AZ

Rusiya mühüm sənəd ortaya qoyur: Ermənistan Azərbaycana yeni ərazilər verə bilər

Dünən Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Görüşdə bir çox mövzularla bağlı müzakirələrin aparıldığı bildirilir. Ötən həftə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasından sonra, görüşdə regionla, xüsusən Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı müzakirə edilməsi də ehtimallar arasındadır. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, iki ölkə rəhbərinin görüşü Ermənistan üçün ciddi narahatlıq yaradır:

“Yekun müzakirələr barədə məlumat verilmir, amma hər iki prezident elan etdi ki, Azərbaycan-Rusiya münasibətlərinin daha da yaxşılaşdırılması, iqtisadi sahədə yeni əməkdaşlıq, mal dövriyyəsinin artırılması və bu kimi məsələlərdə müsbət razılıqlar əldə olunub. Bunların içərisində təbii ki, Azərbaycan-Ermənistan münasibətləri birinci yerdə durur. Çünki keçən həftə, ayın 17-də iki ökə başçısının razılığı ilə Qarabağdakı sülhməramlı kontingent Azərbaycandan çıxarıldı. Bütün hallarda Ermənistan başa düşür ki, Rusiya Azərbaycanın dediyi sənədləri ortaya çıxarsa, birbaşa olaraq Ermənistan Göyçəni, Zəngəzuru və Dərələyəzi Azərbaycana verməlidir. Çünki Azərbaycan 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal olunanda onun ərazisi 114 min kvadrat kilometr idi. Bu ərazinin 20 mini kvadratkilometri məhz indiki Ermənistandadır. Bu xəritə ortaya çıxsa, Ermənistan dövlət yox, kiçik bir vilayət kimi qala bilər. Bu mənada danışıqlar bu müstəvidə gedib”. 

Politoloq Azərbaycanın yeni birliyə qoşula biləcəyini də diqqətə çatdırıb:

“Yəqin ki, Azərbaycanı yeni birlik gözləyir. Söhbət Avrasiya İqtisadi İttifaqından gedir. Azərbaycan bu ittifaqa qoşulsa çox yaxşı olar, çünki bizim qardaş türk dövlətləri də həmin ittifaqdadır. Bu ittifaqın imkanları MDB-dən daha böyükdür. Digər tərəfdən bu görüşdə Azərbaycan prezidenti Rusiya prezidenti Putinlə eyni səviyyədə görüş keçirdi. İndiyə qədər Rusiya adətən Azərbaycana subyekt kimi, yuxarıdan aşağı baxırdı. Artıq İlham Əliyev Azərbaycanı dünya siyasətində seçilən bir obyektə çevirə bilib və bu görüşdə biz bunu gördük. Rusiya kimi dövlətin Azərbaycana bu cür münasibəti onu göstərir ki, hazırda iki dövlət arasında münasibətlər çox yüksəkdir. Münasibətlərin bu dərəcədə yüksək səviyyədə olması təkcə Ermənistanı deyil, onun havadarlarını da ciddi dərəcədə təlaşlandırır”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
46
Mənbələr
Şərh ()
Bağla