AZ

ABŞ Senatı da Ukraynaya yardımı təsdiqlədi – Bayden bu gün imzalayacaq


ABŞ Senatı Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi məqsədilə müsadirə edilməsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı qanun layihələri paketini təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, təşəbbüsü 79 senator dəstəkləyib, 18 qanunverici isə əleyhinə çıxıb.
Xatırladaq ki, aprelin 20-də sözügedən qanun layihələri Konqresin Nümayəndələr Palatasında təsdiqlənib. Paketin həcmi 95 milyard dollar təşkil edir, buraya Ukrayna üçün 61 milyard dollar, İsrail üçün 26 milyard dollar, həmçinin Qəzza zolağı da daxil olmaqla münaqişə zonalarında mülki insanlara humanitar yardım göstərmək üçün vəsait daxildir.
Qanun layihələri paketi, həmçinin İran və Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək və İran pilotsuz təyyarələrinin istehsalında istifadə edilən Amerika texnologiyalarının ixracını daha da məhdudlaşdıracaq. Layihə həm də İran neftinin ixracını məhdudlaşdıran tədbirləri ehtiva edir. Bundan əlavə, paketə ABŞ-də TikTok-a mümkün qadağa təşəbbüsü də daxildir. Qanunvericilər Çinin “ByteDance” şirkətinə sosial şəbəkəni satmaq üçün bir il vaxt verməyi təklif edirlər, əks halda “TikTok” ABŞ-də qadağan oluna bilər.
Senat tərəfindən təsdiqləndikdən sonra paket imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndəriləcək. Amerika lideri artıq onu imzalamağa söz verib.
Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ liderinin bəyanatında deyilir ki, Co Bayden Vaşinqtonun Kiyevə silah tədarükünü bu həftə bərpa edə bilməsi üçün aprelin 24-də qanun layihələri paketini imzalayacaq.
“Reuters” yazır ki, Bayden sənədi imzaladıqdan dərhal sonra Vaşinqton Kiyevə 1 milyard dollarlıq hərbi yardım paketi göndərəcək.
Seçilən
50
4
Mənbələr
Şərh ()
Bağla