AZ

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidirŞƏRH

Azərbaycan

Bakı, 25 aprel, AZƏRTAC

Bu il fevralın 14-də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycanın xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır”. Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir və xüsusən son dövrlər artan təmaslar bu istiqamətdə ciddi siyasi iradənin mövcudluğunun göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Ötən il Prezident İlham Əliyevin Qırğızıstana, həmçinin 2022-2023-cü illərdə Sadır Japarovun Azərbaycana səfərlərini xatırladan deputat bildirib: “Ölkəmizə cari dövlət səfərini çıxmaq şərti ilə Qırğızıstan Prezidentinin 2024-cü il ərzində ən azı daha iki səfəri nəzərdə tutulur. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, Japarovun bu yay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və noyabr ayında COP29 beynəlxalq konfransında iştirakı planlaşdırılır. Bakı və Bişkek artan təmasları ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli hesab edir və nəticələrin qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcəyinə inanır. Aydındır ki, Qırğızıstan Orta Asiyada Qazaxıstan qədər böyük ərazilərə, Özbəkistan qədər insan ehtiyatına malik deyil, amma qeyd edilən amillər heç də bu ölkənin Azərbaycan üçün strateji önəmini azaltmır. Əksinə, Orta Asiyada öz coğrafi yerləşiminə və siyasi əhəmiyyətinə görə Qırğızıstan xüsusi rol oynayan beynəlxalq hüquq subyektidir. Bişkeklə əlaqələr həm Qərbin, həm də Rusiyanın Orta Asiya siyasətində önəmli yer tutur və son bir neçə ildə bu ölkədə müşahidə olunan siyasi proseslər məhz Qırğızıstanın qlobal güc mərkəzləri üçün nə qədər vacib geosiyasi önəmə malik olduğunu göstərir. Azərbaycan da Qırğızıstanın bu rolunu dərk edir, qiymətləndirir”.

B.Məhərrəmovun sözlərinə görə, eyni zamanda, Bişkek Bakının hərbi-siyasi zəfərləri ilə region, Türk dövlətləri və bütövlükdə dünya üçün yeni güc mərkəzi kimi özünü təsdiq etdiyinin fərqindədir: “Düzdür, Azərbaycan-Qırğızıstan münasibətləri həmişə siyasi səviyyədə yaxşı olub, lakin, sirr deyil ki, Bişkek-Bakı münasibətlərində xüsusi canlanma məhz Prezident İlham Əliyevin Orta Asiya və Türk dünyasına yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlamışdır. Qırğızıstan Prezidenti Sadır Japarovun dövlət səfəri də bu mənada tarixi siyasi əhəmiyyət daşıyır. Budəfəki təmaslar zamanı, ilk növbədə, əlaqələrin inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək səhiyyə və tibb elmi, energetika, dövlət xidmətləri mərkəzlərinin və gömrük idarəetməsinin təkmilləşdirilməsi, təhsil və elm, miqrasiya və hüquqi sahələrdə əməkdaşlıq sferalarını əhatələyən sənədlərin, ələlxüsus, 2024-2029-cu illər üzrə hökumətlərin Əməkdaşlıq Proqramının imzalanması ümumi hədəflərə doğru mühüm addım oldu. Həmçinin Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin artırılması, o cümlədən ticarət dövriyyəsinin dövlət başçılarını o qədər də qane etməyən hazırkı statistikasının yüksəldilməsi və gələcəkdə nəqliyyat sahəsində də fəal əməkdaşlıq barədə vahid mövqenin nümayiş olunması Qırğızıstan Prezidentinin səfərinin önəmini daha da artırmaqdarır”.

Deputat qeyd edib ki, hər iki liderin həm ikitərəfli münasibətlərin inkişafı, həm də beynəlxalq təşkilatlarda həmrəyliyin qorunmasında açıq iradə ifadə etmələri ölkələr arasında münasibətlərin tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir: “Bundan başqa cari səfər çərçivəsində Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə Özbəkistan və Qazaxıstanın ardınca Qırğızıstanın da fəal şəkildə iştiraka start verməsi, Japarovun təşəbbüsü ilə Qırğızıstan tərəfindən Ağdam rayonunda orta məktəbin təməlinin qoyulması o cümlədən liderlərin birlikdə Füzuli və Ağdam səfərləri ciddi siyasi mesaj ehtiva edən həmrəylik göstəricisi olmaqla həm də münasibətləri diplomatik platformadan mənəvi müstəviyə daşıyır. Bu isə yalnız Azərbaycan-Qırğızıstan prizmasından qiymətləndirilməli məsələ deyil və bütövlükdə Türk dünyasının birgə potensialının ortaya çıxarılması, suverenliklərimizə xələl gətirmədən böyük Türk mənəvi-siyasi birliyinə nail olunması istiqamətində kritik önəmə malikdir”.

Seçilən
23
Mənbələr
Şərh ()
Bağla