AZ

ABŞ Ukraynaya 100-dən çox uzun mənzilli ATACMS raketi verib

Birləşmiş Ştatlar mart ayında Ukraynaya 100-dən çox uzaq mənzilli ATACMS taktiki ballistik raketlərini, eləcə də kasetli sursat variantını təhvil verib.

Redaktor.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Co Bayden fevralın ortalarında bu raketlərin çatdırılmasını təsdiqləyib, lakin sonra bu məlumat ictimaiyyətə açıqlanmayıb. Qəzet yazır ki, ABŞ bu raketləri 300 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi Kiyevə təhvil verib ki, Rusiya ordusu bundan xəbər tutmasın. Raketlərin ötürülməsindən yalnız ABŞ Konqresinin bəzi yüksək vəzifəli nümayəndələri bilirdi.

Kiyev bundan əvvəl təxminən 300 km mənzilli ATACMS raketlərinin tədarükünü tələb etsə də, Vaşinqton bundan imtina edib. Qəzetin yazdığına görə, ABŞ bir sıra səbəblərdən bu məsələyə yanaşmasını dəyişmək qərarına gəlib. Xüsusilə, ABŞ Ordusu başqa ölkələrə satmaqdansa, daha çox ATACMS raketlərini öz ehtiyatında saxlamağa qərar verdi. Bundan əlavə, Vaşinqtonun Ukraynadakı kritik infrastruktura hücumlardan narahat olması da öz rolunu oynayıb.

Qəzetin yazdığına görə, Pentaqon əvvəllər ABŞ administrasiyasına ATACMS arsenalının kiçik olduğu və bu raketlərin başqa məqsədlər üçün lazım olduğu barədə xəbərdarlıq edib. Raket istehsalçısı "Lockheed Martin" şirkətinin məlumatına görə, 1980-ci illərdən bu yana cəmi 4000-ə yaxın ATACMS istehsal edilib.

"Politico" qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bu yaxınlarda iki dəfə ABŞ-nin gizli şəkildə təchiz etdiyi, atəş məsafəsi 320 km-dən çox olan ATACMS raketlərindən istifadə edib.

Qeyd edək ki, aprelin 24-də keçirdiyi brifinqdə ABŞ-nin Milli Təhlükəsizlik üzrə müşaviri Cek Sallivan, Baydenin bu ilin fevral ayında Ukraynaya əhəmiyyətli sayda ATACMS taktiki ballistik raketlərin təhvil verilməsini əmr etdiyini söyləyib.

Turan İSMAYIL

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla