AZ

24 apreldə erməniçilik edənlər...

Belə bir məşhur “qanadlı” ifadə var: “Roma papasından artıq katolik olmaq" ifadəsi. Əlbəttə, bu, obrazlı ifadədir. Çünki hamı bilir ki, inancların, imanların kəskin erroziyaya uğradığı hazırkı postmodern dünyada Roma Papasından daha artıq katolik olmaq mümkün deyil (asketləri, tərkidünyaları çıxmaq şərtilə).

Lakin ermənilərdən (söhbət Ermənistanı idarə edən ermənilərdən və dünyadakı erməni lobbisindən, daşnaklardan gedir) daha artıq erməniçilik etmək isə mümkündür. Bunu ABŞ-ın hazırkı sarsaq prezidenti Co Baydenin timsalında görmək mümkündür.

Belə ki, C.Bayden aprelin 24-də etdiyi ənənəvi müraciətində yenə də “erməni soyqırımı” ifadəsini işlədib və bildirib ki, "biz 1915-ci il aprelin 24-də Osmanlı Türkiyəsində törədilmiş “erməni soyqırımı” zamanı həyatını itirən insanların xatirəsini heç vaxt unutmayacağıq”.

Bəziləri bunu Baydenin tarixi yaxşı bilməməyinin nəticəsi kimi yoza bilər. Lakin aydın məsələdir ki, burada əsas səbəb ABŞ prezidentinin tarixdən xəbərsizliyi deyil.

Məsələ burasındadır ki, Co Bayden 2021-ci ildən başlayaraq davamlı olaraq 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırır. Deməli, Baydenin ötən dövr ərzində tarixi yaxşı öyrənmək üçün kifayət qədər boş vaxtı olub. Onu da nəzərə alsaq ki, Baydenə qədər onun sələfləri (ABŞ-ın dövlət başçısı postunu tutmuş keçmiş liderlər) bu termini işlətməkdən həmişə çəkiniblər.

Bu da o deməkdir ki, Baydenin bu ifadəni işlətməsinin əsas səbəbi onun tarixi yaxşı və ya pis bilməsi yox, siyasi motivlərdir. Ağ Ev lideri bununla Türkiyəyə (və dolayısı yolla həm də Azərbaycana) pressinq tətbiq etməyə, basqı göstərməyə çalışır. Bu isə Demokratlar partiyasından olan ermənipərəst ABŞ liderlərinin ənənəvi xəttidir. Bayden də həmin kütbeyin xəttə sadiq qalmağa davam edir (ermənilərdən daha artıq erməni olmağa çalışır).

Bu baxımdan Baydeni haradasa Fransanın prezidenti Emmanuel Makron ilə müqayisə etmək olar. Çünki Makron da etiraf edib ki, Ermənistanın maraqlarını İrəvan hökumətindən daha çox qorumağa çalışır.

Lakin yırtıcı giyen xislətli Baydendən və Makrondan fərqli olaraq öz xalqının gələcək taleyi üçün daha çox narahatlıq hissi keçirən Ermənistanın baş naziri Nikol Paşinyan isə sözügedən “soyqırım” qurbanlarının anım günündə həmvətənlərinə müraciətində bütün erməniləri itirilmiş vətənlərini axtarmağı dayandırmağa çağırış etdi. Çünki Paşinyan dərk edir ki, “böyük Ermənistan”, “Miatsum” kimi mifik ideyaların əsirinə çevrilmək və 1915-ci il hadisələrini soyqırımı kimi qələmə verərək qonşulara (Türkiyəyə və Azərbaycana) qarşı düşmənçiliyi davam etdirmək erməni xalqına heç bir yaxşı gələcək vəd etmir.

Ona görə də N.Paşinyan budəfəki müraciətində “soyqırımı” ifadəsini olduqca az işlətdi, bunun əvəzində isə erməni dilindən “böyük qırğın” kimi tərcümə olunan “mets egern” ifadəsini işlətməyə üstünlük verdi. “Mets egern” ifadəsi soyqırımı ilə müqayisədə daha yumşaq mahiyyət daşıyır və bu termin əsasən qondarma erməni “soyqırımı”nı tanımayan ölkələrin liderlərinin mesajlarında istifadə olunur. Beləliklə, Paşinyan “soyqırım” ifadəsi ilə yanaşı, “mets egern” ifadəsini də işlədən Ermənistanın ilk lideri oldu.

Paşinyanın bu mövqeyi qondarma “erməni soyqırımı” ilə bağlı mifləri dağıtmağa və erməniləri miflərin əsarətindən xilas etməyə xidmət edir.

Maraqlıdır ki, aprelin 23-dəki çıxışında Cənubi Qafqaz regionunda yeni nizamın qurulduğunu bildirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da əsassız tarixi xatirələrdən imtina etmək vaxtının gəldiyini bildirib və Paşinyanın da bunu dərk etdiyini açıqlayıb: “Bölgədə yeni bir nizam qurulur, indi Paşinyan da heç bir əlaqəsi olmayan uydurma hekayələrdən, əsassız xatirələrdən imtina etmək vaxtının gəldiyini dərk edir”.

Bəli, Paşinyan da bu həqiqəti dərk edir. Bunu dərk etməyən və ya dərk etmək istəməyən Bayden və Makronun Paşinyandan daha artıq erməniçilik etmək təşəbbüsləri isə sadəcə gülüş doğurur.

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
30
Mənbələr
Şərh ()
Bağla