AZ

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Famil

Bakı, 19 aprel, AZƏRTAC

"Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim".

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət "Abşeron" komandasının baş məşqçisi Famil Ağayev ölkə çempionatında finala vəsiqə qazanmaları barədə danışarkən deyib.

Mütəxəssis ilk görüşdə qalib gəlməklərinə baxmayaraq, cavab oyununda rəqibin güclü təzyiqi ilə üzləşdiklərini bildirib: "Mövsüm ərzində də "Murov Az Terminal"a qarşı keçirdiyimiz oyunlar gərgin keçirdi. İlk matçda qələbə qazansaq da, bilirdik ki, hələ heç nə bitməyib. Birinci setdə qalib gəldik və ikinci hissəni də udmağa yaxın idik. Təəssüf ki, sonda "qızıl set"ə qaldıq. Oyunçularımla fəxr edirəm. Məhz onların meydanda sonadək mübarizəsi nəticəsində finala vəsiqə qazandıq".

F. Ağayev finalda qarşılaşacaqları "Azərreyl"lə oyun barədə də fikirlərini bölüşüb: "Bu komanda mənə doğmadır. Məşqçilik karyerama "dəmiryolçular"da başlamışam. Düzdür, onlara qarşı rəqib kimi meydana çıxacağıq, ancaq "Azərreyl"ə hörmətim böyükdür. Meydanda güclü olan tərəf Azərbaycan çempionluğunu yaşayacaq".

Qeyd edək ki, "Azərreyl" - "Abşeron" arasında baş tutacaq final qarşılaşması aprelin 23-də keçiriləcək.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla