AZ

Azərbaycanda İstehsalın idxalı üstələdiyi sahə

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerli istehsal idxalı 28 faiz həcmində üstələyib. Adətən insanlar daha çox xarici mebel almağa üstünlük verirdilər. Lakin yerli istehsal artıbsa, deməli, bu məhsullara tələbat artıb. Bəs mebel seçimindəki bu dəyişikliyin səbəbi nədir?

“İdxaldan asılılığı azaltmağa çalışırıq”

Mebel istehsalçısı İslam Əhədov bildirdi ki, bu sahədə müştərilərin iki profil üzrə tələbatları mövcuddur: “Birinci kateqoriya keyfiyyətli məhsul istehsal etməkdir. İkinci kateqoriya isə keyfiyyəti digər məhsullardan nisbətən zəif olan mallardır. Çalışırıq mebel sənayesi üzrə inkişaf edək. Bu baxımdan keyfiyyətli məhsul istehsalı, həmçinin idxal məhsullarından asılılığın daha da azaldılması üçün müəyyən işlərin görülməsinə ehtiyac var. İxracdan əlavə, məqsədimiz Azərbaycanda yerli məhsul istehsalını o dərəcəyə çatdırmaqdır ki, ölkəmizin bu sahədə idxaldan asılılığı maksimum dərəcədə azalsın. İxracla bağlı heç bir problemimiz yoxdur”.

Qiymətə təsir edən səbəblər

İ.Əhədovun sözlərinə görə, bu sahədə ən ehtiyac duyulan innovativ dəzgahlardır: “Hansı ki, bu avadanlıqlar vasitəsilə daha keyfiyyətli və müasir üslubda mebellərin hazırlanması mümkündür. Onların xaricdən gətirilməsi böyük xərc tələb edir. Bizdə həmin dəzgahların 70 faizi mövcuddur. Amma hər il müxtəlif tədbirlərdə iştirak edərkən görürük ki, bu cihazlar ildən ilə yenilənir, bazara daha yeniləri və keyfiyyətliləri daxil olur. Həmin dəzgahların əldə olunmasına ehtiyac var”.

Müsahibimizin fikrincə, mebel istehsalını və ixracını inkişaf etdirmək üçün hər iki sahədə istehsalçılara güzəştlər olmalıdır: “Bu sahə üzrə inkişaf etmiş şirkətlərin yaradılmasına ehtiyac var. Hansı ki, onlar daha böyükdür və keyfiyyətə daha çox önəm verirlər. Həmçinin müştərilərin istəklərini daha tez yerinə yetirirlər. Digər tərəfdən, mebel istehsalçılarının iş şəraitinin yaxşılaşdırılması kimi məsələlərə də toxunulmalıdır. Həmçinin materialların qiymətlərinin ucuzlaşdırılmasına ehtiyac var. Nə qədər yerli istehsal mövcud olsa da, xaricdən bəzi avadanlıqlar, məmulatlar, xammal ləvazimatları, aksesuarlar gətirilir. Onların gömrük rüsumu ilə bağlı müəyyən işlər görülərsə, bu, istehsala çox ciddi təsir edər. İstehsalçıların daha çox şikayətləndiyi məsələlərdən biri budur. Qeyd edim ki, mebellərin qiyməti sırf bu xərclərə bağlı olaraq dəyişir”.

Seçilən
82
9
Mənbələr
Şərh ()
Bağla