AZ

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan

Bakı, 23 aprel, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.

AZƏRTAC Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla bildirir ki, görüş zamanı Azərbaycan və Çexiya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

Ötən il Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Ceyhun Bayramov, bu illər ərzində ölkələrimiz arasında inkişaf edən yüksək səviyyəli siyasi dialoqun, intensiv qarşılıqlı səfərlər və təmasların ikitərəfli, o cümlədən çoxtərəfli platformalarda birgə fəaliyyətə töhfə verdiyini bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, ticari, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar və digər sahələr üzrə strateji tərəfdaşlığın məmnunluq doğurduğu, bununla belə əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial və imkanlardan istifadə olunmasının zəruriliyi qeyd edilib.

Görüşdə, eyni zamanda, ölkəmizin COP29-a sədrliyi barədə ətraflı məlumat verilib, habelə iki ölkə arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib. Alternativ enerji sahəsində ölkəmizin prioritetləri, Avropa ölkələri ilə əməkdaşlıq planları diqqətə çatdırılıb, Çexiya ilə də əməkdaşlıq imkanlarının olduğu bildirilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa, yenidənqurma və minatəmizləmə işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Çex şirkətlərinin bərpa-quruculuq işlərində iştirakı üçün geniş potensial və maraq diqqətə çatdırılıb.

Regionda sülh və sabitliyin bərqərar edilməsi istiqamətində tarixi şəraitin mövcud olduğu, habelə ölkəmiz tərəfindən hazırkı imkanların dəyərləndirilməsi istiqamətində davamlı səylərin göstərildiyi bildirilib. Bu çərçivədə, delimitasiya komissiyasında əldə olunmuş razılığa əsasən Ermənistanın işğalı altında olan 4 kəndimizin qaytarılmasının əhəmiyyətli addım olduğu diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
38
1
Mənbələr
Şərh ()
Bağla