AZ

Şahin Xiyavlı: İran vətəndaş cəmiyyətinə beynəlxalq dəstək müəyyən icmalarla məhdudlaşmamalıdır

Hüquq müdafiəçisi Şahin Xiyavlı Amerikanın Səsi ilə söhbətdə bu yaxınlarda Avropa Parlamentində İranda insan haqları və vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı təşkil olunan iclas haqqında danışıb.

Aprel ayının ikinci həftəsində Avropa Parlamentində Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun İranla əlaqələr nümayəndəlik və İnsan Haqları üzrə alt komitə ilə birlikdə təşkil etdiyi iclasda Avropa İttifaqının İranda vətəndaş cəmiyyətinə dəstəyinin gələcək perspektivləri müzakirə olunub.

İclasa qatılan hüquq müdafiəçisi Şahin Xiyavlı hesab edir ki, artıq Avropa İttifaqının İran vətəndaş cəmiyyətinə dəstəyinin yalnız ölkənin müəyyən bir kəsimini deyil, bütün icmaları əhatə etməsinin vacibliyini anlayanlar var.

“Mən oradakı çıxışımda xüsusilə İranın müasir tarixində Azərbaycanın ictimai-siyasi mövqeyini anlatmağa çalışdım ki, Azərbaycan İranda baş verən bütün hərəkatların mərkəzində olub. Hətta bu son etirazlarda Azərbaycan göstərdi ki, hərəkətə keçdiyi zaman İranda mövcud hakimiyyətə ciddi meydan oxuya bilər”, Xiyavlı bildirib.

İclasda 2022-ci ildə baş qaldıran geniş etirazlar fonunda İran vətəndaş cəmiyyətində həmrəylik mövzusu ələ alınıb.

Hüquq müdafiəçisi iclasda İranın müxtəlif etnik icmaları və dini azlıqlarına dəstəyin əhəmiyyəti haqqında danışdığını bildirib: “Çalışdım orada yenidən bunu vurğulayım ki, müəyyən qruplara təmin edilən bu qədər imkanın bir qismi Azərbaycanda və ya digər qeyri-fars bölgələrdəki hərəkatlara getsə və onlarla dialoqa girilsə fərqli bir nəticə əldə edilə bilər”.

Xiyavlının sözlərinə görə, Avropa İttifaqında artıq bunu başa düşürlər ki, İran vətəndaş cəmiyyətinə dəstək yalnız İranın müəyyən bir kəsimini deyil, bütün icmalarını əhatə etməlidir.

Hüquq müdafiəçisi müsahibədə həmçinin Birləşmiş Millətlər Təşkilatının İranda 2022-ci ilin etirazları ilə bağlı təşkil etdiyi fakt-araşdırma missiyası və İranda insan haqları üzrə xüsusi məruzəçisinin vəzifə müddətinin uzadılması haqqında danışıb.

visiontv.az



Seçilən
71
Mənbələr
Şərh ()
Bağla