AZ

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir

Dövlətimizin uğurlu, dövrün çağırışlarını özündə əks etdirən qətiyyətli siyasəti nəticəsində qazanılan uğurların miqyası olduqca genişdir. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər, konfranslar, forumlar, eyni zamanda, Prezident İlham Əliyevin çıxışları  uğurlarımızın  təqdimatında əhəmiyyətli rol oynayır. Aprelin 23-də 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Forum regional təhlükəsizlik, enerji keçidi və yaşıl artımla bağlı Azərbaycanın baxışının təqdim olunması, Qarabağda yaşıl və ekoloji cəhətdən təmiz zonaların yaradılması, Azərbaycanda külək və günəş enerjisi layihələri, Avropa İttifaqına qədər uzanan yaşıl enerji dəhlizlərinin gələcəyi və digər mövzular baxımından yanaşmasını təqdim etməklə qlobal siyasət müzakirələrinə öz töhfəsini verdi. Tədbirdə bir daha vurğulandı ki, Azərbaycanın bu ilin noyabr ayında COP29-a ev sahibliyi  qlobal miqyasda ölkəmizin güclü diplomatiyasının  və çoxtərəfli danışıqlar zamanı etibarlı tərəfdaş nüfuzunun təsdiqidir. Bundan əvvəl Azərbaycan BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi nüfuzlu beynəlxalq təsisatlarda uğurla sədrlik etmişdir. Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafı ev sahibliyi etdiyi tədbirlərin yüksək səviyyədə keçirilməsində də öz sözünü deyir. Tədbirə 30 ölkədən 64 nümayəndənin  qatılması müzakirəyə çıxarılan mövzunun aktuallığını,  mahiyyətinin  beynəlxalq ictimaiyyət üçün nə qədər maraqlı olduğunu təsdiqləyir.  Ən əsası tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın bu gün yaşıl enerjiyə keçidi prioritet məsələ kimi qarşıya qoyması və bu sahədə təcrübəsini bölüşmək istəyində olması diqqətdən kənarda qala bilməz. Azərbaycan daim iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə töhfələr verib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsində maraqlı olduğunu və bunu fəaliyyəti ilə təsdiqlədiyini nümayiş etdirir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin forumda çıxışı və iştirakçıların çoxsaylı suallarını ətraflı  cavablandırması həm ölkəmiz haqqında, həm də regionun gələcəyi, dünya siyasətində yeniliklərlə bağlı  geniş məlumatların əldə edilməsində zəngin mənbədir. Prezident İlham Əliyev belə görüşün ötən ilin dekabr ayının əvvəllərinə təsadüf etdiyini önə çəkərək bu müddət ərzində Azərbaycanda və ətrafda bir çox hadisələrin baş verdiyini, bütün bu hadisələrin  müsbət məcrada cərəyan etdiyini diqqətə çatdırdı. Bu hadisələr sırasında  Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini və sərhədlərin delimitasiyasını xüsusi qeyd edə bilərik. Həmçinin ötən ilin dekabrında  mötəbər tədbirin - COP29-un ölkəmizdə keçirilməsi barədə qərar qəbul edildi. COP29 konfransına ev sahibliyi etmək beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən böyük etimadın və dəstəyin əyani nümayişidir. Dövlətimizin başçısı onu da bildirdi ki, COP29-a hazırlığın fəal mərhələsindəyik. Yaxşı nəticələr əldə etmək üçün  olduqca fəal və səmərəli çalışmalıyıq. COP29 bizim üçün çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir.

  YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin forumda diqqəti yaxın günlərdə Almaniyaya səfərinə də yönəltdiyini bildirib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi,  Azərbaycan-Almaniya əlaqələrində daha sıx yaxınlaşma müşahidə olunur.  Cənab İlham Əliyev COP29-a ev sahibliyi edən ölkənin Prezidenti qismində Petersberq Konfransına dəvət olunub. Bu, Almaniyada təşkil edilən ənənəvi konfransdır və adətən COP-a ev sahibliyi edən prezident oraya dəvət olunur. Həmçinin Almaniyanın rəhbərliyi ilə görüşlər olacaq. Əməkdaşlıq əlaqələrində iqtisadi amil xüsusi qeyd olunur. Əməkdaşlıq, sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planlar var.  İstər Azərbaycanda, istərsə də Almaniyada biznes dairələri hər zaman siyasi riskləri qiymətləndirir. Ölkələr arasında əlaqələrin inkişafında investisiyaların yatırılmasında  sabitliyin, əlverişli biznes mühitinin mövcudluğu əsasdır. Bu rəqəm hazırda Azərbaycana beynəlxalq səviyyədə inamın və etimadın hansı səviyyədə olmasına aydınlıq gətirir. Belə ki, son 20 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırda Azərbaycanın bütün regionları, xüsusilə işğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi dünyanın diqqətindədir. Bu torpaqların turizm imkanlarının genişliyi iqtisadi əməkdaşlıq əlaqələrinin  qurulmasına əlavə imkanlar yaradır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Almaniya münasibətləri  ən fəal dönəmdədir və  bunu çox müsbət qiymətləndiririk.

Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev forumda diqqəti hazırkı dövrün əsas çağırışı olan regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması məqsədilə Azərbaycanın qarşı tərəfə beynəlxalq hüququn 5 əsas prinsipini əks etdirən sülh təklifindən də bəhs edib. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərə diqqət yönəldilib. Ən əsası Azərbaycanın ötən ilin sentyabrında suverenliyini tam bərpa etməsi, bu günlərdə Qazax rayonunun 4 kəndinin geri qaytarılması əsaslı şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Azərbaycanın COP29-a ev sahibliyinin Ermənistan-Azərbaycan dialoquna və daha geniş əməkdaşlığa hansı töhfəni verə biləcəyinə gəldikdə isə dövlətimizin başçısı qeyd etdi ki, razılaşmaya ola bilsin heç vaxt olmadığı qədər yaxınıq. Çünki işğal dövründə  razılaşmaya heç vaxt bu qədər yaxın olmamışdıq. Həmin vaxt bizdə sülh müqaviləsinin layihəsi belə yox idi. Amma indi bu layihə bizdə var. İndi sülh razılaşmasının necə olmalı olduğuna dair bizdə ümumi anlayış var. Biz, sadəcə, təfərrüatlar üzərində çalışmalıyıq. Lakin əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır. Çünki sülh müqaviləsi imzalandığı təqdirdə, bu, hər iki ölkə üçün tarixi razılaşma olacaq. Buna görə hər bir söz, hər bir nöqtə, hər bir paraqraf vacibdir. Lakin vacib olan odur ki, hər iki tərəfin bunu etmək üçün siyasi iradəsi var.

YAP Xətai rayon təşkilatının sədri onu da vurğulayıb ki, forumda Azərbaycanın hər bir uğuruna geniş imkanlar açan iqtisadi inkişafımız, müasir dövrün tələblərinə uyğun olaraq atılan addımlar əsasında ölkəmizin bütün sahələrdə tərəqqisi, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların mövcudluğu,   bərpaolunan enerji potensialımız və bu sahədə təcrübənin bölüşülməsi üçün  birgə səylərin göstərilməsinə edilən çağırışlar və sair kimi məsələlər geniş müzakirə edildi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan artıq 30 ildir  beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə Azərbaycan olub. Gələcəyimiz daha da parlaqdır. Biz qazıntı yanacağından istifadəni dayandırmayacağıq.  Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyə yönəldəcəyik.  O da qeyd edildi ki, ola bilsin COP29-un keçirilmə tarixinə bir az qalmış mübadilə üçün daha çox ideyalarımız olsun və  konfransdakı gündəliyimizə daxil edək.

Forumda Azərbaycanın yerləşdiyi coğrafi məkana görə Şərqlə Qərb arasında körpü roluna da diqqət yönəldildi. Belə ki, Prezident İlham Əliyev “Həyata keçirilən əməkdaşlıq strategiyasını nəzərə alaraq, Azərbaycanı Şərq və Qərb dünyası arasında ən əhəmiyyətli körpü kimi görürsünüzmü” sualını cavablandırarkən vurğuladı ki, ən əhəmiyyətli körpü məncə çox təkəbbürlü səslənə bilər. Amma bəli, bu, bir növ mədəniyyətdir: “Mən deyərdim, körpü ona görə ki, yerləşdiyimiz coğrafiya cəmiyyətin həyat tərzinə, əhvali-ruhiyyəsinə mütləq təsir edib. Biz Avropada və dünyanın digər yerlərində olanda özümüzü rahat hiss edirik, çünki Azərbaycan cəmiyyəti əsrlər boyu hər iki sivilizasiyanın, yəni, İslam sivilizasiyasının və Avropa sivilizasiyasının dəyərlərini əhəmiyyətli dərəcədə mənimsəmişdir. Beləliklə, şübhəsiz ki, bu yer bizə nəqliyyat əlaqələrinin qurulmasında fəal olmağı diktə edir, çünki mövqeyimizdən istifadə etməsək, heç kim bizi bağışlamaz… Təkcə dəmir yolu və limanlar tikmək kifayət deyildir. Biz ölkələr arasında körpülər qurmalıyıq.”  

Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni aparıb ki, Azərbaycan həm yerləşdiyi coğrafi məkana, həm də düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində təqdim etdiyi inkişaf modelinə görə daim dünyanın diqqətindədir. Zaman-zaman ölkələr arasında qurulan körpülər yeni-yeni əməkdaşlığa yol açır ki, bu da  uğurlu gələcəyin təmin edilməsində əsas faktordur.

Seçilən
40
10
Mənbələr
Şərh ()
Bağla