AZ

Revanşistlər razılaşmalara etiraz etsə də...

Hakimiyyət Tavuş vilayətində vəziyyəti sakitləşdirməyə çalışır

Azərbaycanın Qazax rayonunun 4 kəndinin geri qaytarılması ilə bağlı əldə edilən razılıqdan sonra Ermənistandakı revanşist qüvvələr hakimiyyətə qarşı etirazlar təşkil edir. Revanşistlər bu razılaşmanı həzm edə bilmir və Paşinyan hakimiyyətini “qorxaqlıqda” və “satqınlıqda” ittiham edirlər. Etiraz aksiyaları tərəflər arazında razılaşmanın əldə edildiyini gündən başlayıb. Belə ki, aprelin 19-da gecə saatlarında gərginlik pik həddə çatıb,  Tavuşda bir qrup yerli sakin Bağanis-Kirants kəndləri ərazisində Ermənistan-Gürcüstan dövlətlərarası yolunu bağlayıb. Müxalifətin və revanşist qüvvələrin təhriki ilə yolu bağlayanlar Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının görüşünün nəticələrinə və işğal altındakı 4 kəndin Azərbaycana qaytarılmasına etirazlarını bildiriblər. Etirazçılar baş nazir Nikol Paşinyan və müavini Mqer Qriqoryanla görüş tələb ediblər.

Aprelin 20-də səhər saatlarında isə Tavuş sakinlərinin etiraz məqsədilə bağladıqları Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolu açılıb. Etirazçılara söz verilib ki, növbəti gün  Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan şəxsən onlarla görüşəcək. Lakin buna baxmayaraq, etirazlar tam səngiməyib, müxtəlif ərazilərdə aksiyalar davam edib.

Bu səbəbdən də, Ermənistan baş nazirinin müavini, dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın sədri Mher Qriqoryan bölgəyə səfər etməyib. Amma Tavuşun Azərbaycanla sərhədə yaxın kəndlərinin erməni sakinləri baş nazirin müavini Mher Qriqoryanla görüşü israrla tələb ediblər. Qriqoryanın Tavuşun Voskepar, Kirants, Bağanis kəndlərinin sakinlərilə görüşəcəyi, işğal altındakı 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsindən narahat olan insanlarla müzakirə aparacağı deyilsə də, vəziyyət dəyişib. Belə ki, baş nazirin müavini Tavuşda gözlənilən görüşü ləğv edib və İrəvanda sözügedən kəndlərin rəhbərləri ilə görüşməyə üstünlük verib.

M.Qriqoryan kənd nümayəndələrindən əvvəl ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinni qəbul edib. Görüşdə Ermənistan-Amerika ikitərəfli gündəliyinin məsələləri, həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası prosesində baş verən son hadisələr müzakirə olunub.

Bütün bunların fonunda bölgədə gərginlik yenidən artıb. Tavuş vilayətində kəndlərin Azərbaycana verilməsinə etiraz edən aksiya iştirakçıları M6 magistralının bir hissəsini yenidən bağlayıblar. Politoloq Suren Petrosyan Ermənistanın digər rayonlarının sakinlərini Tavuşdakı etiraz aksiyasına qoşulmağa çağırıb. Bu səbəbdən də, Tavuş rayonunun Kirants kəndinə xüsusi təyinatlı dəstə göndərilib. “Hraparak” xəbər portalı parlamentin “Ermənistan” fraksiyasının üzvü Qarnika Danielyana istinadən  məlumat verib: “Polis xüsusi təyinatlıları Kirantsa göndərilir. Onlar güc tətbiq etməyə hazırlaşırlar.

Hakimiyyətə etiraz edənlər arasında yenə də erməni keşişləri var. Revanşist olması ilə “fəxr edən” Tovuş vilayətinin  arxiyepiskopu Baqrat Qalstanyan “Bizi agent adlandırırlar. Amma bilmirəm nəyə görə. Axı biz mübarizə aparırıq və bu, bir həqiqətdir. İndiki hakimiyyət yalana, pula, şeytana xidmət edir, ora-bura pul göndərirlər. Əsəbləşməyin və məni qınamayın, bunlar camaatı ələ salırlar” deyə bildirib. “Düşünürlər ki, burada insanların vətəni yoxdur. Bu torpağı bizim saymayan bu insanlar meşələrimizdə ziyafət verirdilər. Əgər bu torpaq bizim deyildisə, bəs niyə gəlib bizim meşələrdə ziyafət verirdiniz?”,-deyə keşiş sual edib.

Etirazlara baxmayaraq, Ermənistan hökuməti qəbul edilmiş  qərarı pozmaq niyyətində görünmür. Artıq Tavuş vilayətində minatəmizləmə işlərinə başlanılıb. Erməni mediasının məlumatına görə, əraziyə 25 nəfərədək minaaxtaran cəlb olunub. Azərbaycanla sərhədin delimitasiyası çərçivəsində ərazilərin minalardan təmizlənməsinə başlanılan əraziyə polis əməkdaşları cəlb olunub. Voskepar kəndinin sakinləri ərazilərin minalardan təmizlənməsinin qarşısını almağa çalışıblar.

Baş nazir Nikol Paşinyan isə Ermənistanla Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının nəzdində daha bir işçi qrupu yaradıb.  İşçi qrupuna Ermənistan Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi və Kadastr Komitəsinin nümayəndələri daxildir. Qrupun işinin koordinasiyası Ermənistan Milli Təhlükəsizlik Xidmətinin departament direktoru David Sanamyana həvalə edilib.

Bundan əvvəl isə N.Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyası nəzdində işçi qrupu yaradılıb. 9 nəfərdən ibarət həmin işçi qrupuna Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan rəhbərlik edəcək.

NARDAR

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla