AZ

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Aprelin

Bakı, 25 aprel, AZƏRTAC

Hər il aprelin 25-də Ümumdünya Malyariya ilə Mübarizə Günü qeyd olunur.

AZƏRTAC xəbər verir ki, 2007-ci ildə Dünya Səhiyyə Təşkilatının 60-cı sessiyasında bu xəstəliklə səmərəli mübarizə aparmaq barədə qərar qəbul olunub.

Malyariya ağcaqanadlar vasitəsilə yayılan infeksion xəstəlikdir. Ağcaqanad insanı sancdıqda parazit qana keçir və qaraciyər toxumasına daxil olur. Xəstəlik adətən qızdırma, titrətmə, sonrakı mərhələdə isə qaraciyər və dalağın böyüməsinə səbəb olur. Əksər hallarda onun əlamətləri özünü yoluxmadan sonra 10 gün - 4 həftə ərzində büruzə verir, lakin halsızlıq və zəiflik 8 gündən, bəzən də bir ildən sonra hiss edilə bilər.

Hər il dünyada 240 milyon nəfərdən çox insan malyariyaya yoluxur və onun yarım milyona yaxını həyatını itirir. Yoluxmanın 90 faizi əsasən Cənubi Afrika və Saxara əhalisinin payına düşür, lakin Asiya, Latın Amerikası, Yaxın Şərq ölkələrində və bəzi Avropa regionlarında da onunla üzləşənlər olur. Xəstəliyin risk qrupuna daha çox beş yaşınadək uşaqlar daxildir.

Xatırladaq ki, ötən ay Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən malyariyadan azad ölkə elan edilib. Bununla bağlı ÜST-nin Avropa üzrə regional ofisinin direktoru Hans Kluge sözügedən nailiyyətin davamlı siyasi sərmayə və səhiyyə işçilərinin fədakarlığı, malyariyaya yoluxma hallarının məqsədyönlü profilaktikası, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olduğunu vurğulayıb.

Uzun illərdir ki, Azərbaycanda malyariyanın qarşısının alınması və ocaqlarının aradan qaldırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu səylər nəticəsində 2013-cü ildən malyariyaya yerli yoluxma halları qeydə alınmayıb.

Geniş yayılmış infeksion xəstəliklə mübarizə hərtərəfli və birgə mübarizə tələb edir. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı bu sahədə xüsusi proqram qəbul edib. Malyariya günü çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə müxtəlif tədbirlər keçirilir. Beynəlxalq səviyyədə həmin günün qeyd olunması endemik ərazilərdə təcrübə mübadiləsi aparmaq, əməkdaşlıq etmək və xəstəliklə mübarizədə səyləri birləşdirmək imkanı verir, elmi-tədqiqat müəssisələri və mütəxəssislərin diqqətini xəstəliyin qarşısını almağa yönəldir, eyni zamanda, qüvvələri bu sahədə daha səmərəli yollar axtarılmasına səfərbər edir.

Malyariya ölümcül qlobal xəstəliklərdən biridir və xüsusilə Afrikada çox yayılıb. Malyariya parazitləri bir xəstədən sağlam insana, adətən, Anopheles cinsindən olan ağcaqanadların vasitəsilə ötürülür, qana düşdükdə dövr edərək qaraciyərə, onun hüceyrələrinə nüfuz edir və orada böyüyərək çoxalır. Sonradan parazitlər qaraciyəri tərk edərək eritrositlərə daxil olur. Həmin proses bir həftədən bir neçə aya qədər davam edə bilər. Parazitlər qaraciyərdə olduqda insan heç bir narahatlıq hiss etmir.

Malyariya xəstəliyi vaxtlı-vaxtında və müvafiq şəkildə müalicəyə cəlb olunduğu halda tam müalicə edilə bilər.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla