AZ

"Vəkillik sahəsində aparılan islahatlarla biz daha böyük inkişafa nail olacağıq" - MÜSAHİBƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, vəkil Muxtar Mustafayevin e-huquq.az-a müsahibəsi:

- Muxtar müəllim, ilk növbədə sizi 60 illik yubileyiniz münasibətilə təbrik edir, can sağlığı və fəaliyyətinizdə uğurlar arzu edirik. Bilmək istərdik, 60 illik ömrünüzün neçə ilini vəkillik peşəsinə həsr etmisiniz?

- Təşəkkür edirəm! Mən 1987-ci ildən hüquq sahəsində çalışıram. 1991-ci ilədək Gəncə Cihazqayırma Zavodunun Hüquq şöbəsinin rəhbəri olmuşam. 1991-ci ildə “Ədalət” hüquq firmasını təsis etdim. 1993-1997-ci illərdə Bakı Şəhər Prokurorluğunda şöbə prokuroru olmuşam. Lakin öz xahişimlə oradakı işimdən ayrıldım. Bir müddət “Ədalət” hüquq firmasında fəaliyyətimi davam etdirmişəm. 2005-ci ildən isə Vəkillər Kollegiyasının üzvüyəm. Həmçinin 3-cü çağırışdır ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüyəm. Mənim fəaliyyətimin əsas istiqaməti kommersiya hüququ ilə bağlı olan məsələlərdir. Lakin iqtisadi xarakterli cinayət işlərinin istintaqı ilə də məşğul olmuşam.

- Vəkil kimi çıxdığınız işlərdə qarşı tərəfin hər hansı təzyiq və təhdidləri ilə qarşılaşdığınız hallar olubmu?

- Düzünü desəm, vəkil kimi qarşı tərəfin təzyiq və təhdidləri ilə heç vaxt rastlaşmamışam. Mən işlərə çıxarkən həmişə əsaslandırılmış iddialar və tələblərlə iştirak edirəm. Məhkəmədə şifahi dinləmələrə üstünlük verməyi sevmirəm. Daha çox yazılı icraata üstünlük verirəm. Çünki hesab edirəm ki, konkret sübutları ortaya qoymaq lazımdır, hakim sübutlara baxıb qiymət verəcək. Fəaliyyətim boyunca elə şərait yaratmamışam ki, mənə təzyiq olunsun. Mən qaydasız döyüş aparmağın tərəfdarı deyiləm.

- Azərbaycan vəkilliyinin hazırkı vəziyyətini necə qiymətləndirirsiz? Vəkillik sahəsində kifayət qədər təcrübəniz var, əvvəlki illərlə müqayisədə hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Son illərdə ölkəmizdə vəkillik institutu inkişaf edib. Əvvəlki dövrlərlə müqayisədə çox böyük irəliləyiş var. Dövlət tərəfindən vəkillik peşəsinə böyük diqqət göstərilir. Ölkə başçısı tərəfindən vəkilliyin inkişafı ilə bağlı dəfələrlə sərəncamlar, fərmanlar verilib. Azərbaycanda “Vəkil günü” peşə bayramı təsis edilib. Başqa ölkələrdə isə vəkillərin peşə bayramı günü yoxdur. Bu gün məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanları ilə Vəkillər Kollegiyası arasında sıx əməkdaşlıq mövcuddur. Səmərəli əməkdaşlıq bu sahənin inkişafına töhfə verir. Ölkəmizdə vəkillik fəaliyyəti müstəqil hüquqi təsisatdır. Bəzi ölkələrlə müqayisədə bizim qanunvericiliyimiz vəkilə daha geniş səlahiyyət verir. Hesab edirəm ki, vəkillik sahəsində aparılan islahatlarla biz daha böyük inkişafa nail olacağıq.

- Sizcə, gələcəkdə bu sahənin inkişafı üçün daha hansı addımlar atılmalıdır?

- Bu gün vəkillərin ixtisaslaşmasına böyük ehtiyac var. Çünki hesab edirəm ki, ixtisaslaşma olduqda müvafiq sahə üzrə daha peşəkar hüquqi yardım göstərilə bilər. Bildiyiniz kimi, Kollegiyanın nəzdində biznes hüququ sahəsində ixtisaslaşan təcrübəli vəkillərdən ibarət Biznes Hüququ Komitəsi fəaliyyət göstərir. Bu Komitə çox ciddi işlərlə məşğuldur.

- Bu gün gənc hüquqşünaslar arasında da vəkilliyə maraq böyükdür. Maraqlıdır, siz gənc vəkillərin bilik səviyyəsindən razısınızmı?

- Gənc vəkillər arasında çox təcrübəli hüquqşünaslar var. Amma təhsilin keyfiyyəti ilə ciddi məşğul olmaq lazımdır. Peşəkar vəkillərin yetişməsi üçün ixtisaslaşma kursları olmalıdır. Vəkillər Kollegiyası bu istiqamətdə çalışır. Gənclərin məhkəmə təcrübəsini öyrənməsi üçün lazımi addımlar atmağa çalışırıq.

- Vəkilliyə yeni başlayanlara tövsiyələriniz nələrdir, bu sahədə uğurlu olmaq üçün mühüm olan məqam nədir?

- Tövsiyə edərdim ki, vəkillərimiz nəzəri biliklərlə yanaşı, təcrübi biliklərini də artırsınlar. Daha öncə də qeyd etdiyim kimi, vəkillərin ixtisaslaşması vacibdir. Bu gün hüququn bir sıra çox sahələri üzrə ixtisaslaşmış vəkillərə ehtiyac var. Bir vəkilin bütün sahələri bilməsi mümkün deyil. Odur ki, ixtisaslaşmaya önəm versinlər. Bununla bağlı gələcəkdə Vəkillər Kollegiyası tərəfindən master-klasslar keçirilməlidir. Mən də daxil olmaqla, digər təcrübəli vəkillər ixtisaslaşdığı sahə üzrə təcrübələrini bölüşməlidirlər. Buna həqiqətən də ehtiyac var.

