AZ

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Bakı, 24 aprel, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında (MAA) “Rossotrudniçestvo”nın Azərbaycan nümayəndəliyi ilə birgə Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan MAA-nın prorektoru Ədalət Səmədov akademiya ilə “Rossotrudniçestvo”nın nümayəndəliyi - Bakıdakı Rus Evi arasında əməkdaşlığın və ənənəvi əlaqələrin əhəmiyyətini vurğulayıb.

Ə.Səmədov aerokosmik sənayenin inkişaf perspektivlərindən danışıb, bu sahədə innovasiyaların vacibliyini, yeni nəsil mütəxəssislərin təlim və hazırlığının əhəmiyyətini vurğulayıb.

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov görüş iştirakçılarını salamlayaraq MAA-nın rektoru, akademik Arif Paşayevə əməkdaşlığa görə təşəkkür edib. Bu əməkdaşlıq sayəsində MAA tələbələri və məzunları Rusiyanın aparıcı ixtisasaslaşmış universitetlərində müxtəlif proqramlar üzrə təlim keçilib. Eyni zamanda, MAA-da aviasiya və kosmonavtikaya həsr olunmuş görüşlər, seminarlar və tədbirlər təşkil edilib.

Akademiyanın tələbələri Asif Həsənov, Elçin İsayev, Leyla Süleymanova və mühəndis Nicat Həsənov kosmik tədqiqatlar, kosmik sənayedə müasir və perspektivli elmi-texnoloji həllər haqqında məlumat verib, öz layihələrini təqdim ediblər. Həmçinin onlar MAA-nın uçuş aparatları laboratoriyasının fəaliyyətindən, müxtəlif tədbir və müsabiqələrdə iştirakdan danışıb, müasir texnoloji həllərini nümayiş etdiriblər.

Professor Kərim Allahverdiyev qeyri-xətti optika və ətraf mühitin mühafizəsi sahəsində tədqiqatların aparılması, həmçinin Xəzər dənizinin ekoloji monitorinqi üzrə birgə tədqiqat mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib.

Görüşdə Beynəlxalq Aviasiya və Kosmonavtika Günü, “IAC-2023 Astronavtika” konqresi, “Technofest-22” və astronavtların akademiyanı ziyarət etməsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.

Tədbir iştirakçıları aviasiya modelləri laboratoriyasının mühəndis və tələbələrinin fəaliyyəti, eləcə də, MAA-nın Texnoritm Mərkəzinin gənc mühəndislərinin aerokosmik sahədə elm, texnologiya və tədqiqatlara marağın artmasına töhfə verən nailiyyətləri ilə tanış olublar.

Tərəflər təhsil proqramları və elmi layihələr üzrə əməkdaşlığın potensial istiqamətlərini müzakirə ediblər.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla