AZ

"Neftçi"də İsveç nağılı...

"Neftçi"nin idman direktoru Yens Andersson 7 aylıq sükutu, nəhayət, pozdu.

Media əhlinin önünə çıxan isveçli funksioner hesabatfason bir şey vermiş oldu.

Uzun müddət çəkən sorğu-sualdan sonra məlum oldu ki, onun bir məqsədi var - burada maksimum daha çox gün keçirmək.

Baş aldadan, bəhanələr dolu fikirləri bu qənaətə gəlməyə əsas verir.

7 ay bir yox, bir neçə igidin ömrüdür.

Amma əcnəbi mütəxəssisin fikirlərindən belə başa düşüldü ki, hələ dünən gəlib.

Yəni onun hesab-kitabı ilə onun üçün 7 ay 1 günə bərabərdir. Nələrisə dəyişmək üçün hələ neçə-neçə 7 ayları arxada qoymaq lazımdır.

Amma özü də bilmədən özünü ifşa edib.

Sitat: "Bütün görülən işlər gələcəyə hesablanıb. Uzunmüddətli nəticələr üçün qısamüddətli işlər də görmək lazımdır. Təbii ki, uzunmüddətli və qısamüddətli uğurların balansını tapmağa çalışırıq. Böyük klublardan gözləntilər böyük olur. Bu müddət ərzində uğur əldə etməsəm, buradakı işim də çox davam etməyəcək. Bunu anlayıram. Təbii ki, komandanı sıfırdan yeniləmək, minimum 3 transfer pəncərəsi tələb edir. Futbolda asan yollar yoxdur. Bəzən irəliyə iki addım atmaq üçün geriyə bir addım atılmalıdır. Biz də bunu edirik".

Öz aləmində guya söz oyunu oynamağa çalışıb. Amma həmin oyunun içində özünün çirkin planlarını ifşa etmiş olub.

Bəli, böyük işlər üçün uzunmüddətli zaman lazımdır. Amma bunun işartılarını ilk gündən vermək də şərtdir. Axı sən ortaya iynə ucu qədər müsbət iş qoymalısan ki, ictimaiyyətdə də inam yaransın ki, həmin iynə ucu qədər iş gələcəkdə böyüyüb olacaq fil.

Baxın, avropalı işbazın "uzunmüddətli nəticələr üçün qısamüddətli işlər görmək lazımdır" fikrindəki qısamüddətli iş məhz bizim yuxarıda qeyd etdiyimiz iynə ucu qədər işıqdır.

Sadəcə təcrübəli işbaz incə nöqtəni bəzəkli fikirlə təqdim edib, iz itirir.

Bizə gələcəklə bağlı nağıllar lazım deyil.

Mətbuat önünə çıxmısansa, bax, həmin qısa müddətli (arxada qalan 7 aylıq dönəm) dövrdə nələr etdiyindən danış.

"Neftçi" sevərləri inandır, ümid ver ki, qısa müddətdə flan, flan müsbət addımlar atılıb. Flan,flan kiçik uğurlar əldə edilib. Yəni gələcəyə getdiyimiz tuneldə işıq görsənir.

Hamı da həmin tuneldə sizə uğur arzulasın.

Amma sizin baş vurduğunuz yolda zülmətdən başqa bir şey yoxdur.

Özünüz də gözünüzü yumub, ağzınızı açıb, nağıllar danışa-danışa həmin qaranlıq tüneldə addımlayırsız.

Harda qırılar-qırılar təfəkkürü ilə.

Bugünkü "Neftçi"də bu təfəkkürdə olan adamlar çoxdur. Elə yaxın keçmişdə də az olmayıb.

Sizi gətirməkdə məqsəd həmin düşüncəni dəyişmək idi.

Görünür, elə siz də o düşüncədə birisiniz, ya da arxada qalan 7 ayda onlara oxşamağı bacarmısınız. Həm də ən üst səviyyədə.

XANOĞLAN İMANOV

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla