AZ

Neymarın PSJ-dəki qeyri-adi macəraları

Neymar və PSJ futboldakı ən dramatik tarixçələrdən biridi.

“Football-plus.az” xəbər verir ki, Paris nəhəngi bu transfer üçün nəhəng para (222 milyon avro) xərcləmişdi, ancaq braziliyalı bunu yalnız media planında doğrultdu. Yaşıl meydanla bağlı gözləntilər isə hədsiz çox idi. Neymar PSJ-ni ötən yay tərk etdi, özü də sakit şəkildə. Dava-dalaş, qalmaqal törətmədi, PSJ-nin onun üçün xərclədiyi pulun böyük hissəsini qaytarmasına (“Əl-Hilal” 180 milyon ödədi) şərait yaratdı. Belə düşünmək olardı ki, ayrıldılar və hər şeyi unutdular. Ancaq yox! Fransanın məşhur “L`Equipe” nəşri “Neymar. Enişin anatomiyası” adlı böyük yazı hazırlayıb. Və həmin yazıda braziliyalı ulduzun Fransa paytaxtındakı birmənalı olmayan həyatı ilə bağlı çoxlu maraqlı insaydlar yer alıb.
Neymar məşqlərə sərxoş halda gəlirmiş.

222 milyon avroya (hələ də dünya futbolunun transfer rekordudu) transfer olunan braziliyalıdan çox şey gözlənilirdi. “L`Equipe”ə danışan qaynağın sözlərinə görə, komandada hər kəs bu səviyyəli ulduzun keçidinə görə yaxşı mənada şoka düşüb. Düzdü, onda 10 nömrəli formanı daşıyan Xavyer Pastore ilə çox məzələniblər. O mənada ki, “10 nömrə” ilə vidalaşmağın qaçılmazdı. Klubun əməkdaşlarından biri danışır ki, Neymar ilk məşqlərin birində yıxılanda “bütün baza nəfəsini içinə çəkib”. Bu, braziliyalının PSJ-dəki son ili ilə güclü təzad təşkil edir. “L`Equipe”in yazdığına görə, forvard, demək olar ki, məşq etmirmiş, məşqlərə gecə məclislərinin ardından, bəzən hətta sərxoş vəziyyətdə qatılırmış. Bütün bunlar komandanın liderlərini qıcıqlandırıb. Parislilərin sabiq liderlərindən biri hətta adı çəkilən nəşrə etiraf edib ki, hər kəs Neymarın özü və komanda üçün yaratdığı obraza görə narahat imiş. Maraqlıdı ki, hücumçu məclisləri əsasən evində təşkil edirmiş – jurnalistlər belə hesab edir ki, hər şey pandemiyadan sonra başlayıb.

Hər halda, Neymar peşəkarlıq payını da saxlayırmış. Tomas Tuxelin korpusunda yer alan məşqçilərdən biri xatırlayır ki, braziliyalı sağlıq durumuna diqqətli yanaşıb – onun həkimlər komandası (fizioterapevtlər və osteopat) və ən müasir avadanlıqları olub. Onun personalı daim klub və yığma ilə əlaqə saxlayıb, bu məsələdə ulduza irad tutmaq çətin imiş.

Kollektivin zülmət üzü
Neymar çətin adamdı – bu hər kəsə məlumdu. Ancaq “L`Equipe” onun xarakterlinin nə qədər çətin olduğunu anladır. Məsələn, braziliyalı bir dəfə Kristof Qaltyenin köməkçilərindən biri ilə sözləşib, qəzəblənib, oyundaşlarının üstünə cumub və tualetdə ağlayıb.
Bir müddət sonra məşqdə Ney 19 yaşlı İsmael Qarbi ilə yola getməyib, iki dəfə onu vurub, özü də bir dəfə yerdə olarkən. Komanda braziliyalının belə davranışından şoka düşüb. Neymarın yalnız Messi ilə münasibətləri həmişə yaxşı olub. Məşqlərin birində Hakimi ilə Messi arasında münaqişə baş verərkən hətta az qala mərakeşli ilə tutaşacaqmış. Toqquşmanın qarşısını Serxio Ramos alıb. “Qalxsan, mən gələcəm” – ispaniyalı Hakimiyə belə deyib. İnsaydlara inansaq, müdafiəçi dəfələrlə komanda yoldaşlarını sakitləşdirməli olub.

