AZ

Genetik kodumuz...

Dünya DNT Günüdür

Yəqin ki, hər birimiz həyatımızda ən azı bir dəfə də olsa, DNT sözünü eşitmişik. DNT müasir biologiya elminin, xüsusən də, genetika və molekulyar biologiyanın onurğa sütununu təşkil edir. Necə deyərlər, əgər biologiya elmini qədim dünya tarixi hesab etsək, şübhəsiz ki, DNT molekulu da o dövrün Roması olardı. Çünki qədim dünyada bütün yolların Romaya apardığı kimi, müasir biologiyada da bütün yollar DNT-yə aparır. Bir sözlə, DNT-siz biologiya şahsız şahmat oyununa bənzəyir. DNT molekulu 1910-cu ildən günümüzə qədər 21 Nobel mükafatının sahibini tapmasına səbəb olub.

DNT kim olduğumuzu göstərən valideynlərimizdən aldığımız bioloji genetik koddur. Bu kod cinsimiz, boyumuz, gözümüz, saçımızın rəngi və daha çox bədənimizi quran blokları təşkil edən təlimatları saxlayır. Tək bir DNT molekulunda bir-birinə bükülən “cüt sarmal” adı verilən bir cüt iplik var.

DNT-nin əsl adı “deoksiribonuklein turşusu” dur. Bədənimizdəki təxminən hər hüceyrənin eyni DNT-si var. Çoxu hüceyrə nüvəsi adlanan yerdə yaşayır, bəziləri isə mitokondriya və ya elm adamlarının “hüceyrənin gücü” adlandırdığı yerdə yaşayır.

DNT sayəsində elm adamları milyonlarla il əvvəl yaşamış canlının necə bir quruluşa malik olduğunu, xüsusiyyətlərini və həyat tərzini öyrənə bilirlər. Yaxın tarixə qədər bu sahə üzrə tədqiqat və təcrübələr aparan elm adamları canlıların genetikasının dəyişdirilməsinin mümkünsüz olduğunu iddia edirdilər. Amma artıq bu iddia tamamilə mənasızdır. Çünki hər ikisi professor olan fransalı mikrobioloq Emmanuel Şarpantye və amerikalı biokimyaçı Cennifer Dudna artıq həyat kodlarımızı, yəni, genlərimizi kəsib-biçmək, onu dəyişdirmək üçün “genetik qayçı” kəşf ediblər. Hansı ki, bu kəşf onlara 2020-ci il üçün kimya sahəsində Nobel mükafatı qazandırdı.

Yeri gəlmişkən, bu gün Dünya DNT Günü olaraq qeyd olunur. 2003-cü ildən etibarən Dünya DNT Günü münasibətilə keçirilən tədbirlər ABŞ-ın İnsan Genomunun araşdırılması Milli İnstitutu tərəfindən təşkil olunur.

DNT necə işləyir?

Valideynlərimizdən miras aldığımız DNT xromosomlarda olan “gen” adlanan vahidlərdə saxlanılır. Genlərimizin yarısını analarımızdan, yarısını atalarımızdan alırıq. Bədənimizdə olan bütün genlər qrupuna “genom” deyilir.

DNT-lərimizin hamıdan fərqli olduğunu düşünürük, ancaq burada yanılmaq ehtimalımız var. Belə ki, DNT-lərimizin yüzdə 99-nu digər insanlarla, yarısını isə heyvanlar və bitkilərlə paylaşırıq.

DNT-ni kim kəşf etmişdi?

Amerikalı genetik Ceyms Uotson DNT-nin kəşf edilməsində böyük rol oynayır. C.Uotson ingilis molekulyar bioloq Frensis Krik və Rozalind Franklinlə birgə DNT molekullarının strukturunun öyrənilməsi istiqamətində apardıqları tədqiqatların nəticələrini 1953-cü il aprelin 25-də “Nature” jurnalında dərc edib. Məqalənin dərc olunmasından düz 50 il sonra, yəni 2003-cü il aprelin 25-də insan genlərinin deşifrə edilməsi layihəsinin sona yaxınlaşdığı elan edilib. Bildirilib ki, genomun bəzi hissələrinin əlavə analizləri başa çatmasa da, layihə üzərində əsas iş yekunlaşdırılıb.

Yeganə BAYRAMOVA

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla