AZ

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Naxçıvan, 20 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikanın (NMR) iqtisadiyyatının inkişafında və sosial-mədəni həyatında əsaslı dönüş mərhələsi Ümummilli Liderin adı ilə bağlıdır. Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qədim Azərbaycan torpağı olan Naxçıvan qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilib. Naxçıvanın sənayeləşdirilməsi ilə 1969-1987-ci illər ərzində 21 iri sənaye müəssisəsi istifadəyə verilib, bir neçə sənaye müəssisəsi əsaslı şəkildə yenidən qurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Muxtar Respublikanın 100 illik yubileyi ilə əlaqədar NMR-nın İqtisadiyyat Nazirliyində keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, NMR iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları, tələbələr iştirak ediblər.

Vurğulanıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Naxçıvanda genişmiqyaslı tədbirlər davam etdirilir, sistemli quruculuq işləri, o cümlədən mühüm infrastruktur layihələri icra olunur, yeni müəssisələr və iş yerləri açılır. Naxçıvanın iqtisadi potensialından səmərəli istifadə biznes mühitinin daha da təkmilləşdirilməsinin əsas prioritetlərindəndir. Blokada şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, son illərdə Naxçıvanda istehsalın diversifikasiyası, ixracın artması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində önəmli işlər görülür. Muxtar Respublikada istehsal olunan qida sənayesi, tikinti və mebel məhsulları 10-dan çox ölkəyə ixrac edilir.

Sonda tədbir iştirakçıları Naxçıvanın müxtəlif tarixi mərhələlərini əks etdirən foto-sərgi ilə tanış olublar.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla