AZ

Məyus "Qəbələ" - çıxış yolu tapılmadı

Azərbaycan Premyer Liqasının sonuncusu “Qəbələ” ölkə kuboku ilə də vidalaşdı. Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv yarımfinalda “Zirə” səddinin aşa bilmədi.

İlk oyunda 1:2 hesabıyla uduzmasına baxmayaraq, ümidlərini cavab oyununa kimi saxlayan “qırmızı-qaralar” Qəbələdə azarkeşləri önündə yenə məyus oldu. “Zirə”nin üstünlüyü ilə keçən oyunda finala da “qartallar” yüksəldi.

Kubokun son qalibi indi ağır durumdadır. Mövsümün əvvəlindən işləri qaydasında getməyən “Qəbələ”nin elitadakı taleyi sual altındadır. Premyer Liqada komanda sayının artırılması müzakirə olunur və bu, bölgə təmsilçisi üçün bir şansdır. Lakin idman prinsipləri qorunsa, Sxadadzenin komandası yeni mövsümdən I Liqada mübarizə aparacaq.

Azərbaycan futbolunda infrastrukturu yaxşı olan, vaxtilə akademiyadakı nəticələri ilə adından söz etdiən “Qəbələ”də eniş prosesi bir neçə ildir başlayıb. Ötən il kubok qazanılsa da, komanda daxili problemlər, büdcə azalması, akademiyalarda nəticələrin qənaətbəxş olmaması bugünkü durumdan carçı idi. Son illərdə ciddi maliyyə problemləri yaşayan “Qəbələ” indi I Liqanın astanasındadır. Tək ümid AFFA-ya qalıb.

Uğursuz nəticələrdən sonra baş məşqçi postunda dəyişikliyə gedən və Elmar Baxşıyevlə yollarını ayıran “Qəbələ”də Sxadadze variantı də gözləniləni vermədi. Baxşıyevə qədər mövsümdə 4 qələbə qazanan “qırmızı-qaralar” gürcüstanlı mütəxəssislə hələ üç xal görməyib. Hər oyundan sonra futbolçuların keyfiyyətindən, istəyinin az olmasından gileylənən mütəxəssis hələ çıxış yolu tapa bilmir.

"Qəbələ"nin Premyer Liqada növbəti rəqibi "Kəpəz" olacaq. Sxadadzenin komandası xal itirsə, sonuncu olacağı dəqiqləşəcək. Hər bir halda, futbol sürprizlər oyunudur, bəlkə, "Qəbələ" də buna ümid edir. "Qəbələ" xal fərqini 11-ə endirsə də, yenə də komandanın taleyi özündən asılı olmayacaq. "Kəpəz"in növbəti turlarda qazanacağı bir qələbə bütün ümidlərin üstündən xətt çəkəcək.

Şahin Cəfərov
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla