AZ

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaqŞƏRH

COP29

Bakı, 24 aprel, AZƏRTAC

Aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından xüsusi diqqət çəkir. Bu gün Azərbaycana beynəlxalq baxışın hansı səviyyədə olduğu reallıqlarımızdan daha aydın görünür. Ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir. Təbii ki, bu uğura əsas verən amil ölkələr arasında əlaqələrin inkişafında mühüm amil olan etimad mühitinin qorunması və inkişaf etdirilməsidir. Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında ölkəmizin uğurlarının səbəblərindən danışarkən bu məqamları xüsusi qeyd etdi. Bildirdi ki, biz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmamışıq. Hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin Türkiyədə qardaşlarımız ilə münasibətlərimizdə ədalətli olmuşuq. Uğurumuzun səbəbi bundadır. Əsas çıxış yolu və üsul ədalətli və səmimi olmaqdır. Qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik.

Bu barədə Milli Məclisin deputatı Əliabbas Salahzadə sözügedən forumu AZƏRTAC-a şərh edərkən bildirib.

O qeyd edib ki, dövlətimizin başçısının diqqət göstərdiyi əsas məsələlərdən biri regional təhlükəsizliyin təmin edilməsi oldu: “Ölkə Prezidentinin hər bir çıxışında Azərbaycanın tarixi Zəfərimizdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinə xüsusi diqqət yönəldilir. Azərbaycan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün bu addımı atdı və reallığa çevrilməsi üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Prezident İlham Əliyev hazırkı dövrdə sülh müqaviləsinin imzalanmasına yaxın olduğumuzu əsaslı şəkildə diqqətə çatdırdı. Bu reallıq da qeyd edildi ki, biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik. İndi sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var. Biz, sadəcə, təfərrüatları işləməliyik. Lakin, əlbəttə, hər iki tərəfə vaxt lazımdır. Dövlətimizin başçısı növbəti zəfərimiz olan Qazaxın dörd kəndinin geri qaytarılmasına da diqqəti yönəldərək vurğuladı ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq. Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin eksklavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.

Deputat deyib ki, forumun mövzusundan da göründüyü kimi, yaşıl enerji keçidi prioritet məsələmizdir: “Dövlətimizin başçısının Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etməsi belə bir reallığın təsdiqidir ki, ölkəmizin hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsində stimulverici amildir. “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanın iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə töhfələrini artırmaq məqsədi daşıyır. Prezident İlham Əliyev forumdakı çıxışında “Biz iqtisadiyyatımızı şaxələndiririk” söyləyərək onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir. Lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlıdır. Hazırda əsas məqsədlərimizdən biri ixracımızı şaxələndirməkdir. Dayanıqlı inkişaf və enerji amillərinə gəldikdə isə, bildirildi ki, iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bunu aydın şəkildə göstərir. Neft və qaz gəlirləri işsizlik və yoxsulluq məsələlərinin həlli üçün istifadə edilib. Onlar bərabər şəkildə bölüşdürülür. Enerji əməkdaşlığımızı və ilk gəlirlərimizi aldığımız zaman Azərbaycanda yoxsulluğun səviyyəsi 50 faizə yaxın idi, hər ikinci şəxs yoxsul idi. Qaçqınlar arasında isə bu göstərici 75 faizdən çox idi. İndi isə biz bunu 5 faiz səviyyəsinə qədər azaltmışıq. Eyni göstərici işsizliyə də aiddir”.

Ə.Salahzadə vurğulayıb ki, sosial-iqtisadi inkişafımızın yüksək göstəricilərlə ifadə edilməsi ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurduğunu təsdiqləyir: “Azərbaycan neft və qazla zəngin ölkə olmasına baxmayaraq yaşıl enerjiyə keçidi prioritet məsələ kimi öndə saxlayır. COP29 bir daha Azərbaycanın bu sahədə imkanlarını dünyaya təqdim edəcək. COP29-a sədrliyimizə nəinki özümüzü nümayiş etdirmək, həm də ölkəni təqdim etmək fürsəti kimi, ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi baxırıq. COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq. Hazırda unikal şans yaranıb. Biz bundan məhrum olmuşduq. SSRİ süqut etdiyi zaman sülh şəraitində öz müstəqil həyatına başlamış Baltik dövlətlərindən fərqli olaraq, bizim bölgədə müharibələr gedirdi. İndi həmin səhifəni çevirmək şansı yaranıb”.

Azərbaycanın mütəmadi olaraq beynəlxalq tədbirlərə ev sahibliyi etməsi üçün geniş imkanlar yarandığını qeyd edən deputat deyib: “Buna əsas verən ölkəmizin daim irəli baxması, hər bir yeniliyə, təkmilləşməyə maraq göstərməsidir. Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var. Dövlətimizin başçısının hər bir sahəyə xüsusi diqqət göstərməsi ölkəmizin hərtərəfli inkişafının prioritetliyini, eyni zamanda, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün imkanların mövcudluğunu təsdiqləyir. Hər bir beynəlxalq tədbir yeni əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətli rol oynayır. Forum iştirakçılarının da təsdiqlədiyi kimi, COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq”.

Seçilən
92
12
Mənbələr
Şərh ()
Bağla