AZ

İlham Əliyev: Quru sərhədinin açılması ilə bağlı məqam hələ yetişməyib!

“Biz təhlükəsizlik, regional inkişaf riskləri və sair haqqında danışırdıq. Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı  beynəlxalq forumda Polşanın Şərq Tədqiqatları Mərkəzinin baş elmi işçisi Voijeç Goreçkinin sualını cavablandırarkən deyib.


“Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimaiyyətləşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür.

Turizmlə bağlı deyə bilərəm ki, turistlərin sayı ildən-ilə artır. Yəqin ki, bu il Azərbaycana daxil olan xarici qonaqların sayı COVID-dən əvvəlki səviyyəyə çatacaq. Bu ilin ilk üç ayında ölkəyə gələn əcnəbilərin sayı 24 faiz artıb. Beləliklə, bu tendensiya ilin sonuna qədər davam edərsə, Azərbaycana üç milyondan çox əcnəbi gələcək ki, bu da COVID-dən əvvəlkindən çoxdur. Yəni, turizm üçün əslində, heç bir fərqi yoxdur. Bəli, Azərbaycandan maşınla qonşu ölkələrə getmək istəyən bəzi insanlar üçün bu vəziyyət əlverişsizdir. Biz bunu başa düşürük. Sərhədin o biri tərəfində, Dağıstanda, Gürcüstanda və İranda yaşayan azərbaycanlılar üçün əlverişsizdir - bildiyiniz kimi, bütün sərhəd boyu qonşu ölkələrdə yaşayan azərbaycanlıların əhatəsindəyik. Amma biz məsuliyyətli olmalıyıq. Deməli, quru sərhədinin açılması ilə bağlı məqam hələ ki, yetişməyib”.

Seçilən
15
4
Mənbələr
Şərh ()
Bağla