AZ

"Deyirlər ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan?" - Millət vəkilindən müxalifətə

“Rusiya sülhməramlılarının dinc formada Azərbaycandan çıxarılması bütövlükdə Cənubi Qafqaz tarixində yeni mərhələ deməkdir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

 

"Amma maraqlıdır ki, Rus bazalarını Ermənistandan çıxarmaq üçün dəridən qabıqdan çıxan kollektiv Qərb, sülhməramlıların Azərbaycandan getməsindən məmnun görünmədi və hətta Vaşinqton buna görə Rusiyanı “etibarsız müttəfiq” adlandırdı. Görünən odur ki, bunlar bəzi təcrübələrə əsaslanıb sülhməramlı məsələsinə Bakı və Moskva arasında potensial böhran kimi baxırmış. Lakin cənab İlham Əliyev vaxtından əvvəl bu məsələni kökündən həll etməklə göstərdi ki, Azərbaycan sözün əsl mənasında suveren, qüdrətli bir dövlətdir və Azərbaycan dövlətini digər dövlətlərlə, Azərbaycan Prezidentini digər liderlərlə müqayisə etmək olmaz. Təbii ki, Qərbi cari ssenari qane etmir və ona görə də özünə bağlı proksi ünsürləri, o cümlədən Azərbaycan daxilində “Milli Şura” adlanan antimilli marionet dərnəyi aktivləşdirməkdədir və planlaşdırılan “mitinq şousu” də məhz bu proseslərin tərkib hissəsidir. Yaxşı, aydındır ki, qanunsuz aksiya çağırışları Qərbin sifarişidir, amma axı sən Azərbaycan vətəndaşısan, insanları küçəyə çıxarıb nə tələb edəcəksən? Cəsarətin çatır, get Avropa İttifaqına, ABŞ yaxud Fransa etiraz et, edə bilmirsən axı”, - millət vəkili bildirib. 


Deputat vurğulayıb ki, əxlaqlı siyasətçi şəxsiyyətini qranta satmamalıdır:

 

“Əslində təəccüblü deyil, çünki son 100 ildə, nəinki ona həvalə edilmiş vəzifə öhdəlikləri, hətta evini ailəsini atıb qaçan fərari siyasətçilər görmüşük. Amma təəssüf ki, hələ də onları öz adları ilə çağırmırıq və nəticədə də onlar tipdə psevdo siyasilər durmadan artır. Hamısı da süni nəfəs cihazından asılı olan xəstə kimi internetdən asılı formada bitkisəl həyat sürdürür. Şəbəkəni ayırsan, elə oradaca siyasi meyitə dönəcək. Bir çölə çıxın, hava dəysin sizə, qərbin təhkim etdiyi at gözlüyünü çıxarın, bu inkişafı, bu reallığı gözünüzlə görün, Rusiya sülhməramlılarının Azərbaycanı sakit şəkildə tərk etməsindən qıcıqlanan bu manqurtlar indi yeni tezis tapıblar ki, rus hərbçilərini ilk dəfə biz çıxarmışıq. Hara çıxarmısan, bəs Qəbələdə 2012-ci ilə qədərki hərbi baza kimin idi? Ümumiyyətlə, Rusiya sizi ciddi qəbul edirdimi? Sadəcə o vaxt Rusiyanın özündə anarxiya hökm sürürdü və çıxarılan yox, çıxan hərbçilər də burada xidmət etmək istəməyənlər idi. Guya, çıxardınız, nə etdiz? Onlardan aldığınız silahlarla da gedib vətəndaş müharibəsi başlatdınız, Gəncəni bombaladınız, yaxud Milli Məclisi atəşə tutdunuz. Yəni Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması 90-cı illərdə rus hərbçilərin bir qisminin Azərbaycandan çıxmasına bənzəmir. Cənab İlham Əliyev Qəbələdəki hərbi bazanı da, Qarabağdakı sülhməramlıları da Rusiyanın ən qüdrətli dövründə ölkədən çıxardı. Üstəlik çoxəsirlik əlaqələrimizə xələl gətirmədən. Bu mənada əminliklə deyə bilərik ki, sülhməramlıların çıxarılması nə qədər böyük tarixi hadisədirsə, bu prosesi Rusiya ilə münasibətlərinə xələl gətirmədən reallaşdıra bilmək də elə bir o qədər ciddi siyasi uğurdur və beynəlxalq arenada da bir daha başa düşdülər ki, bu regionda İlham Əliyev miqyası ilə hesablaşmaq zərurətdir”.

 


Firuzə Əliyeva

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla