AZ

“Araz-Naxçıvan”ın böhranı davam edir – REPORTAJ

“Araz-Naxçıvan” uğursuzluq zolağından qurtulmaq, “Səbail” avrokuboklar uğrunda mübarizədə şansını qorumaq üçün çalışır.

Həmçinin Elmar Baxşıyev növbəti məğlubiyyəti yaşamamaq, Şahin Diniyev azarkeşlərinin könlünü almaq niyyətində idi.

İlk təhlükəli vəziyyəti “Araz-Naxçıvan” yaratdı. Maşike Kuzmanoviçin qapı önünə ötürməsini dəyərləndirə bilmədiyindən top Səlahətdə qaldı. Bir qədər sonra Maşike - Kuzmanoviç – Əliyev “üçlüy”ünün qurduğu hücum diqqəti çəkdi. Adilin topu meydandan çıxarması planları pozdu. Komandalar 20-ci dəqiqəyə qədər real qol vəziyyəti yaratmaqda çətinlik çəksə də, naxçıvanlılar daha fəal çıxış edirdi. Çox keçmədən “qırmızı-ağlar” növbəti dəfə hesabı açmağa yaxın oldu. Miçonun cərimə zərbəsindən göndərdiyi topu Zamiq “çərçivə”dən keçirə bilərdi. Məqsədə çatmağa qarışıqlıq və qeyri-dəqiqlik mane oldu. “Səbail”in ilk kəsərli hücum cəhdi isə 26-cı dəqiqəyə təsadüf etdi. Nuno Yusifin ötürməsindən sonra topu sol cinaha yönəltdi.Burda onu Rafael gözləyirdi ki, gənc yarımmüdafiəçi Pananı vaxtında gördü. Amma bu dəfə də nəticə gözləntiləri doğrultmadı. Nəticədə Avram portuqaliyalı oyunçunun başla zərbəsini dəf etdi. 31-ci dəqiqədə Kadiri qol şansından yararlanmaq istəyən Nunonun qarşısını kobud müdaxiləylə aldı. Tural Qurbanov cərimə meydançası daxilində başverənlərə biganə yanaşmayıb dərhal “nöqtə”ni göstərdi. Beləcə hesab açıldı. Qoldan sonra “dənizçilər” hegemonluğu ələ aldı. 37-ci dəqiqədə Nunonun uzaqdan zərbəsi qapı tirindən döndü.Bu epizodu birinci hissənin qeyd ediləsi sonuncu anı kimi qiymətləndirə bilərik. Hər halda, həmin ərəfədə “Səbail” hesabı qorumaqla hücuma keçmək arasında var-gəl edirdi. “Araz-Naxçıvan” isə pozuq oyun tərziylə rəqibə müqavimət göstərməkdə çətinlik çəkirdi.

İkinci hissədə də söz sahibi “Səbail” oldu. Qonaqlar ikinci qolu vurmaq üçün bir neçə hücum cəhdini boşa verməsinə baxmayaraq, istəyinə çatdı. Əvvəl Nunonun başla zərbəsi fayda vermədi. Axı portuqaliyalı Kadirinin topa müdaxilə edəcəyini düşündüyündən özünü bitirici zərbəyə hazırlamamışdı. Bu üzdən toxunuşu o qədər də qüvvətli olmadı. Orxanın ardıcıl iki fürsəti boşa verməsindən sonra “dənizçilər” Yusiflə fərqi artırdı. O, Nunonun ötürməsini asanlıqla qapıdan keçirdi. Alluşun zərbəsi bir qədər də dəqiq olsaydı, “Səbail” səfərdən 3 cavabsız qolla qayıda bilərdi! Amma 2:0 hesabı da qonaqları razı saldı. “Araz-Naxçıvan” isə böhrandan çıxış yolunu tapmalıdı.

Gözdən qaçmadı
* Şahin Diniyevin köməkçisi Fuad Əsədov 36-cı dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə “sarı” aldı.
* “Sektor 85” fanklubu tribunalara 12-ci dəqiqədə təşrif buyurdu.
* Təxminən 5 aydı zədə üzündən meydana çıxmayan Ağabala geri döndü. O, qoruyucu maska ilə çıxış etdi.

KƏNAN BAHADIR

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla