AZ

Mahmud Qurbanov: “Neftçi” imicini qorumalı idi, amma lideri yoxdur”

“Zirə” inamlı qələbə qazandı. Birinci oyunda da yaxşı təsir bağışlamışdı”.

Bunu İdman.bizə veteran futbolçu Mahmud Qurbanov deyib.

50 yaşlı mütəxəssis Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını şərh edib. O bildirib ki, “Neftçi”dən daha yaxşı oyun gözləyib: “Qarabağ”la artıq ilk qarşılaşmada oyunun taleyi həll olunmuşdu. Cavab matçında “Neftçi” imicini qorumaq üçün oynamalıydı. Böyükhesablı məğlubiyyətlərin səbəbini demək çətin deyil. “Ağ-qaralar”ın qeyri-stabil oynaması buna gətirib çıxardı. “Qarabağ”la Azərbaycanda rəqabət aparan ikinci komanda yoxdur. Finalda da favorit onlardır və mövsümü “qızıl dubl”la bitirmək istəyirlər. Bu artıq klubların həlledici qarşılaşmada ikinci üzləşməsi olacaq. Rəşad Sadıqovun komandası revanş üçün əlindən gələni edəcək. Bu da maraqlı matç izləməyimizə səbəb olacaq”.

Qurbanov “Neftçi”də əsas problemləri də açıqlayıb: “Belə böyükhesablı məğlubiyyətlər “Neftçi” üçün üzücüdür. Onlar dünənki oyunda da çox zəif görünürdülər. Futbolçularda gedişatı dəyişməyə aqressiya yoxdur. “Neftçi”də lider də yoxdur. Bu da ən böyük problemlərindən biridir”.

Qeyd edək ki, “Qəbələ” – “Zirə” matçı qonaqların 2:0 (ilk oyun, 1:2) hesablı qələbəsi ilə yekunlaşıb. İlk matçda səfərdə 4:0 hesabı ilə qalib gələn “Qarabağ” evdə “Neftçi”ni 4:1 hesabı ilə üstələyib.

Emin Ağa
İdman.biz

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla