AZ

  Qarabağda və Şərqi Zəngəzurda görülən genişmiqyaslı işlərin dünyada misli-bərabəri yoxdur

Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə daim dünyanın diqqətindədir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması davamlı uğurlara yol açan əsas faktorlardandır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 20 ildən artıq dövrdə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar nəticəsində hazırda regionlarımız sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Sərəncamları əsasında təsdiqlənən Regional inkişaf Proqramları  hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Dövlət Proqramları çərçivəsində  yolların tikintisi və yenidən qurulması, su, qaz, elektrik təsərrüfatlarının yenilənməsi və müasirləşdirilməsi, körpülərin salınması, sosialyönümlü obyektlərin yenidən qurulması və əsaslı təmiri, bir sözlə vətəndaş məmnunluğunun təmin edilməsi diqqətdən kənarda qalmır.  Bütün bunlar bir daha sübut edir ki, hazırkı dövrdə  ölkəmizin qarşısında işğaldan azad olunan ərazilərin bərpası, oradakı infrastrukturun yaradılması və Böyük Qayıdış proqramının reallaşdırılması kimi mühüm çağırışların dayanmasına baxmayaraq, Azərbaycanda balanslaşdırılmış daxili siyasət kursu həyata keçirilir. Belə ki, heç bir bölgə  ölkənin ümumi inkişafından kənarda qalmır.

Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində bir daha diqqəti həyata keçirilən infrastruktur layihələrinə və onların uğurlu nəticələrinə, bunların fonunda isə müəyyənləşdirilən hədəflərə yönəltdi. Bildirdi ki, bu layihələr əsas məqsədi açıqlayır. Məqsəd  ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə yüksəltdi.

Ölkə Prezidenti sözügedən çıxışında bildirdi ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış, əkin üçün yararsız vəziyyətə düşmüşdür.  Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir. Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələri də iki dəfədən çox artırılacaq. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək. Qarabağ kanalının inşası gələn il başlayır. Qarabağ kanalı 115 min hektarı əhatə edəcəkdir. Orada əhatə olunan rayonların sayı 9-a bərabərdir.

Göründüyü kimi, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsi,  bütün bunlar inkişafın göstəriciləridir.

Qarşıdakı dövrün hədəflərindən bəhs edərkən işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması ilə yanaşı, onların malik olduğu potensialdan səmərəli istifadə də xüsusi qeyd edilir.  Bu torpaqların əksəriyyəti müxtəlif növ kənd təsərrüfatı məhsullarının becərilməsi üçün yararlıdır. Həmin məhsulların emalı yeyinti sənayesində yeni güclərin yaranmasına, etibarlı təchizat bazasının formalaşdırılmasına imkan verəcək. Statistikaya müraciət etsək, bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, işğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları yataqları yerləşir. İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ, Şahbulaq, Boyəhmədli və digər yataqlardadır. Həmçinin iri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovda yerləşir. Zəngin iqtisadi potensiala malik olan bu ərazilərimiz gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına böyük töhfələr vermək imkanındadırlar.

Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamlara xüsusi diqqət yönəldi. Qeyd etdi ki, vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı yox, bizim su resurslarımızı da işğal etmişdir. Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində biz öz su mənbələrimizə tam sahib olmuşuq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları bizim ümumi su resurslarımızın 25 faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi odur ki, bunlar daxili mənbələr hesabına formalaşan su resurslarıdır. Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su veriləcək. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı olmuşdur. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi nəzərdə tutulur. Yeni əkin sahələrinin həcmi 100 min hektara yaxın olacaq. Nəzərə alsaq ki, Azərbaycanda suvarılan əkin sahələrinin həcmi o qədər böyük deyil, bu layihələrin xüsusi əhəmiyyəti var.

Azərbaycanın   öz gücünə,  imkanlarına arxalanan dövlət olduğunu  vurğulayan cənab İlham Əliyev onu da qeyd etdi ki,  Qarabağda və Şərqi Zəngəzurda görülən  genişmiqyaslı işlərin dünyada misli-bərabəri yoxdur: “Həm yaşayış evləri, infrastruktur layihələri, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanları – cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, hökumətimizin və dövlətimizin iradəsini göstərir.” Dövlət başçısı İlham Əliyev, həmçinin bu reallığı da xüsusi qeyd etdi ki, dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu layihələrin icrası da tam təmin ediləcək.

Gülər Kərimova,

YAP Şabran rayon təşkilatının məsləhətçisi

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla