AZ

Lautaro Martines: “İnter” bu ölçüyəgəlməz sevincə layiqdir”

“İnter”in hücumçusu Lautaro Martines A Seriyasının cari mövsümündə erkən qazanılmış İtaliya çempionluğundan danışıb.

Arena.az xatırladır ki, “İnter” İtaliya A Seriyasının 33-cü turunun “Milan”la səfər oyununda əzəli rəqibini 2:1 hesabı ilə məğlub etməklə, erkən surətdə İtaliya çempionu olub.

“Biz çox çalışdıq və əziyyət çəkdik. İndi bu ölçüyəgəlməz sevincə layiqik. Qələbəni bütün ailəmə və övladlarıma həsr edirəm – onlar həyatın mənə verdiyi ən gözəl məqamdır. Derbidə qalibiyyətə varmaq müstəsna imkandır və biz bundan yararlanmalı idik.
İkinci çempionluğum və “İnter”lə ikinci ulduz böyük şərəfdir. Bu qələbə azarkeşlər və işçilər üçündür, bu məqsəd üçün yüzə yaxın insan çalışıb.

Mən müqaviləmin müddətinin uzadılmasına ümidvaram, amma hələ də klubla razılaşmalıyıq, bu gün isə axşamdan həzz almaq istəyirəm”, deyə argentinalı futbolçu bildirib.

İtaliya mətbuatının yazdığına görə, “İnter”in argentinalı hücumçusu və kapitanı səhər saat 4-ə qədər komandasının çempionluğunu küçələrdə klub azarkeşləri ilə qeyd edib.

“Neradzurri” tarixində 20-ci dəfə İtaliya çempionluğunu qazanıb.

Yeri gəlmişkən, “İnter” Lautaro Martineslə müqaviləsini yeniləmək fikrindədir. Milan təmsilçisinin idman direktoru Pyero Ausilio klubun, argentinalı hücumçusu ilə müqaviləsinin müddətinin uzadılması haqda planlarından danışıb:

“Gələn mövsümün əvvəlinə qədər Lautaro Martineslə müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqları başa çatdıracağıq – onu saxlamaq istədiyimizə tam əminik”, deyə mütəxəssis bildirib.

Xatırladaq ki, Martinesin “neradzurri” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. O, 2018-ci ildən formasını geyindiyi İtaliya klubunun heyətində 278 oyuna çıxıb, 128 qol vurub, 42 məhsuldar ötürmə müəllifi olub. Argentinalı hücumçu daha öncə yalnız ölkəsində “Rasinq”in formasını geyinib. 26 yaşlı forvard Argentina yığmasında keçirdiyi 56 oyunda 22 qol, 8 assist müəllifi olub.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla