AZ

İntihara bərabər “xilas”, yaxud İrəvan militarizmdən niyə imtina etməlidir?

Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında Fransa, Hindistan və Yunanıstanın Ermənistanı silahlandırmasına diqqət çəkib. Dövlət başçısı açıq şəkildə bildirib ki, Azərbaycan özü üçün ciddi təhlükə görərsə, o zaman adekvat addımlar atacaq:

 

“Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

 

Prezidentin sözlərindən də bəlli olduğu kimi, Azərbaycan Ermənistanın silahlandırılması prosesini diqqətlə izləsə də, baş verənlərə sona qədər seyrçi qalmaq niyyətində deyil. Rəsmi Bakı Ermənistanın Fransa, Hindistan və Yunanıstanla hərbi-siyasi əməkdaşlığını, bəzi beynəlxalq təşkilatların ermənipərəst bəyanatlarını da Azərbaycan üçün çəkindirici amil heab etmir. Əksinə, Azərbaycan açıq şəkildə bəyan edir ki, o, öz təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı addımlar atmaq iradəsinə malikdir və bu barədə İrəvanı məlumatlandırıb.

 

Bəs belə olan halda Fransa, Hindistan və Yunanıstanın Ermənistanı ciddi-cəhdlə silahlandırması nəyə xidmət edir?

 

Bu, heç şübhəsiz regionda yeni bir müharibənin başlanmasını tətikləmək, daha doğrusu Ermənistanı bu ölkələrin maraqları naminə qurban etməkdir. Çünki militarizm siyasətinin davam edəcəyi təqdirdə Azərbaycanın önləyici addımlar atacağı birmənalıdır və bu fakt ölkənin birinci şəxsi tərəfindən açıq elan edilib.

 

44 günlük müharibədə hərbi baxımdan darmadağın edilən Ermənistanın son 4 il ərzində toparlanmadığı, ölkəmizə müqavimət göstərmək iqtidarında olmadığı da məlum həqiqətlərdən biridir. Bu fakt da Ermənistanın baş naziri Nikol Paşonyan tərəfindən birbaşa və ya dolayısı yolla etiraf edilib. Belə olan halda Qərbin Ermənistanı silahlandırması ölüm döşəyində olan bir insanın üzərinə silah bağlamaq və onu süngü gücünə döyüşə göndərmək istəyinə bənzəyir. Bu gerçəklik bir daha sübut edir ki, Fransa, Yunanıstan və Hindistanın məqsədi Ermənistanı qorumaq yox, onu məhv etmək, ölümə sürükləməkdir. Bu mənada Qərbin və Hindistanın Ermənistana hərbi dəstəyini intihara bərabər “xilas tədbiri” kimi dəyərləndirmək mümkündür.

 

Məhz bu səbəbdən də rəsmi İrəvanın Qərbin hərbi yardımının Ermənistan üçün yeganə mümkün nəticəsini dərk etməli, bu yardımdan imtina etməlidir. Çünki Ermənistana daxil olan hər bir mərmi, hər bir raket onun müdafiəsindən daha çox məhvinə xidmət edir. Qərbin Ermənistana hərbi yardımının intensivliyini nəzərə alsaq, bu məhvin uzaqda olmadığını söyləmək olar.

 

Seymur ƏLİYEV   

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla