AZ

“Yuventus” çətinliklə ilk finalçı oldu

Aprelin 23-də İtaliya kubokunun yarımfinalının cavab görüşlərinə start verildi.

“Football-plus.az” xəbər verir ki, paytaxtda keçirilən matçda ev sahibləri qalib gəldilər, amma finala qonaq komanda çıxdı.

Qeyd edək ki, reqlamentə əsasən, İtaliya kubokunda yalnız yarımfinal mərhələsi iki oyundan ibarət olur. Turində aprelin 2-də baş tutan ilk matç “Yuventus”un “Latsio” üzərində inamlı qələbəsi (2:0) ilə nəticələnmişdi. Maraq üçün onu da xatırladaq ki, İqor Tudorun “Latsio”nun baş məşqçi vəzifəsində debütü məhz turinlilərlə oyuna təsadüf etmişdi. Amma həmin oyun kubok deyil, A seriyası çərçivəsində keçirilmişdi: martın 30-da Romada baş tutan matçda Maruşiçin 90+3-cü dəqiqədə vurduğu qol ev sahiblərinə qələbə gətirmişdi. “Yuventus” bu məğlubiyyətin əvəzini ölkə kubokunun ilk görüşündə artıqlaması ilə çıxsa da, cavab oyununun son həftələr enişdə olan turinlilər üçün asan keçməyəcəyini əminliklə söyləmək mümkün idi.

Vaxtilə turinlilərə həm futbolçu, həm də məşqçi kimi xidmət etmiş Tudor komandasını cavab görüşünə yaxşı hazırlaya bilmişdi. “Latsio” ilk dəqiqələrdən daha motivasiyalı görünür və rəqib qapısına mümkün qədər tez yol tapmağa çalışırdı. “Yuventus” isə sönük və ləng oyunu ilə sanki iki topluq üstünlüyün hesabın artıq finala vəsiqəni təmin etdiyini düşünən komandaya bənzəyirdi. Cavab görüşünə belə münasibət Massimiliano Alleqrinin komandasına baha başa gələ bilərdi. Ev sahibləri artıq 12-ci dəqiqədə Kastelyanos ilə hesabı açdılar. Tudorun komandası bununla kifayətlənməyib hücumları davam etdirdi. Romalılar ikinci hissədə ikinci qolu da vurdular: bu dəfə də Luis Albertonun ötürməsini Kastelyanos əla dəyərləndirdi. İki oyunun nəticəsinin bərabərləşməsi axır ki, qonaqları yuxudan ayıltdı. Turinlilər tədricən üstünlüyü ələ almağa başladılar. Amma onların cəhdləri uzun müddət nəticə vermədi. Nəhayət, 82-ci dəqiqədə Vlahoviçi əvəzləyən Milik meydana çıxandan bir neçə saniyə sonra Veanın ötürməsini qola çevirdi. Bu qol Alleqrinin komandasının çətinliklə də olsa finala çıxışını təmin etdi. Beləliklə, “Yuventus” mayın 15-də Romada keçiriləcək həlledici oyunun ilk iştirakçısı oldu.

yarımfinal, cavab oyunları
Latsio - Yuventus 2:1 (ilk oyun - 0:2)
Kastelyanos, 12; 49 - Milik, 83.
Latsio: Mandas, Romanyoli, Kazale, Xila (Patrik, 46), Hüsay, Maruşiç, Genduzi (Pedro, 85), Luis Alberto, Kataldi (Rovella, 81), Felipe Anderson (Vesino, 61), Kastelyanos (İmmobile, 81).
Yuventus: Perin, Danilo, Bremer, Aleks Sandro, Kostiç, Rabyo, Lokatelli, Kambyaso (Vea, 70), Makkenni (Yıldız, 82), Kyeza (Alkaras, 90+1), Vlahoviç (Milik, 82).

Atalanta – Fiorentina 4:1 (1:0)

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla