AZ

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

Professor

Tbilisi, 24 aprel, AZƏRTAC

Gürcüstanda və Azərbaycanda səhiyyə inkişaf edir. Hər iki ölkədə savadlı, bacarıqlı həkimlər var. İndi bizdə odlu-alovlu müharibədən keçmiş, ən qaynar nöqtələrdə belə yaralı əsgər və zabitlər, mülki şəxslər üzərində çox uğurlu cərrahiyyə əməliyyatları keçirmiş, neçə-neçə insana yeni həyat verən həkimlərimiz var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin, eləcə də Tbilisidəki Amerika Xəstəxanasının cərrahiyyə şöbələrinin müdiri cərrah, tibb elmləri doktoru, professor Merab Kiladze söyləyib. O deyib ki, dünyada ilk ürək əməliyyatı 1967-ci ildə Cənubi Afrikada həkim-cərrah Kristian Barnard tərəfindən həyata keçirilib. Uzun müddət dünyanın inkişaf etmiş ölkələrində, eləcə də bizim ölkələrimizdə ürək əməliyyatı keçirəcək həkimlər hazırlamaq lazım gəldi. Bunun üçün çox çətin və gərgin illər sərf olundu. “İndi fəxrlə deyə bilərik ki, bu gün Gürcüstanda və Azərbaycanda ürək əməliyyatlarını uğurla həyata keçirən güclü, bacarıqlı cərrah-həkimlərimiz var. Bizim həkimlərimiz tibbin bütün sahələrində uğurla əməkdaşlıq edirlər. Həkimlərimiz arasındakı uğurlu əməkdaşlıq hər iki ölkədə səhiyyənin inkişafı üçün yeni-yeni imkanlar açır. Gürcüstan və Azərbaycan artıq beynəlxalq səviyyədə təkcə siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin deyil, səhiyyə ilə bağlı tədbirlərin keçirilməsi üzrə də mərkəzə çevrilib”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, aprelin 25-27-də Bakı şəhərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya və Qaraciyər Araşdırmaları Assosiasiyalarının birgə təşkilatçılığı ilə XX Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi keçiriləcək. “Tədbirə Gürcüstandan da 20-yə yaxın həkim dəvət olunub. Mənim də bu konqresdə çıxışım nəzərdə tutulub. Düşünürəm ki, əvvəlki tədbirlər kimi, bu konqres də çox uğurlu keçəcək. Bu cür beynəlxalq tədbirlər Azərbaycanda səhiyyənin inkişafında mühüm rol oynayır. Eyni zamanda, bu cür konqreslər bizim əlaqələrimizi daha da genişləndirir və əməkdaşlığımızı gücləndirir”, – deyə Merab Kiladze vurğulayıb.

O deyib: “Mən əvvəllər də Bakıda belə beynəlxalq tədbirdə iştirak etmişəm. Ölkənizlə bağlı çox yaxşı təəssüratım, heç vaxt unudulmayacaq xatirələrim var. Azərbaycandakı dostlarımın əhatəsində olanda özümü öz vətənimdəki kimi hiss edirəm. İnanıram ki, bu səfərimiz də uğurlu olacaq”.

Qeyd edək ki, professor Merab Kiladze hazırda Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin cərrahiyyə kafedrasının və Tbilisidəki Amerika Xəstəxanasının Cərrahiyyə departamentinin müdiridir. Tibb elmi ilə bağlı 200-dən çox elmi məqalənin və 3 monoqrafiyanın müəllifidir. Avropa Endoskopik Cərrahiyyə Assosiasiyasının və Avropa Cərrahiyyə Cəmiyyətinin üzvü olan Merab Kiladze səmərəli əməyinə və tibb elminə verdiyi töhfələrə görə bir sıra orden və medallara, dövlət mükafatlarına layiq görülüb.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla