AZ

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Bağanis

Qazax, 23 aprel, Ruslan Novruzoğlu, AZƏRTAC

Bağanıs Ayrım Qazaxın işğal olunan ilk kəndidir. Ermənilər kəndi 1990-cı il martın 24-də işğal edib. Dörd gün bundan əvvəl daha bir xoş xəbər yayıldı. Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşmaya görə, işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana qaytarılacaq...

AZƏRTAC xəbər verir ki, Bağanıs Ayrım kəndinin sakinləri vaxtilə əkinçilik, heyvandarlıq və arıçılıqla məşğul olub. Yüz yaşlı Şəmil Adıgözəlov deyir ki, hazırda 90-dan çox arı ailəsi saxlayır və onları tezliklə ata-baba yurduna - Bağanıs Ayrıma aparacaq.

Şəmil dayı Bağanıs Ayrım kəndinin ən yaşlı sakinidir. O, aprelin 19-da əldə olunan razılaşmanın sevincini hər kəslə bölüşür. Əhd edib ki, kəndə dönəcəyi gün qurban kəsib paylayacaq.

Deyir ki, Bağanıs Ayrımdan çıxandan bəri su içmir. Yalnız çay içməklə kifayətlənir. Kəndə qayıdanda isə “şırşır” axan bulaqlarından doyunca su içəcək.

“Kəndimizin azad olunacağını eşidib çox sevindim. Kəndə getmək istəyirəm. Bağanıs Ayımda yaxşı günlər görmüşəm, gözəl yaşayışım olub. Dağ yeridir, elə bil cənnətdir. Prezidentimiz də sağ olsun ki, torpaqlarımızı geri qaytarır. Kəndə gedən kimi qurban kəsəcəyəm. Ora qayıdandan sonra, hələ 100 ildə yaşayacağam, ömrüm çox olacaq”, - deyə o bildirir.

Kəndlərinin geri qaytarılması xəbərini eşidən gündən Bağanıs Ayrım sakinləri sevinclərindən yerə-göyə sığmırlar. 34 illik işğala nəhayət son qoyulur, özü də bir güllə atılmadan. Bağanıs Ayrım Qazaxın ilk təcavüzə məruz qalan, işğal edilərək talan olunmuş, sakinləri qətlə yetirilmiş kəndidir. Ermənilər işğal zamanı Ramiz Adıgözəlovun həyat yoldaşını və 39 günlük körpəsini aman vermədən qətlə yetiriblər... “Aprelin 19-da hər yerdən mənə zəng gəldi ki, “Ramiz kişi, gözün aydın olsun, torpaqlarımız qayıtdı”. Sevincimdən bilmirdim nə edim. Nəhayət, kəndimə gedib, 34 ildir həsrət qaldığım balamın, həyat yoldaşımın qəbrini görəcəyəm”, - deyə Ramiz Adıgözəlov hisslərini dilə gətirir.

Bağanıs Ayrım kəndindən olan digər sakin Zərbəli Xasayev də erməni vəhşiliklərinin şahididir. Deyir ki, ermənilər həmişə Azərbaycan kəndləri sayəsində dolanıb, çörək pulu qazanıblar, amma sonradan naxələf çıxıblar.

“Kəndimizə qayıdan kimi ilk olaraq qəbiristanlığa gedəcəyəm. Ata-anamın, bacımın qəbri oradadır. Oradan ötrü çox darıxmışam. Burada hər cür şəraitimiz olsa da, kəndimiz bizim doğma yerimizdir, çox əzizdir, şirindir. Prezidentimizə təşəkkür edirəm ki, kəndimizi bir güllə belə atılmadan, döyüşsüz, itkisiz bizə qaytardı. 34 illik həsrətimizə son qoyuldu”, - deyə Zərbəli kişi bildirir.

Bəli, artıq sayılı günlər qalıb, 34 illik həsrətə son qoyulur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində qan tökülmədən 4 kənd geri qaytarılır. Bununla da illərdir üzləri gülməyən, torpaq nisgilli çəkən sakinlərin bu həsrəti də başa çatır.

Seçilən
137
49
Mənbələr
Şərh ()
Bağla