- Muxtar müəllim, sizcə, bu gün vəkilləri narahat edən edən əsas problemlər hansılardır?

- Bu gün məhkəmələrdə işlərə sürətlə baxılması ilə bağlı müəyyən problemlər var. Həmçinin “Elektron məhkəmə” informasiya sistemində də müəyyən problemlər mövcuddur ki, bu sistemin də təkmilləşdirilməsinə ehtiyac var. Bundan başqa, cinayət işləri üzrə işə daxil olmaq məsələsində olan problemlər bizi narahat edir. Cəzaçəkmə müəssisəsində görüş üçün istintaq orqanından, yaxud da penitensiar xidmətdən gərək icazə alasan. Vəkil adı reyestrdə olan şəxsdir, o, orderini təqdim edib müdafiə etdiyi şəxslə görüşməlidir. Həmçinin dövlət hesabına hüquqi yardıma görə vəkillərə ödənilən vəsaitin az olması da bizi narahat edir. Hesab edirik ki, bu məbləğ artırılmalıdır. Vəkilliyə qəbul üçün tələb olunan 3 illik stajın aşağı endirilməsi, stajor vəkilin fəaliyyətinə icazə verilməsi də əsas məsələlərdəndir. Bu gün vəkil köməkçisini özümlə cəzçəkmə müəssisəsinə apara bilmirəm. Bununla bağlı normativ aktlara dəyişiklik edilməlidir. Vəkil köməkçisi təcrübəni harada öyrənəcək? Kollegiya vəkil köməkçilərinin statusunun artırılması ilə bağlı ciddi tədbirlər görür. Onların vəsiqəsini sədr şəxsən imzalayır. Fikrimcə, bəzi bürokratik məsələlər aradan qaldırılmalıdır. Stajor vəkillərin sadə mülki işlərdə iştirakına icazə verilməlidir.

- Bir çox hallarda vəkillər vətəndaşların onlara göstərilən hüquqi yardıma görə ödəniş etmək istəməməsindən, daha çox pulsuz hüquqi məsləhətlər almağa çalışmasından narazılıq edirlər. Sizin bu barədə fikirləriniz necədir? Sizə də belə müraciətlər çox olur?

- Vəkil də cəmiyyətin bir parçasıdır. Vəkillər Kollegiyasının rəhbərliyi şəhid ailələri, aztəminatlı şəxslər, dini qurumlar, ictimai birliklərə pulsuz hüquqi yardımın göstərilməsini bizə tövsiyə edir. Biz buna riayət edir, heç bir ödəniş tələb etmədən əhalinin həssas təbəqəsinə pulsuz hüquqi yardım göstəririk. Şəhid ailələrinə xüsusilə diqqətlə yanaşırıq. Onlar torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edib. Bu, bizim borcumuzdur. Bəzən vətəndaşların da pulsuz hüquqi yardımla bağlı müraciətləri olur. Mən bu müraciətlərin cavabsız qaldığını görməmişəm. Kollegiya tərəfindən regionlarda prabona əsaslarla hüquqi xidmətin göstərilməsi ilə bağlı tədbirlər keçirilir. Lakin təəssüf ki, bizdə hüquq işinin dəyərinin ödənilməsi ilə bağlı mədəniyyət çox aşağı səviyyədədir. Bir də görürsən, kimsə bir milyonluq əqd bağlayır. Amma deyəndə ki, bu əqdi bağlayanda yanlışlıqlara yol verilib, bu adam dələduzdur və səni aldatmaq istəyir, inanmır. Hüquq təhsili olmayan vətəndaş necə bilsin ki, bu əqdi bağladıqdan sonra gələcəkdə hansı problemlərlə rastlaşa bilər, məhkəmə təcrübəsi nədir. Azərbaycanda insanlar aldandıqdan sonra vəkilə müraciət edir. Lakin sən əvvəlcədən vəkilə müraciət etsəydin, bu hal yaşanmazdı. Çünki vəkil əqdi yoxlayaraq və təftiş edərək riskləri maksimum səviyyədə azalda bilər. Cəmiyyətdə hüquq mədəniyyətini artırmaq lazımdır. İnsan başa düşməlidir ki, hər hansı müəssisəni təsis edəndə, əqd bağlamaq istəyəndə, vəsiyyətnamə yazarkən hüquqi məsləhət almalıdır. Çünki insanlar vəkilə pul ödəmək istəmir. Həkimə gedib deyə bilərsənmi ki, kitabdan oxumuşam, özüm özümü əməliyyat edəcəm? Hüquq sahəsində də eyni şeydir. Bu gün bizdə nikah müqaviləsi imzalanmır. Bu da cəmiyyətin hüquqi savadının azlığından qaynaqlanır.

- Son olaraq, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını necə qiymətləndirirsiniz? Hazırki durum vəkil kimi sizi qane edirmi?

- İslahatların aparılması çox yaxşıdır, amma kifayətlənmək olmaz. Çünki bu sahədəki vəziyyət tam qane etmir. Lakin dinamika və istəyin olması çox sevindiricidir. Ali Məhkəmə rəhbərliyində, Ədliyyə Nazirliyində yeni rəhbər şəxslərin təyin edilmıəsi gələcəyə ümidlə baxmağa imkan verir. Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsi fornalaşdırılır ki, bu da çox müsbət haldır.

Şəbnəm Mehdizadə

Seçilən
58
1
Mənbələr
Şərh ()
Bağla