AZ

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

Azərbaycan Kubokunda finalçılar müəyyənləşdi. Yarımfinal mərhələsinin cavab görüşlərində sensasiya baş vermədi və gözlənilən komandalar adlarını həlledici matça yazdırdılar.

Misli Premyer Liqasını tərk etmək üzrə olan, iddiasını ancaq kubokda davam etdirən “Qəbələ”nin finala çıxmaq ümidi puç oldu. “Zirə”yə səfərdə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze cavab matçından öncə iddialı danışmışdı. Ancaq Kaxanın “Qəbələ”yə gəlişindən sonra verdiyi bütün vədlər kimi, budəfəki sözü də havada qaldı. Nəticədə ölkə kubokunun son qalibi bu dəfə mübarizəni yarımfinalda dayandırmalı oldu.

“Zirə” ilk dəqiqələrdən “Qəbələ”yə öz oyununu diqtə etməyə imkan vermədi. Təsadüfi deyil ki, matçda ilk real qol vəziyyətini də qonaqlar yaratdılar. İkinci dəqiqədə Eldar Quliyevin ötürməsindən sonra Rüstəm Əhmədzadə cərimə meydançası daxilində topu qəbul etdi və uzaq küncə zərbə endirdi, ancaq topun qapıdan keçməsinə dirək imkan vermədi. 21-ci dəqiqədə Qismət Alıyevin cərimə zərbəsindən hava ötürməsinə Vladislav Kulaçın başla zərbəsindən sonra top qapının azacıq üstündən keçdi. “Zirə” ilə müqayisədə “Qəbələ”nin ilk hissədə real qol vəziyyəti olmadı.

Rəşad Sadıqovun komandası fasilədən sonra da “Qəbələ”dən üstün oyun nümayiş etdirdi. Və çox keçmədi ki, qonaqlar hesabı açdılar. Qismətin sağ cinahdan hava ötürməsini Kulaç bu dəfə dəqiq baş zərbəsi ilə tamamladı. Sonrakı dəqiqələrdə də ağıllı oyun göstərən “Zirə” 84-cü dəqiqədə növbəti qolu vurdu. Sadıqovun ikinci hissədə meydana buraxdığı futbolçular – Salifu Suma və Rafael Utziq diqqət mərkəzinə düşdülər. Sumanın ara ötürməsindən sonra Utziq topu tora qovuşduraraq, sabiq komandasını cəzalandırdı. Beləliklə, Rəşad Sadıqov və Kaxaber Sxadadze arasındakı 3-cü duel də gürcü məşqçinin məğlubiyyəti ilə nəticələndi.

Artıq əminliklə demək olar ki, Sxadadzenin gəlişi “Qəbələ”yə heç nə qazandırmadı. Sabiq çalışdırıcı Elmar Baxşıyevin rəhbərliyi altında da komanda çempionatda sonuncu yerdə idi, indi də sonuncu yerdədir. Baxşıyev “Qəbələ”ni ölkə kubokunda yarımfinala daşımışdı, Sxadadze onun davamını gətirə – finala yüksələ bilmədi. Bu komanda Baxşıyevin vaxtında həm də indikindən baxımlı oyun sərgiləyirdi. Düzdür, Sxadadze Azərbaycan futbolunda özünü isbatlamış məşqçilərdəndir. Ancaq “Qəbələ”nin cari mövsümdəki problemi baş məşqçi məsələsi deyildi. Komandaya ötən sezon kubok qazandıran da elə Baxşıyev idi. Rəhbərlik ötənilki heyəti saxlaya bilsəydi, əmin olun ki, Elmar Baxşıyev uğurların ardını gətirəcəkdi.

İlk oyunda “Neftçi”ni 4:0 hesabı ilə darmadağın edən “Qarabağ” isə cavab görüşündə də böyükhesablı qələbə qazandı. Qurban Qurbanovun əsas heyəti meydana buraxması bu matçda da komandasından parlaq qalibiyyət gözlədiyini təsdiqləyirdi. “Neftçi”də isə diqqətçəkən məqam kimi qapı xəttindəki dəyişikliyi qeyd etmək olar. Uzun müddət idi əsas heyətdə meydana çıxan Rza Cəfərov son oyundakı kobud səhvinə görə ehtiyata atılmış, əvəzində “çərçivə” İvan Brkiçə tapşırılmışdı.

İlk dəqiqələrdən üstünlüyü ələ alan “Qarabağ”a hesabı açmaq üçün 17 dəqiqə bəs etdi. Olavio Juninyo topla bir xeyli irəlilədi və “Neftçi”nin müdafiəçisi Mark Tamaşı asanlıqla keçərək, uzaq küncü dəqiq nişan aldı. “Qarabağ”ın “qol maşını” fasiləyədək daha 3 dəfə diqqət mərkəzinə düşdü. Epizodların birində zərbə vurmaq əvəzinə ötürmə verməyi üstün tutdu, digərində ötürməsinin qarşısını “Neftçi”nin müdafiəçisi kəsdi, üçüncü epizodda isə başla əla zərbəsi qapı tirinə tuş gəldi.

İkinci hissədə də oyunun ssenarisi dəyişmədi. Yenə üstün tərəf “Qarabağ” idi, “Neftçi” isə rəqib hücumlarının qarşısını kəsməyə çalışırdı. Belə epizodların birində sabiq “Qarabağ”lı, ötən oyunda Ağdam klubunun azarkeşləri ilə problem yaşamış Qara Qarayev avtoqol müəllifi oldu. O, Marko Veşoviçin ötürməsindən sonra tərs toxunuşla topu öz qapısına göndərdi.

Cəmi 2 dəqiqə sonra “Neftçi” qollardan birinin əvəzini çıxdı. Andre Şinyaşikinin ötürməsindən sonra Reziuan Mirzovun zərbəsini “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə dəf etməyə çalışsa da, topun qapı xəttini keçməsinə mane ola bilmədi. Ancaq “ağ-qaralar”ın bundan artığına gücləri çatmadı. Əvəzində “Qarabağ” final fitinədək daha 2 dəfə fərqləndi.

Əvvəlcə Juninyo matçda dublunu rəsmiləşdirdi. Yassin Benzianın zərbəsinin qarşısını “Neftçi”nin qapıçısı kəssə də, top Olavionun önünə düşdü, “sambaçı” isə onu boş qapıya göndərməkdə çətinlik çəkmədi. Görüşdə son nöqtəni meydana 67-ci dəqiqədə daxil olan Nəriman Axundzadə qoydu. Gənc hücumçunun adını tabloya yazdırması üçün 10 dəqiqə bəs etdi. 77-ci dəqiqədə Mateus Silvanın ötürməsindən sonra Nəriman cərimə meydançası daxilindən özünəməxsus, “bilyard zərbəsi” ilə topu uzaq küncə göndərdi.

Beləliklə, əzəli rəqibi qarşısında iki oyunun nəticəsinə əsasən, 8:1 hesablı qələbə qazanan “Qarabağ” adını finala yazdırdı. Ağdam klubu 2021/22 mövsümündə olduğu kimi, həlledici qarşılaşmada yenə “Zirə” ilə üz-üzə gələcək. Qurban Qurbanovun yetirmələri bu görüşdə də qalib gələcəkləri halda, 2023/24 sezonunu “qızıl dubl”la tamamlayacaqlar.

“Qarabağ” görməyə alışdığımız, ildən-ilə hədəflərini böyüdən, daxili arenada hər kəsdən ən azı ikiqat üstün olan, avrokuboklarda da Azərbaycanı ləyaqətlə təmsil edən “Qarabağ”dır. “Neftçi” isə azarkeşlərini məyus, ona bəslənən ümidləri puç etməkdədir. Cari mövsümün əvvəlində səsləndirilən iddialı açıqlamalar, verilən vədlər havada qaldı. Belə yarıtmaz idarəçiliklə, seçilən uğursuz məşqçilər və edilən yararsız transferlərlə “Neftçi” üçün “Qarabağ” hələ uzun müddət əlçatmaz qalacaq.

ABBAS

Seçilən
19
Mənbələr
Şərh ()
Bağla