Vitinyanın başı daha çox bəla çəkib. Neymar nədənsə portuqaliyalı yarımmüdafiəçini xoşlamayıb, daim ona müxtəlif adlar qoyub. Qəzetə danışan mənbə deyir ki, portuqaliyalı belə halları inkar edib, ona görə ki, yaxşı oğlandı, problem yaranmasını istəmir, ancaq dəfələrlə təhqir olunub. Neymarın gənc futbolçulara hücumları Mbappeni qıcıqlandırıb.

Neymar və Mbappe – sevgidən nifrətə qədər
Komanda yoldaşları kimi, Kilian Mbappe də əvvəlcə braziliyalı ulduzun keçidinə sevinib. Ancaq yetərincə tez dəyişib. Klubda çalışanlardan biri deyir: “Kilian braziliyalı ilə gündəlik ünsiyyətdən sonra ona olan hörmət hissini itirib”. Bundan başqa, Neymarın həyat tərzi də Kilianı qıcıqlandırıb – gecə məslisləri, qeyri-ciddilik,

peşəkarlıqdan uzaq olmaq...
Messi kimi, Neymar da Kilianı çox sevməyib. PSJ-dəki son mövsümdə hər ikisi rəhbərliyin Mbappeyə “açarı verməsindən” qıcıqlanıb. Lionel narazılığını göstərməyibsə, braziliyalının taktikası başqa olub. Klubdakı elə həmin qaynağın fikirləri:
“Messi hətta səni xoşlama da, salamlaşır. Ancaq Neymar yox. Onun sənə hörmət etmədiyi dərhal hiss olunur. Braziliyalı təmasdan qaçırdı. Bu biabırçılıqdı, çünki deyilənə görə, o təklikdə xeyirxah və səxavətlidi. Mən ondan heç vaxt xoş sifət və ya isti münasibət görmədim. Fransızca anlasa da, bu dildə danışmağa çalışmırdı”.


Braziliyalı Luis Enrikeyə qarşı
Məlum olduğu kimi, ötən il ulduzlarla yaşanan qalmaqallardan sonra klub strategiyanı dəyişməyə qərar verdi – daha komandada heç kim PSJ-dən yüksəkdə dayana bilməz. Bu qayda Neymara da aid idi. Luis Enrike “sükan arxasına” keçəndən dərhal sonra braziliyalıdan imtina edərək bildirdi ki, onun köməyinə ehtiyac duymur. Hərçənd klub baş məşqçidən onu Asiyadakı mövsümöncəsi turneyə aparmağı xahiş edirdi ki, satmaq asan olsun.

Klub əməkdaşlarından birinin yuxarıda adı çəkilən nəşrə dedikləri:
“İki-üç yaxşı mövsümdən sonra belə təəssürat yarandı ki, Neyar futboldan və puldan bezib. O daha əvvəlki qədər ac deyildi. Neymar hələ də Braziliya yığmasının şərəfini qorumaq üçün motivasiyalıydı, ancaq Brestə yollanmağa həvəsli deyildi”.


Neymarla PSJ-nin birgəlik tarixçəsi həqiqətən kədərlidi. Ancaq Fransa nəşrinin yazısı göstərir ki, hər şey düşünüldüyündən daha pis imiş. Vaxtilə Parisə əsas ulduz kimi təşrif buyuran braziliyalı burdan yaramaz kimi ayrıldı. Bax, həqiqətən də eniş budu!
Seçilən
58
26
Mənbələr
Şərh ()
Bağla