AZ

Uşaqların tərbiyəsində qızıl QAYDALAR: “Valideyn sevgisini hiss etməlidir”

İnsanın sosial mühitdə davranışını tənzimləyən ən əhəmiyyətli faktorlardan biri məhz onun tərbiyəsidir. Tərbiyə uşaqlıqda verilən, sonrakı illərdə isə şəxsin öz tərəfindən təkmilləşdirilən prosesdir. Düzgün tərbiyənin hələ erkən yaşlarından verilməsi, uşağın gələcək həyatında özünü şəxsiyyət kimi formalaşdırmağında müstəsna rola malikdir.

 

Bəs, görəsən uşaqlara tərbiyənin verilməsi üçün müəyyən edilmiş ideal yaş dövrü varmı?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu Səbinə Cəbrayılova vurğulayıb ki, Tərbiyə üçün xüsusi vaxt qeyd olunmur: “Tərbiyə valideynlər tərəfindən müəyyənləşdirilmiş qanunların icrasıdır. Valideynlər çalışmalıdır ki, bu qanunlar dəyişməz qalsın. Əgər təyin olunan qanunlarda tez-tez dəyişiklik olarsa, yaxud da valideynlər özləri bu qanunlara əməl etmirsə, uşaqlar da bu qanunları ciddi qəbul etməyəcək”.

 

Psixoloq qeyd edib ki, iməkləməyə başlayan körpə artıq tərbiyə olunmağa hazırdır: “İməkləyən körpə öz hərəkətlərini idarə etməyi bacarır, istədiyini götürür, istəmədiyini isə uzaqlaşdırır. Tərbiyə üçün əsas şərtlərdən biri körpənin fiziki hazırlığıdır. Həmçinin uşaqda özgüvənin formalaşmasında valideynə qarşı olan inam mühüm rol oynayır. Güvən hissi körpə doğulduğu andan böyüklərin (əsasən də ananın) davranışına əsasən formalaşmağa başlayır. Xüsusilə də, körpəni ilk on ayda haldan düşənədək ağlamağa qoymaq olmaz. Məhz bu dövrdə uşağın ətrafdakı insanlara qarşı inamı formalaşır. Körpə ağladığı zaman qayğı hissetdiyi insanlara güvənir. Uşaq, böyüklərin ona qarşı olan sevgisinə əmin olmalıdır. Valideynin sevgisini hiss etməyən uşağın tərbiyələndirilməsi prosesi mənfi nəticələr verə bilər".

 

S.Cəbrayılova vurğulayıb ki, valideynin sevgisindən əmin olan uşağı tərbiyə etmək daha rahatdır: “Uşağı tərbiyə etmək üçün onun inanıb etimad etdiyi şəxs daha münasibdir. Uşaq valideyn məhəbbətini dadmalıdır ki, bu, məhəbbəti itirməkdən qorxsun. Tərbiyə zamanı elə üsullardan istifadə etmək lazımdır ki, proses oyun kimi maraqlı olsun. Oyunun davamı üçün qanunlara əməl etmək lazımdır. Elə ki, uşağın qanuna itaətsizlik göstərdiyinin fərqinə vardıq, oyun dərhal dayanır. Körpələr qanunauyğun oyunları xoşlayırlar. Bu onu göstərir ki, onlar qanunları sevirlər.  Uşaq üçün nəzərdə tutulmuş qayda-qanunların başqa faydaları da var. Uşaqlar bu üsulla öz hərəkətləri ilə ətrafdakı cism və hadisələr arasındakı əlaqəni əvvəlcədən proqnozlaşdırmağı öyrənirlər. Əgər körpə qarşıda nə baş verəcəyini təxmin etməyi bacarırsa, qorxu və həyəcandan uzaq olur.  Çünki qorxu və iztirab qəfil hadisələrdən yaranır”.

 

Psixoloq valideynlərə məsləhət verib. O, bildirilib ki, çalışın övladınızın ən sevdiyi şəxs siz olasınız: “Körpəlik vaxtı ehtiyacları ödənmiş, başqalarına və sizə etimad göstərmiş uşaq sizin narazılığınıza biganə qalmayacaq, özünü düzəltməyə çalışacaq. Uşaqla dostcasına, səmimi qurulan münasibətin başqa faydaları da var. Azyaşlı uşaqlar başqalarını təqlid etməyə çalışırlar. Buna görə deyilir ki, “Uşaq evin güzgüsüdür”.

 

Sizdən “təşəkkür edirəm”, “üzrlü say” kimi nəzakətli sözlər eşitməyən körpə, çətin ki, özünü ifadə zamanı bu kimi anlayışlardan istifadə edə. Əgər uşaq həyatda düzgün yol seçərsə, sizin onu tərifləməyiniz övladınızı daha da ruhlandıracaqdır. Əgər övladınız sizi sevirsə, sizin rəftarınız onun üçün ideala çevriləcəkdir. Bu rəftar onun davranışında öz əksini tapacaq”.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla