AZ

Vəziyyət dəyişdi - Tokayevdən ermənilərə “soyuq duş”

Aprelin 15-də Ermənistanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev İrəvanda qondarma erməni soyqırımı abidəsini (“Tsitsernakabert”) ziyarət etməyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Tokayev indiyə qədər demək olar bütün dövlət səfərləri zamanı məcburi olan “Tsitsernakabert”ə baş çəkməyib.

“Joqovurd” Qazaxıstan prezidentinin səfəri çərçivəsində qondarma abidəyə ziyarətinin niyə planlaşdırılmadığını öyrənmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə müraciət edib. Nəşr nazirlikdən Qazaxıstan liderinə İrəvandan belə bir təklifin olub-olmadığını, bəlkə özünün bundan imtina etdiyini öyrənməyə çalışıb.

Ermənistan XİN cavab verib ki, “Tsitsernakabert”i ziyarət rəsmi səfərlər protokoluna daxil deyil:

“Rəsmi səfərlər üçün müəyyən edilmiş protokol prosedurlarına uyğun olaraq, Qazaxıstan prezidentinin səfəri zamanı Ermənistan prezidenti, baş nazir və parlamentin sədri ilə görüşlər keçirilib. Rəsmi səfərlərin proqramı səfərin ümumi gündəliyi və müzakirə olunacaq məsələlərin spektri nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında tərtib edilir”.

“Joqovurd” qeyd edir ki, indiyədək yüksək rütbəli xarici dövlətlər və nümayəndə heyətlərinin rəsmi səfərlərinin gündəliyində “Tsitsernakabert”i ziyarət həmişə məcburi olub:

“Bu, tərəfdaşların razılaşdığı erməni tərəfinin məcburi tələbi idi. İndi vəziyyət dəyişib, “Tsitsernakabert”i ziyarət artıq məcburi deyil.

Ermənistan hakimiyyətinin “soyqırımı və qurbanları”nın sayı və özünü şübhə altına alan bəyanatlarını nəzərə alsaq, ehtimal etmək olar ki, “Tsitsernakabert” kompleksinə ziyarət onun təşəbbüsü ilə belə, artıq mərasim tələbi deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
35
Mənbələr
Şərh ()
Bağla