AZ

Vaşinqton beynəlxalq hüquq normalarına qarşı...

Ağ Evin “bloklama” əməliyyatı

Fələstinə “qırmızı işıq” yandırmaq ABŞ-a nə verəcək?

Gözlənildiyi kimi, ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) veto hüququndan istifadə edərək Fələstinin təşkilata tamhüquqlu üzv qəbul edilməsi ilə bağlı Əlcəzairin qətnamə layihəsini bloklayıb. Qeyd edək ki, Təhlükəsizlik Şurasının 12 üzvü sənədin lehinə səs verib, Rusiya, Çin, İsveçrə və Böyük Britaniya bitərəf qalıb, ABŞ isə qətnamə layihəsinə qarşı çıxıb. Fələstin hazırda BMT-də daimi müşahidəçi statusuna malikdir.

Vurğulayaq ki, ABŞ-ın belə bir addım atacağı əvvəlcədən bəlli idi - ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi brifinqdə ölkəsinin BMT Təhlükəsizlik Şurasının Fələstinin təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu ilə bağlı qətnamə layihəsinə qarşı çıxacağı ilə fikirlərini bildirmişdi. Bununla belə, Patel ABŞ-ın Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllinə sadiq olduğunu təsdiqləmişdi: “BMT-yə üzv olmaq Fələstinin dövlətçilik əldə etməsinə yardımçı olmayacaq”

Vaşinqton öz maraqlarının “axtarışındadır”

Qeyd edildiyi kimi, qətnamə layihəsi Əlcəzair tərəfindən hazırlanıb. Sənəddə Baş Assambleyaya Fələstinə hazırkı müşahidəçi statusu əvəzinə, BMT-nin tamhüquqlu üzvü statusunun verilməsi ilə bağlı tövsiyələr əks olunub. ABŞ-ın bu məsələdə tutduğu mövqe isə birmənalı qarşılanmır. Hətta bu addım Vaşinqtonun Yaxın Orta Şərqdə sabitliyin bərqərar olmasına maneə kimi dəyərləndirilir. ABŞ-ın bu kimi qeyri-adekvat addımları son dövrlərdə daha tez-tez müşahidə edilir - bir sıra siyasi ekspertlər bu addımları qlobal sabitliyə yaranan ən böyük əngəl kimi qiymətləndirirlər. Xüsusilə, Ağ Evin Şərq məsələsində tutduğu ziddiyyətli mövqe onun bəyan etdiyi məqsədlərlə uzlaşmır. Özünü beynəlxalq hüququn qorunmasına “cavabdeh” elan etmiş ABŞ bu kimi addımlarla beynəlxulq hüququ tanımaq istəmədiyini açıq şəkildə ortaya qoyur. Nəzərə alsaq ki, BMT dünyada baş verən münaqişə və problemlərin həlli ilə bağlı öhdəlik daşıdığı üçün, Fələstinin quruma üzvlüyünün müşahidəçsi statusdan tamhüquqlu üzvə keçməsini arzulanır. Bu isə, böyük ölçüdə regionda sabitliyin formalaşmasına kömək edəcək kimi görünür. Vaşinqton isə özünün maraqlarının “axtarışındadır” - ABŞ bu kimi addımlarla beynəlxalq statusa malik konvensiya və hüquqi aktları belə tanımaq istəmir. Eyni zamanda, bu mövqe ABŞ-ın münaqişələrin davamlı hal alması, güclənməsi üçün “cəhdlər göstərməsi” kimi iddiaları növbəti dəfə təsdiqləyir. 

Qeyd edək ki, ABŞ-ın bu mövqeyi hətta onun müttəfiqləri tərəfindən də bəyənilmir. Məsələn, İspaniya dövləti Fələstinin BMT-nin tamhüquqlu üzvü olması üçün çalışacağını bəyan edib. Bu barədə fikirlərini səsləndirən İspaniya Baş naziri Pedro Sançez bildirib - qeyd edək ki, daha əvvəl Sançez Avropa İttifaqı (Aİ) turuna çıxaraq Fələstin dövlətinin tanınması üçün Norveç, İrlandiya, Portuqaliya, Sloveniya və Belçikanın baş nazirləri ilə görüşəcəyini bildirmişdi. İspaniya, İrlandiya, Malta və Sloveniya ötən ayın sonunda birgə bəyanat yayaraq, müsbət töhfə verərsə və şərtlər uyğun olarsa Fələstin dövlətini tanımağa hazır olduqlarını bildiriblər.

ABŞ konfliktin qalmasında maraqlıdır 

ABŞ-ın bu ziddiyyətli mövqeyi ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, Vaşinqtonun xarici siyasət vektorları bu dövlətin daxili siyasətinin əsasları ilə formalaşır. Yəni, daxili siyasəti müəyyənləşdirən siyasi qruplar nəticə etibarı ilə ABŞ-ın xarici siyasət kursunu, istiqamətini müəyyən edir: “Bu gün üçün ABŞ-ın daxili mühitində Yaxın Şərqdə, konkret Qəzzada baş verənlərlə bağlı əksəriyyət birmənalı mövqeyə malikdir - ABŞ daxili siyasi qrupları Qəzzada baş verən proseslərdə İsraili günahlandırır. Ən azından ümumi sayılan yanaşma və ya görüntü belədir ki, Fələstin burada əziyyət çəkən tərəfdir və proseslər tezliklə dayanmalıdır. Hətta xatırlayaq ki, bir müddət öncə BMT TŞ-dan səslənən “Qəzzada İsrail addımlarını təcili dayandırmalıdır” təşəbbüsünün müəllifi də məhz ABŞ idi. Amma məsələ Fələstinin BMT-nin tamhüquqlu üzvü olmasına gələndə ABŞ-ın fikri tamam fərqli aspektlərdə üzə çıxdı. Bu baxımdan, səslənən qərarın daxili siyasi qrupların diqtəsi ilə müəyyən edilməsini düşünmək düzgün olmaz. Çünki daxili siyasi qrupların ümumi görünən mövqeyi Yaxın Şərqdə sülh və stabilliyin ancaq Fələstinin dövlət olması şərti ilə xilas olunacağına işarə edir”.

Y.Hacıyeva bildirib ki, bu mərhələdə maraqlı bir görüntünün şahidi oluruq: Fələstinin dövlət olmaq imkanlarının əleyhinə həm ABŞ, həm də İran çıxış edir. O cümlədən HƏMAS bu məsələnin müzakirəsi ilə bağlı fərqli düşüncələrdə olduğunu səsləndirir. “Baxmayaraq ki, ABŞ Yaxın Şərq regionunda sülhün və stabilliyin bərqərar olmasında maraqlı olduğunu iddia edir, amma fərqli mövqe göstərir - konfliktdən narazı olan ABŞ konfliktin başa çatması üçün həyata keçririləcək əsas şərtin əleyhinədir. Nəticə etibarı ilə, bu o deməkdir ki, ABŞ bütün regionlarda olduğu kimi resurslarla bol Yaxın Şərq regionunda da konfliktin stasionar formada qalmasında daha maraqlıdır. Çünki bu yolla həm regiona, həm hər iki dövlətə, hətta Fələstini dəstəkləyən ölkələrə belə uzunmüddətli təsir imkanlarını qoruyur. ABŞ müzakirələr anlamında əldə etdiyi bu təsir imkanlarını özündə saxlamaq istəyir”, - deyə politoloq əlavə edib. 

P.İSMAYILOV 

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla