AZ

Sülhməramlıların gedişindən sonra hansı təhlükələr qalır? – “Hər şeyə hazır olmalıyıq”

“Müəyyən təhlükələr hələ də qalmaqdadır, yəni hər şeyə hazır olmalıyıq”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiya sülhməramlı kontingentinin vaxtından öncə Qarabağı tərk etməsinin Rusiyanın zəifləməsi ilə əlaqələndirilən iddialara münasibətini bildirən politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, kontingentin vaxtından öncə Qarabağı tərk etməsi çox da gözlənilməz deyildi.

“Rusiya Federasiyası Prezidenti Vladimir Putin bunun siqnallarını ötən il Bişkekdə keçirilən sammitdə verib. Eyni zamanda açıq şəkildə rus kontingentinin qalmasının formal xarakter daşıdığını qeyd edib. Çünki nə Qarabağda erməni qalıb, nə də qarşı duran tərəf var. Buna baxmayaraq Rusiyanın müəyyən addımlarını nəzərə alaraq bəhanə ilə bölgədə qalmağa cəhd göstərəcəklərini düşünürdük”, – deyə o bildirib.

A.Səmədov qeyd edib ki, sülhməramlıların gedişini Kremlin zəifləməsi kimi qələmə vermək doğru olmaz:

“Çünki Rusiya hələ ki, Ukraynada uğurlu əməliyyatlar aparır. Əlavə olaraq Qərbin Ukraynaya yardımlarının da get-gedə azaldığını da nəzərə almaq lazımdır. Həmçinin Rusiya da müəyyən reallıqları dərk etdi. Anladı ki, qonşu dövlətlərdə hərbi güc vasitəsilə nüfuzu qorumaq düzgün strategiya deyil.

Rusiya sülhməramlılarının Qarabağı tərk etməsinin əsas səbəbləri yəqin ki, yaxın aylarda aydın olacaq. Bu barədə müəyyən açıqlamaların verilməsi də gözləniləndir. Müəyyən təhlükələr hələ də qalmaqdadır, yəni hər şeyə hazır olmalıyıq. Kontingentin gediş səbəbinin nə olmasından asılı olmayaraq, Azərbaycanın daha bir uğur qazandığını qəbul etmək lazımdır”.

Nəsimi Ələsgərli

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla