AZ

Bölgə klubunda bağışlanmaq üçün SON ŞANS

Bu gün Azərbaycan Kubokunda 2023/24 mövsümünün finalçıları müəyyənləşəcək.

İlk matçda rəqibini 4:0 məğlub edən "Qarabağ"ın evdə keçirəcəyi cavab matçında finala vəsiqəni rəsmiləşdirəcəyi kimsədə şübhə doğurmur.

İkinci finalçının adına Qəbələdə aydınlıq gələcək.

Burada şəhərin eyni adlı komandası "Zirə"ni qonaq edəcək.

Digər cütdən fərqli olaraq, bu dueldə qalibin adını proqnozlaşdırmaq o qədər də asan deyil.

Düzdü, daha şanslı görünən tərəf "qartallar"dı.

Rəşad Sadıqovun kollektivi ilk matçda rəqibini məğlub edib - 2:1.

Əslində daha sanballı hesabla da qalib gələ bilərdilər.

Əgər ələ düşən fürsətləri dəqiq dəyərləndirmək mümkün olsaydı.

Məsələn, bir neçə gün aradan sonra Premyer Liqa matçında olduğu kimi. "Zirə" kubokdan fərqli olaraq çempionatda bölgə klubunun daşını daş üstə qoymamışdı - 4:0.

Ümumiyyətlə, hazırkı dövrdə bu iki klubun müqayisəsi yersizdir.

Çünki "Zirə" medallar uğurunda mübarizə aparır. Son 5 çempionat matçında 4 qələbə qazanıb. "Zirə" önündə məğlubiyyət acısı yaşayan klublar sırasında "Sabah", "Neftçi" kimi iddialı rəqiblər belə yer alıb. Bir sözlə, yüksəlişdə olan komanda rəqib tanımır.

Sonuncu pillədə yer alan "Qəbələ" isə 2024-cü ildə qələbənin dadına həsrətdir. Builki 14 qarşılaşmanın 11-də "qırmızı qaralar" məğlub olub. Məğlubiyyət ruhuna bürünən Kaxaber Tsxadadzenin yetirmələri 3 xalı çoxdan yadırğayıb.

Bu gün Qəbələdə yerli publikanın nə futbolçuları, nə rəhbərliyi, nə də məşqçiləri görməyə gözü yoxdur.

Premyer Liqada mövsümü sonuncu pillədə başa vurmağın sadəcə rəsmiləşməsi qalıb. Deməli, azarkeşin münasibəti normaldır.

Amma kubok yarışları fərqli havada keçir. Burada şərtlər ayrıdır. Bir oyunda toparlanıb nələrisə dəyişə bilərsən.

Dünya praktikasında da çox rastlaşırıq ki, autsayder, aşağı liqa klubları finala qədər irəliləyə bilir.

Hər halda, kubokda uğur qazanmaq, yayda avrokuboklarda da iştirak deməkdir.

Aşağı liqanın astanasında olan klubun azarkeşləri üçün bundan böyük təsəlli ola bilməz.

Buna "Qəbələ" camiəsinin bağışlanmaq üçün son şansı da deyə bilərik.

XANOĞLAN İMANOV

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla