəyə gətirmək həm çox bahadır, həm də heç vaxt mənim sponsorum olmayıb. O səbəbdən, iki romanı nisbətən ucuz və az tanınan nəşriyyatda çıxardım, “Azərbaycan Respublikası (1918-1920)” kitabı isə tanınmış və bahalı “Sivart” nəşriyyatında İsveçdəki Azərbaycan Federasiyasının maliyyə dəstəyi ilə işıq üzü gördü. “Əks-sədalar. Şahidlər Qarabağdan, Təbrizdən və İrəvandan danışır” kitabımı isə müharibə vaxtı, 2020-ci oktyabrında nəşr etdirmək üçün qızıl qolbağımı satdım. Sevinirəm ki, həmin əsərdə verilən mətnlər müharibə vaxtı informasiya savaşında xalqımıza böyük köməyi oldu.

Siz İsveç Tərcüməçilər Birliyinin üzvüsünüz. Peşəkar tərcüməçi kimi Azərbaycan dilindən İsveç və ingilis dilinə tərcümə etmək nə dərəcədə çətindir?

Bədii əsər tərcümə etmək çox çətin işdir, çünki İsveç dilində məndən əvvəl birbaşa Azərbaycan dilindən tərcümələr olmadığından nümunə və ya baza yox idi, mən bu işi “iynə ilə gör qazmaq” kimi, araşdıra-araşdıra, səbrlə etmişəm. Həm də nəşriyyatlar ingilis, fransız, ispan, italyan və s. “populyar mədəniyyətlərdən” olmayan bədii əsərləri götürmək istəmirlər, çünki alıcı marağı çox aşağıdır. Bu sahədə də mübarizəm böyük oldu. Mən bu tərcümələri işdən sonra, “boş vaxtımda” etmişəm, təmənnasız.

İndi Əzizə Cəfərzadənin “Bakı 1501” tarixi romanını tərcümə edirəm. Bu əsərdə yazıçı Şah İsmayıl Xətainin dövrünə aid qədim sözlərdən çox istifadə edib və əsər hər sahəyə aid faktlarla, dialoq və poeziya nümunələri ilə zəngindir. Ona görə də keyfiyyətli bədii əsər tərcümə etmək üçün təkcə iki müasir və standard dili bilmək kifayət deyil, həm də geniş mütaliə və araşdırma aparmaq lazımdır. Bu romanı tərcümə etməklə mən həm də Xətainin məsnəvilərini və qəzəllərini tərcümə etmişəm. Yəni, çətin işdir, amma bilirəm ki, bu həm Azərbaycan elminə və mədəniyyətinə, həm də dünya ədəbiyyatına böyük bir töhfə olacaqdır. İndi olmasa da, gələcək nəsillər bunun təsirini hiss edəcəklər. Bu səbəbdən, mən əziyyətə qatlanıram, yaradıcılığımla fəxr edirəm, şərəf duyuram.

Mənim tərcümə və redaktorluq etdiyim bir neçə kitab və film var. Onlarin arasinda Ədalət Tahirzadə və Dilqəm Əhmədin müəllifi olduğu ”Azərbaycan Cümhuriyyəti 1918-1920” , Vahid Qazinin ”Çöl Qala” romanı, Norveçdə yaşayan güneyli soydaşımız, yazar Məmmədrza Təbrizlinin “Qartal”, doktor Pərvanə Məmmədlinin “Güney Azərbaycanın Mətbuat Tarixi”, Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” romanı işıq üzü gördü.

2022-ci ildə Stokholmda "Mədəniyyət kodu – Şuşa” LONGREAD layihəsi ictimaiyyətə təqdim edildi. Layihə azərbaycanlı jurnalist, Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənova tərəfindən hazırlanıb. LONGREAD rus, ingilis və İsveç dillərində yaradılmışdır. İsveç dilində belə bir layihənin hazırlanması bir ilkdir, bir növ tarixi hadisədir. İsveç dilində olan material tərcüməsi mənə aiddir.

Azərbaycan haqda Isveçdə bir neçə konfrans, tədbir və ədəbi gecə keçirmisiniz. Maraqlıdır, isveçli həmkarlarınız bu cür tədbirləri maraqla qarşılayırmı?

Bəli, çox sayda konfransım, çıxışlarım olub. Hətta 2017-ci ildə İsveç Parlamentində 1918-ci il Mart Soyqırımı mövzusunda çıxış etmişəm.

Konfranslarım Azərbaycanın dahi şəxsiyyətlərinə, Azərbaycan tarixində mühüm və qan yaddaşı günlərə həsr olunub. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Nəsimi, Nizami, Şəhriyar və Əzizə Cəfərzadənin yubileylərinə, Vətən Müharibəsində Zəfərə, Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş konfranslar təşkil etmişəm. 8 Mart Beynəlxalq Qadınlar günündə şəhid analarına və xanımlarına həsr olunmuş konfrans və maddi yardım kompaniyası təşkil etmişdim. Bundan əlavə hər il İsveç universitetlərində 20 Yanvar, Xocalı Soyqırımına və ana dili mövzularına aid konfranslar keçirirəm.

İsveçli həmkarlarımız üçün bu tədbirlərin məzmunu maraqlı gəlir. Lakin, isveçlilər bizim düşündüyümüzdən daha ehtiyatlıdırlar. Dəvət olunduqları tədbirin siyasi, və ya propaqanda xarakterli olmadığına əmin olmaq istəyirlər. Ona görə də daha çox isveçliləri cəlb etmək uzun illər aldı. Bu ilin mart ayında “Azərbaycan qadınlarının cəmiyyətdə unikal rolu” mövzusunda ədəbi-bədii tədbir həyata keçirdik. İş yoldaşlarım da gəlmişdirlər. Bu qədər maraqlı məlumatı əldə etdikləri üçün mənə təşəkkür etdilər. “Heç nə bilmirdim Azərbaycan haqqında. belə təsəvvür edirdim”, dedilər. İsveçlilər fikirlərini hər addımbaşı açıq bildirməzlər. Sosial mediada indiyə kimi minlərlə iş yoldaşım hər gün mənim Azərbaycana aid hansısa paylaşımımı oxuyub. Amma həmin paylaşımın altında heç bir fikir bildirməyiblər. Təklikdə nahar edərkən məlum olub ki, diqqətlə oxuyub və məlumatlanıblar.

Bildiyimə görə Azərbaycan diasporasında aktiv fəalliğınız var. Diaspora və diasporanın gördüyü işlərdən nə deyə bilərsiniz?

Diaspora işində 2001-ci ildən bəri fəaliyyətim olub. O zaman Azərbaycanlılar hələ pərakəndə şəkildə, hərə öz bacarığı ilə bir işlər görürdü. Həm Diaspora Komitəsi yarandıqdan, həm də texnologiya inkişaf etdikdən sonra birgə addımlar çoxalmağa və böyüməyə başladı. Əlbəttə, Dünya Azərbaycanlılar Konqresi (DAK) var idi. Ancaq bu qurumun əsas strategiyası Güney Azərbaycanın istiqlalı idi, yəni siyasi məsələləri qapsayırdı. Amma məskunlaşdığımız ölkələrdə inteqrasiya etmək və Azərbaycan mədəniyyətini, tarixini, elmini, ədəbiyyatını təbliğ etmək güclü diaspora səyləri tələb edir. Diaspora Azərbaycan xalqı üçün nisbətən yeni fenomendir. Şükürlər olsun, gözəl vətənimizdən tarixdə mühacir olmağa gərək olmamışdır. Ona görə diasporamız Güney Azərbaycandan üçüncü nəsil, Quzey Azərbaycandan uzağı ikinci nəsildən ibarətdir. Gücümüzu əsasən Qarabağın işğalı mövzusuna dair işlərə verməli olduq. İldən-ilə təcrübələndik. Həm burada yaşayan yurddaşlarımız təşkilatlanmağın mənasını daha çox anlamış oldular, həm də Diaspora Komitəsinin struktur bazası və mexanizmləri inkişaf etdi. Mən özəlliklə, cənab Fuad Muradov Diaspora Komitəsinə sədr gələndən sonra müsbət inkişafın olduğunu görürəm. Məsələn, İsveçin paytaxtı Stokholmun İçəri Şəhərində, yəni milyonlarla izləyicisi olan mərkəzi sərgi salonlarının birində 2022-ci ilin fevral ayında təşkil olunan “Şuşa” fotosərgisi bir həftə boyunca davam etdi. Sərgidə Diaspora Komitəsinin dəstəyi ilə Şuşanı və Ağdamı ziyarət etmiş isveçli fotoqraf-jurnalist Mikael Silkeberqin bu bölgələrdə çəkdiyi əsərləri nümayiş olunurdu.

2022-ci ilin oktyabrında dünyaya təqdim olunan "Xarı bülbül əfsanəsi" filminin məzmununu, çoxlu sayda müsahibələri ilə birgə ingilis dilinə tərcümə etmişdim. Həmin filmin rejissoru yenə Mikael Silkeberq, produseri isə Rahim T.Sadıqbəylidir. Burada Fərhad Bədəlbəyli, Mənsum İbrahimov və digər mütəxəssislərlə müsahibələr muğamdan və Şuşanın qədim irsindən bəhs edir. Zənnimcə, bu böyük uğurdur. Belə hadisələr isə illərin zəhmətini, hazırlığını və təşkilini tələb edir. Ona görə də, bəzən diasporadan tez-tez böyük və əlamətdar işlər gözləyənlər obyektiv yanaşmağı bacarmalıdırlar. Bizlər bu işləri burada hansı qurumda işləyərək, vergi verərək, gündəlik məsuliyyətlərimizi yerinə yetirərək və uşaqlarımıza ayıracağımız vaxtdan kəsib eləyirik.

Son olaraq yaradiciliq sahesinde planlarınızı bizimlə bölüşməyinizi xahiş edirəm.

Yaradıclıq fəaliyyətim dedikdə, mən riyaziyyat və digər elmi sahələrdə gördüyüm işlərdən bəhs etməyi xoşlamıram, çünki bu işləri universitetlər özləri görür və həmin sahənin mütəxəssisləri konfransı və jurnallarda hər şeyi görürlər. Mən adətən Azərbaycanın təbliği və müsbət imici naminə gördüyüm işləri paylaşıram ki, daha çox xarici əhalini məlumatlandırsın, daha çox gənclərimizə örnək, ilham və təcrübə yeri olsun. Bu yolda görəcəyim işlər yenə Azərbaycan klassik əsərlərinin tərcüməsi, redaktorluq işləri və özümün yazacağım aktual məsələlərə aid əsərlər olacaqdır.

Seçilən
174
Mənbələr
Şərh ()
Bağla