AZ

NATO ölkələri Ukrayna ilə bağlı razılığa gəldi

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiəni gücləndirməyə kömək etməyə razılaşıblar.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna-NATO Şurasının yekunlarına dair mətbuat konfransında məlumat verib.

 

Baş katibin sözlərinə görə, Şuranın iclasında iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqləri döyüş meydanındakı vəziyyət və Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyin zəruriliyi barədə məlumatlandırıb.

 

“NATO-nun müdafiə nazirləri hava hücumundan müdafiəni gücləndirmək də daxil olmaqla, daha çox hərbi dəstək verməyə razılaşıblar. NATO Alyans daxilində mövcud imkanların siyahısını hazırlayıb və buna görə də mən hava hücumundan müdafiə sistemləri ilə bağlı yeni açıqlamalar gözləyirəm. Bunlar yaxın gələcəkdə Ukraynanın müdafiə qabiliyyətini artıracaq”, - deyə Stoltenberq bildirib.

 

O, Almaniyanın əlavə “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya ötürmək qərarını alqışlayıb. Baş katibin qeyd etdiyi kimi, müttəfiqlər “Patriot”la yanaşı, SAMP-T zenit-raket kompleksini də ötürə bilərlər.

 

Mövcud sistemləri olmayan bir çox müttəfiqlər onları Ukrayna üçün əldə etmək məqsədilə maliyyə dəstəyi verməyi təklif ediblər.

 

“Biz təkcə hava hücumundan müdafiəni müzakirə etmədik. Müdafiə nazirləri, həmçinin Ukraynanın digər ehtiyaclarını, o cümlədən 155 mm-lik mərmilər, uzaq mənzilli imkanlar və dronları müzakirə ediblər. Hər bir NATO müttəfiqi nə təmin edəcəyinə özü qərar verəcək. Bir sıra müttəfiqlər görüş zamanı konkret öhdəliklər götürüblər və indi töhfələri yekunlaşdırırlar. Mən gözləyirəm ki, bu, tezliklə elan olunacaq", - deyə baş katib əlavə edib.

 

Xatırladaq ki, Rusiya işğalçılarının Ukraynaya raket və dron hücumlarını intensivləşdirməsindən sonra Prezident Volodimir Zelenski Kiyevin Ukrayna-NATO Şurasının iclasını çağıracağını açıqlamışdı.

Seçilən
145
50
Mənbələr
Şərh ()
Bağla