AZ

“Milli Şura”nın puç olmuş “məhsul” arzuları…

Anti-Azərbaycan dairələrin sifarişi, diktəsi ilə “aktiv siyasi fazaya qədəm qoyan” “Milli Şura” adlı xəyanətkar dəstə mayın 5-də yenidən öz “ənənəvi mübarizə metodu”na əl atmaq sevdasına düşüb

Anti-Azərbaycan dairələrin sifarişi ilə yaradılan qondarma “Milli Şura”nın “fəaliyyət”inin hər bir epizodu Azərbaycan cəmiyyətinə və xalqına bəllidir. Azərbaycanın milli maraqlarının əksinə olaraq mövqe tutmaq, xalqın və dövlətin mənafeyinə zidd hərəkət etmək bu qondarma qurumda təmsil olunan dağıdıcıların başlıca siyasi məqsədləridir. Bu baxımdan, həmin qüvvələrin fəslə uyğun şəkildə aktivləşmə və passivləşmə fazalarına daxil olmasında qeyri-adi hal yoxdur. Qeyd edildiyi kimi, anti-Azərbaycan dairələrin sifarişi, diktəsi ilə “aktiv siyasi fazaya qədəm qoyan” “Milli Şura” adlı xəyanətkar dəstə mayın 5-də yenidən öz “ənənəvi mübarizə metodu”na əl atmaq sevdasına düşüb. Bununla bağlı AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli deyib ki, “Milli Şura”nın mitinqlə bağlı müraciətindən sonra “Məhsul” stadionunun ətrafı lentlə çevrələnib və qazma işlərinə başlayıblar. Bizim üçün fərq eləməz. Bakıda onlarla mitinq keçirmək üçün yararlı meydanlar var. Biz aksiyanı istənilən meydanda keçirə bilərik. AXCP sədrinin müavini Ayaz Məhərrəmli isə guya ölkədə azadlığın, demokratiyanın, sosial rifah dövləti qurmağın yolunun meydanlardan keçdiyini  iddia edib.

Göründüyü kimi, bu üzdəniraqlar yenə regionda maraqları olan qüvvələrin əlində oyuncağa çevriliblər və onların ölkəmizdə yaratmaq istədiyi xaos və anarxiyanı bütün imkanları ilə dəstəkləyirlər. Əli Kərimli, Cəmil Həsənli kimi Azərbaycan xalqına və dövlətinə düşmən kəsilmiş dağıdıcı ünsürlər ölkəmizin inkişafı ilə barışmayan, Azərbaycanın uğurlarını həzm etməyən müəyyən xarici dairələrin birbaşa sifarişi ilə yenidən “məhsul toplamağa” cəhd göstərirlər. Bəs bunların əsl məqsədləri nədir? Xalqı, dövləti düşünürlər? Təbii ki, yox! Onların əsl məqsədinin erməni lobbisindən və xaricdəki anti-Azərbaycan qüvvələr tərəfindən gələn qrantlarla ciblərini doldurmaqdır. Bunun üçün xalqa illərdir yalan danışırlar, dondan dona girirlər. 30 ildir eyni şüarları səsləndirmələri artıq xalqı da cana doydurublar. Ona görə də bu radikal müxalifət "lideri"nə inananların sayı bir əlin beş barmağını keçmir. Xalq da radikal müxalifətin kim olduğunu, nəyə qadir olduğunu yaxşı bilir. 1988-1992-ci illərdə məhz bu radikal qüvvələrin təmsilçiləri müxalifət olduqları dönəmlə Azərbaycan xalqının üzləşdiyi faciələrin yaşanmasında, siyasi alver predmeti olaraq ərazilərimizin hərraca qoyulmasında az rol oynamadılar. İnsanların kortəbii inamı dalğasında isə hakimiyyətə yiyələndikdən sonra radikalların nəyə qadir olduğu özünü daha yaxşı büruzə verdi. Bu qüvvələrin antimilli fəaliyyəti sayəsində Azərbaycan xaos, anarxiya girdabına, cinayətkarlığın meydan suladığı məkana çevrildi, dövlət, xalq əmlakı talan edildi. Həmişə tolerantlığı və dözümlülüyü ilə digər millətlərə nümunə olmuş çoxmillətli Azərbaycanda yaşayan xalqlar arasında nifaq toxumu səpildi. Xarici qüvvələr Azərbaycana öz şərtlərini diktə etməyə başladı. Lakin xalq bunun davam etməsinə yol verməyərək radikaların hakimiyyətinə son qoydu, öz xilaskarını istək və iradəsi əsasında hakimiyyətə gətirərək nəhayət, sabitliyə, intibaha qovuşdu.

Xatırladaq ki, bundan öncəki illərdə də “Milli Şura” və orada təmsil olunanların təşkil etdikləri “mitinq-şou”lari hər dəfəsində fiaskoya uğrayıb. Xüsusi olaraq vurğulamaq lazımdır ki, hələ “mitinq-tamaşa” haqqında “anons”lar yaydıqları zaman dağıdıcı ünsürlər, ən əsası isə xəyanətkar Əli Kərimli və ətrafındakı “sosial şəbəkə qoçuları” bu “kütləvi teatr”a minlərlə insanın qatılacağından dəm vurur, bəzi hallarda öz yalanlarının eyforiyasına qapılaraq uydurma rəqəmlər səsləndirirdilər. Nəticə isə hər zaman göz önündə olurdu. Onların “kütləvi aksiya” adlandırdıqları “pulsilmə kampaniyası”na cəmisi 30-40 adamın qatılması radikal ünsürlərin növbəti fiaskosundan xəbər verirdi.

İndiki mərhələdə də problemlərin müzakirəsi yeri küçə və meydanlar deyil. İstənilən problemlə bağlı hakimiyyət təmsilçiləri ilə görüşlər keçirmək, müzakirələr aparmaq mümkündür. Lakin görünən odur ki, siyasi dialoqu inkar edən və sağlam rəqabətə hazır olmayan radikalların hər zaman olduğu kimi, tək ümidi küçə iğtişaşlarına qalıb. İqtidarın dialoqla bağlı açıq mesajlarına radikalların yalnız yeni təxribatlarla cavab verməsi, dövlətin siyasi dialoq təkliflərindən ənənəvi olaraq imtina bu qüvvələrin dəyişmədiyini göstərir. Məlum olur ki, radikal müxalifətin ortaya qoymağa yeni ideyaları yoxdur. Radikallar hələ də anlamırlar ki, müxalifət düşərgəsində təmsil olunmaq heç də dövlətin və xalqın əleyhinə mövqe tutmağa, ölkəmizlə bağlı həqiqətləri danmağa, inkar etməyə əsas vermir və bunu müxalifətçilik hesab etmək böyük səhvdir. Öz ölkəsinin, öz xalqının maraqlarının əksinə çıxış etmək, mövqe sərgiləmək, uğurlarını, nailiyyətlərini, qələbələrini danmaq, inkar etmək müxalifətçilik yox, xəyanətkarlıq və düşmənçilikdir. Odur ki, Milli Şura adlanan qurumun hansı addım atmasından asılı olmayaraq Azərbaycan xalqı bu kimi oyunlara getməyəcək və yenə də qarışıqlıq yaratmaq istəyənlərin arzuları ürəklərində qalacaq. Çünki xalqımız ağı-qaradan seçməyi bacaran bir xalqdır və kimin-kim olduğunu kifayət qədər yaxşı bilir.

Sevinc Azadi, “İki sahil”

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla