AZ

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

“World

Bakı, 19 aprel, AZƏRTAC

Qərbi Afrikanı iqlim dəyişməsinin səbəb olduğu görünməmiş istilər bürüyüb.

AZƏRTAC “World Weather Attribution” (WWA) qrupunun məlumatına əsasən xəbər verir ki, martın sonunda və aprelin əvvəlində Selsi üzrə 40 dərəcədən yüksək (104°F) ölümcül istilər Qərbi Afrikanın bir çox ölkəsini bürüyüb. Sahil, Mali və Burkina-Faso regionunda temperatur göstəriciləri o qədər yüksək olub ki, bu vəziyyəti 200 ildən bir baş verən hadisə ilə müqayisə etmək olar.

WWA-nın iqlimşünasları hesab edirlər ki, qlobal iqlim dəyişməsi ekstremal istilərin yaranmasında əsas rol oynayıb. Onlar ehtimal edirlər ki, yüksək gündüz və gecə temperaturları uzunmüddətli kömür, neft və qaz istifadəsi, eləcə də meşəsizləşdirmə kimi digər amillərsiz mümkün olmazdı. Beləliklə, antropogen amili temperaturun normadan artıq 1,4 dərəcə yüksəlməsinə səbəb olub. Bu, qitə sakinlərinin müşahidə etdiyi ən güclü istilərdir.

Malinin paytaxtı Bamakoda yerləşən “Gabriel Ture” xəstəxanası aprelin ilk günlərində 102 ölüm halı barədə xəbər verir. Ölənlərin təxminən yarısı 60 yaşdan yuxarı olan insanlardır.

WWA-nın qiymətləndirmələrinə görə, dəqiq məlumatın olmamasına baxmayaraq, istilərlə bağlı yüzlərlə, ola bilsin ki, minlərlə ölüm hadisəsi baş verib. Alimlər xəbərdarlıq ediblər ki, planetin istiləşməsinə səbəb olan tullantıların azaldılması üzrə genişmiqyaslı qlobal səylər göstərilməzsə, bu cür ekstremal istilər daha çox yayılacaq.

“İndiki trayektoriya ilə qazıntı yanacağı tullantıları azalmazsa, biz bu cür istilik dalğalarının ola bilsin ki, 10 dəfə daha tez-tez, yəni potensial olaraq, ildə 20 dəfəyədək müşahidə olunacağını gözləyirik”, - deyə alimlər qeyd edirlər.

Artan təhlükəni nəzərə alaraq, Qrup ölkələrə vətəndaşları ekstremal temperaturların yaxınlaşması barədə xəbərdar edəcək və sağlamlıq üçün həddindən artıq istinin zərərli nəticələrinin qarşısının alınması üzrə tövsiyələri təklif edən hərəkət planlarını formalaşdırmağı tövsiyə edir.

Seçilən
112
2
Mənbələr
Şərh ()
Bağla