AZ

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

“BakuOperArt”

Bakı, 20 aprel, Tatyana İvanayeva, AZƏRTAC

Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin anadan olmasının 225-ci ildönümünə həsr olunmuş “Sərhədsiz Puşkin” konserti olacaq.

AZƏRTAC xəbər verir ki, konsertin təşkilatçısı “BakuOperArt” layihəsinin musiqi rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, pianoçu Yuliya Kərimovadır. Onun sözlərinə görə, 2016-cı ildən fəaliyyət göstərən layihənin əsas məqsədi Azərbaycanda opera və kamera vokal musiqisini populyarlaşdırmaqdır.

Təşkilatçı əlavə edib: “Biz konsert proqramını xüsusi olaraq iki bölmədə tərtib etdik ki, Aleksandr Sergeyeviçin şeirləri əsasında hazırlanmış məşhur musiqi əsərləri nadir hallarda ifa olunanlarla əvəzlənsin. Onlardan bəziləri Bakıda ilk dəfə səsləndiriləcək”.

Musiqi layihəsi Azərbaycan və Rusiyadan olan vokalçıları birləşdirəcək. Səhnəyə Azərbaycanın əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərov (kontrtenor) çıxacaqlar.

Konsertdə xüsusi qonaq qismində beynəlxalq müsabiqələrin laureatı - Moskva, Sankt-Peterburq, Yekaterinburq, Samara, Nijni Novqorod şəhərlərinin ən yaxşı konsert məkanlarında çıxış edən L.V.Sobinov adına mükafatın laureatı Aleksandr Suxanov (bariton) iştirak edəcək. O, həmçinin Avstriya, Böyük Britaniya, İspaniya, İtaliya, Çin, Latviya, Rumıniya, İsveçrə, İsveç, Fransa və Çexiyada uğurlu qastrol səfərlərində olub.

Yuliya Kərimovanın sözlərinə görə, konsert iştirakçılarının beynəlxalq tərkibi Puşkinin həqiqətən əbədiyaşar şair olduğunu bir daha təsdiqləyir. Konsertdə romanslarla yanaşı, iki gənc qeyri-peşəkar oxucunun ifasında Aleksandr Sergeyeviçin poetik əsərləri səslənəcək.

Konsert proqramında Sergey Raxmaninovun “Aleko”, Mixail Qlinkanın “Ruslan və Lyudmila” və Pyotr Çaykovskinin “Yevgeni Onegin” operalarından parçalar səsləndiriləcək.

“Bu operaların mətnləri Puşkinə məxsusdur, ona görə də layihənin əsas ideyası onun şeirlərini, sözlərini eşitməkdir. Biz ictimaiyyət üçün musiqili sürpriz hazırlamışıq. Üç bəstəkarın hər birində Puşkinin sətirlərinin necə ahəngdar səsləndiyini nümayiş etdirəcək “Oxuma, qarşımda, gözəl” romansını üç bəstəkarın əsərlərində təqdim edəcəyik. Bu seçimlərin bəzi xüsusiyyətlərini izləmək maraqlı olacaq. Dinləyicilər isə özü üçün ən yaxınını seçə biləcək...”, -deyə Yuliya Kərimova diqqətə çatdırıb.

Rus və Azərbaycan bəstəkarlarının kamera və vokal əsərlərində böyük klassikin poeziyasının müxtəlif səslər palitrası ilə təqdim olunacağı ədəbi-musiqili gecənin sirli ab-havası, şübhəsiz ki, dinləyicilər qarşısında sənətkarın ən incə təcrübə və hisslərini oyadacaq.

Yuliya Kərimova bildirib: “Puşkinin poeziyasında çoxlu Şərq çalarları var. Biz rus şairinin ictimaiyyətin musiqidə eşidəcəyi bu xüsusiyyətini xüsusilə vurğuladıq. Proqrama İsmayıl Hacıbəyovun, Qara Qarayevin və Ədilə Hüseynzadənin poetik və musiqili əsərlərini harmonik şəkildə birləşdirən heyrətamiz zəngin nömrələri daxil etmişik ki, bu da sənətin böyüklüyünün həmişə zamandan və onun hüdudlarından kənarda olduğunun daha bir təsdiqidir”.

Konsert proqramına, həmçinin Aleksandr Darqomıjski, Nikolay Rimski-Korsakov, Aleksandr Borodin, Modest Mussorgski, Miliya Balakirev, Aleksandr Qlazunov, Sergey Raxmaninovun əsərləri daxil edilib.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla