AZ

Avropa çempionu: “Çətin olacaq, kateqoriyam dəyişib”

“İkinci dəfə Avropa çempionu olmaq qürurverici hissdir”.

Bunu İdman.bizə Azərbaycan millisinin para-üzgüçüsü Vəli İsrafilov deyib.

Portuqaliyanın Madeyra şəhərində açıq Avropa çempionatında 100 m məsafəyə brass üsulu ilə üzmədə qızıl medal qazanan paralimpiyaçı bildirib ki, yarışdan əvvəl üzərində böyük məsuliyyət hissi olub: “Avropa çempionu adını saxlamaq, bayrağımızı ikinci dəfə Portuqaliyada dalğalandırmaq məni həqiqətən də qürurlandırır. Ən çətin rəqiblərim Ukrayna və Belarus idmançıları idi. Onları yetəri qədər qabaqladım. İlk dəfə çempionluğu qazandığım şəhərdə eyni uğuru təkrarladım. Ümidvaram ki, gələcəkdə bu nəticəmi daha da yaxşılaşdıraram”.

İsrafilov qarşıda gələn Paris-2024 Yay Paralimpiya Oyunlarındakı hədəflərini də açıqlayıb: “Artıq 2 qat dünya və Avropa çempionuyam. Məqsədim 2 qat paralimpiya çempionu olmaqdır. Düzdür, çətin olacaq. Kateqoriyam dəyişib. Buna görə də yenidən qızıl medal üçün çox çalışacam”.

Qeyd edək ki, İsrafilov 2020-ci ildə Tokioda keçirilən Paralimpiadada 100 m məsafəyə brass üsulunda qızıl medal qazanıb.

Emin Ağa
İdman.biz

Seçilən
88
Mənbələr
Şərh ()
Bağla