AZ

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib

Moskva, 20 aprel, AZƏRTAC

Moskvada Dövlət Şərq İncəsənəti Muzeyində XX əsrin əvvəlinin azərbaycanlı sənayeçi və xeyriyyəçisi, Rusiya imperiyasının dövlət müşaviri Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, gecənin açılışında çıxış edən Şərq İncəsənəti Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov bəşər tarixində himayədarlıq və xeyriyyəçiliyin həmişə nəcib əməl kimi qiymətləndirildiyini qeyd edib. O vurğulayıb ki, belə insanların xidmətləri gələcək nəsillərə örnəkdir. “Bu gün biz belə bir insanın - 100 il əvvəl dünyasını dəyişmiş Hacı Zeynalabdin Tağıyevin xatirəsini anırıq”, - deyə A.Sedov bildirib.

Kardioloq, tibb elmləri doktoru, professor Mehman Məmmədov azərbaycanlıların yaddaşında dərin iz qoymuş Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətindən danışıb. O, sənayeçi və mesenatın çoxşaxəli xeyriyyəçilik və maarifçilik fəaliyyəti ilə tanındığını vurğulayıb. Zeynalabdin Tağıyev perspektivli tələbələrin Avropanın nüfuzlu universitetlərində təhsilini maliyyələşdirib. Onların bəziləri Şərqdə ilk demokratik dövlətin yaradıcısı olublar.

Professor Mehman Məmmədov bakılı milyonçunun həyat və fəaliyyətindən bəhs edən “Əsrlərboyu davam edən nəciblik” kitabının təqdimatını da keçirib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Zaur Paşayev tədbirin təşkilatçılarına səfir Polad Bülbüloğlunun təşəkkür sözlərini çatdırıb. Diplomat qeyd edib ki, Zeynalabdin Tağıyevin əziz xatirəsi Azərbaycanda ehtiramla yad edilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Bakıda xeyriyyəçinin abidəsinin açılışı olub. Diplomat vurğulayıb: “Bu gün Azərbaycanda xeyriyyəçilik fəaliyyətinin layiqli davamçısı Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Fondun əsas fəaliyyəti insanlara yardım göstərmək, Azərbaycanın tarixini və mədəniyyətini təbliğ etməkdir”.

Şərq İncəsənəti Muzeyinin direktor müavini İlya Zaitsev Hacı Zeynalabdin Tağıyevin Rusiya imperiyasındakı rolundan danışıb. Natiq deyib: “O, Rusiya imperiyasının inkişafına təsir edən bir adam idi. Zeynalabdin Tağıyev təkcə azərbaycanlıların, müsəlmanların deyil, digər millətlərin və dinlərin nümayəndələrinin də qayğısına qalırdı. O, müxtəlif xalqların nümayəndələrinə təhsil almaq imkanı verib. Mesenatın fəaliyyəti xüsusən də Şimali Qafqaz xalqlarının maariflənməsinə yönəlmişdi”.

Gecəyə onlayn rejimdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı qoşulub. Böyük xeyriyyəçi haqqında mühazirələri general Balakişi Ərəblinskinin nəslindən olan professor Andrey Ərəblinski, jurnalist Azər Cahangirov, keşiş, Moskva Linqvistik Universitetinin ilahiyyat kafedrasının dosenti Dimitri Safonov və başqaları oxuyublar.

Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədov Şərq İncəsənəti Muzeyinə “Xarıbülbül” əsərini hədiyyə edib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
89
2
Mənbələr
Şərh ()
Bağla