AZ

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Samir

Bakı, 24 aprel, AZƏRTAC

“Hamıya bəllidir ki, “El-Klasiko”da həmişə ajiotaj olur. Amma bunu stadionun özündə hiss etmək böyük arzum idi. Ona görə də məhz bu matçı seçdim”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov İspaniyanın “Barselona” klubunun düşərgəsinə yollanmağı ilə bağlı danışarkən deyib.

Səfər zamanı La Liqanın son turunda keçirilmiş “Real Madrid” – “Barselona” matçını izləyən mütəxəssis bildirib ki, oyundan öncə şəhərin küçələrində, stadionda baş verən prosesləri canlı izləmək sözlə ifadə edilməyəcək qədər mükəmməl hisslərdir: “Mənə həmişə stadiondakı atmosfer və oyun daxilində baş verənlər maraqlı gəlirdi. Qarşılaşmanı tribunadan izlədim. Matça gəlincə, “El-Klasiko”nu analiz etmək mənə düşməz. Düzünü desəm, İspaniyaya yaraşmayan bir hakimlik oldu. Burada günlərdir o barədə danışılır. Hazırda Barselonadayam, Lamin Yamalın qol kimi qeydə alınmayan zərbəsi əsas müzakirə mövzusuna çevrilib. “Real Madrid”in heyətində isə Eduardu Kamavinqanın qırmızı vərəqə almaması da qalmaqala səbəb olub. Bunların hamısı burada müzakirə olunur. Təbii ki, bu cür söz-söhbətlər xoş deyil. Açığı, “Barselona”nın qalib gəlməyini istəyirdim. Klubda işləyən insanları xoş əhvali-ruhiyyədə görmək daha yaxşı olardı. Bütün bunlara baxmayaraq, maraqlı və baxımlı oyun oldu”.

Onun sözlərinə görə, Azərbaycanda çalışan məşqçilərin xarici klubun düşərgəsinə səfərini təşkil etmək həddindən artıq çətin məsələdir: “Buraya gəlməyimə kömək edən hər kəsə təşəkkürümü bildirirəm. “Barselona”ya yollanacağımı eşidəndə çox sevindim. Bu vaxta kimi sadəcə arzu edirdim, amma inanmırdım ki, bir gün bu reallaşar. Xoşbəxtəm ki, alındı. “Barselona” sadəcə, bir klub deyil. Nəyi nəzərdə tutduğumu yalnız qayıdandan sonra ətraflı şəkildə izah edə bilərəm. Çünki bu gündən etibarən həftəsonuna kimi müxtəlif sahələrdə müəyyən görüşlərim olacaq. Bunların hər biri plan üzrə baş verməlidir. Məşqçinin kim olmasından asılı olmayaraq, burada konkret bir oyun üslubu var. Xavi cavan çalışdırıcıdır. Onun işini bəyənirəm. Çempionlar Liqasında PSJ-ni keçə bilməmələrinə baxmayaraq, yaxşı oyun nümayiş etdirdilər”.

S. Abbasov Kataloniya təmsilçisində diqqətini çəkən digər məqamı da açıqlayıb: “Həddindən artıq gənc futbolçunun əsas heyətdə çıxış etməsi məni olduqca təəccübləndirdi. Onlar dərhal akademiyaya gətirilir və komandanın sisteminə uyğunlaşırlar. Bunu necə etdikləri mənə çox təəccüblü gəlir. Çünki bizim klublarda gənc futbolçular təcrübəsiz olduqlarına görə onların start heyətində oynamaları üçün müəyyən vaxt lazım olur. Onlara qaydaları izah etmək bir qədər zaman alır. Durum belə olanda baş məşqçi yeni oyunçunu əsas heyətdə meydana çıxararaq riskə getmək istəmir. Lakin burada proseslər tamamilə fərqlidir. Onlar akademiyaya gələn kimi nələri etmək lazım olduğunu yaxşı dərk edirlər. Bu baxımdan çox maraqlı klubdur”.

Qeyd edək ki, Samir Abbasovun təcrübə proqramının sonunda "Barselona"nın baş məşqçisi Xavi Ernandeslə də görüşü nəzərdə tutulub. Bu səfərdə onu klubun fiziki hazırlıq üzrə məşqçisi Jerar Martines müşayiət edir.

 

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla