AZ

Sülh mətnində bu şərt olmayacaq: Gerb və konstitusiya ilə bağlı tələblər açıqlandı

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında anklav olmayan 4 kəndin təhvil verilməsinin ardınca sərhədlərin dəqiqləşdirilməsi istiqamətində konkret addımlar atılıb. Sizcə, tərəflər arasında bu müstəvidə başlamış proses sülh üçün nə dərəcədə zəmin yarada bilər?

- Hazırda elə bir situasiya var ki, sülhə ən yaxın olunduğu dövr, eyni zamanda müharibəyə də yaxın kimi ola bilir. Burada paradoksal kimi görünən vəziyyət var. Bu baxımdan hər iki tərəfdən danışıqlarla bağlı irəliləmələr olduğu bildirilir. Sülh müqaviləsinin mətni ortadadır. Bir sıra prinsiplər razılaşdırılıb, müəyyən praktik addımlar atılıb. Qazaxın işğal olunmuş 7 kəndindən anklav olmayan 4 kəndin təhvil verilməsi bunun əlamətidir. Sözsüz ki, bunlar sülhə doğru olan addımlardır.

- Sizcə, kənardan hər hansı bir təsir olmasa, sülh prosesinin sabit müstəvidə irələliməsi ehtimalı varmı?

- Azərbaycan Prezidenti də ötən gün ADA Universitetində bu məsələlərə toxundu. Eyni zamanda sülhə maneə olan, razılaşmanın imzalanmasını qeyri-mümkün edən məsələlər var. Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını özündə ehtiva edən müddəalar hələ də qalıb. Həmin qanunun preambula hissəsində, Ermənistanın müstəqillik haqqında sənəddə də Qarabağa dair iddia yer alıb.

- Sülh müqaviləsinin mətnində bu arqumentlərə qarşı əsas prinsiplər necə təsbit oluna bilər?

- İmzalanacaq sülh müqaviləsinin mətnində Qarabağ məsələsinin xatırlanmayacağı ilə bağlı razılıq var. Bundan əlavə Türkiyəyə qarşı Ermənistanın ərazi iddiası mövcuddur. Ermənistanın gerbində Ağrı dağı simvolu əks edilib. Bu məsələ Azərbaycanla Türkiyə arasında paralel şəkildə aparılır.

- Belə çıxır ki, Ermənistan qanunvericiliyində olan bu məsələlər həll olmayınca, sülh sazişi imzalanmayacaq...

- Azərbaycan Prezidenti də qəti şəkildə bildirdi ki, bu məsələ nizamlanmayana qədər sülh sazişinin olması mümkün görünmür. Çünki burada başqa müddəalar da var. Ermənistanın silahlanması kimi məsələlərə də toxunuldu. Amma bütün bunlara rəğmən hesab edirəm ki, sülh üçün şans var. Bu, Ermənistandan və onun arxasında duran qüvvələrdən asılıdır.

- Sülhə məcburetmə variantları nə dərəcədə aktualdır?

- Bu variant gündəmdən çıxmayıb. Məhz bu kontekstdə hərb və sülh variantı istisna edilmir. Amma arzu olunan odur ki, tezliklə bu məsələ başa çatsın. Ermənistan və onun arxasında qüvvələr, revanşistlər məğlub edilsin. Sərhədlər müəyyənləşsin, şəffaflıq olsun. Çünki gediş-gəliş, iqtisadi, insani münasibətlər razılaşmadan daha vacibdir. Bu amillər sülhü geridönməz edən faktorlardır.

- Tərəflərin Almatı razılaşması əsasında danışıqlar aparması, prosesin məhz bu əsasda yekunlaşması ehtimalını necə dəyərləndirirsiniz?

- Azərbaycan tərəfi bu məsələyə birmənalı yanaşmırdı. Praqada Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmada Almatı bəyanatı fiksə edilib. Bunun əsasında delimitasiya və demarkasiya, ərazi bütövlüyünün tanınması məsələsi əlaqələndirilmişdi. Əslində, Almatı bəyannaməsinin mətnində konkret olaraq Azərbaycanla Ermənistan arasında SSRİ dövründə olmuş sərhədlər anlayışı yoxdur. Orada “mövcud sərhədlər daxilində tanınır” ifadəsi var. Sonradan bu şərh belə verildi. Bunu hüquqi prinsip kimi də qəbul etmək olar. Mətnə imza atmış tərəflər, o cümlədən Azərbaycan bunu belə tövsib etmiş oldu. Amma Ermənistanın Almatı sazişini imzaladıqdan sonra Azərbaycana qarşı apardığı təcavüzkar hərəkətlər həmin prinsipin bu ölkəyə aid edilməsinə də müəyyən suallar yaradır.

- İmzalanacaq slüh razılaşmasında əlavə hansı prinsiplər tövsib oluna bilər?

- Azərbaycan sülh naminə bu məsələdə kompromisə gedir. Bu prinsiplə uzlaşmaq niyyəti Bakıdan edilən kompromisdir. Erməni tərəfi də Almatı razılaşmasında Qarabağla bağlı qeydlərinə müəyyən dərəcədə aydınlıq verib. Çünki həmin qeydlər elə imzalandığı andan qüvvəsini və etibarını itirib. Qazaxın 4 kəndinin təhvil verilməsi ilə bağlı əldə edilən razılaşmada qeyd edilmiş mətndə başqa prinsiplərin də əsas götürülməsi ehtiva edilib. Bu halda sülh müqaviləsində olan prinsiplər əsas götürüləcək. Prinsip etibarı ilə bu, indiki mərhələdə çıxış növtəsi kimi qəbul olunur.


Müəllif: Tapdıq Qurbanlı
Seçilən
21
Mənbələr
Şərh ()
Bağla