AZ

Mənalı və şərəfli ömür yolu...

Qaradağ rayonunda görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Aprelin 25-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan görkəmli elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı  Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları Aydın Hüseynov və Səbinə Xasayeva, icra hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Zərifə xanım Əliyevanın yüksək intelektual səviyyəsi, dərin düşüncəsi, səmimi və xoş insani keyfiyyətləri onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmış Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Zərifə xanım, eyni zamanda, sədaqətli həyat yoldaşı, qayğıkeş ana kimi xalqımızın qəlbində özünə əbədi yer tutmuşdur, həyat yoldaşı Ulu Öndər Heydər Əliyevin yaxın sirdaşı və silahdaşı olmuşdur.

Tədbirdə çıxış edən Lökbatan Tibb Mərkəzinin oftomoloqu Hicran Həşimova Zərifə xanım Əliyeva ilə bağlı xatirələrini bölüşərək qeyd edib ki, Zərifə xanım qısa ömür yaşasa da, tibb sahəsində gördüyü çox böyük işlərlə, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin müalicəsində əldə etdiyi uğurlarla adını tarixə yazdırıb.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev çıxışında bildirib ki, Zərifə xanım keçmiş sovet dönəmində Azərbaycan qadınlarının əsil ziyalı və yüksək intellektə malik nümayəndəsi olaraq, onların adının İttifaq miqyasında tanınmasında xüsusi rol oynayıb. Onun adı Azərbaycana cənab İlham Əliyev kimi Müzəffər Ali Baş Komandan və Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, möhtəşəm uğurları ilə fəxr edərkən, dövlətimizin başçısının bilik və bacarıqlarının təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük. Zərifə xanımı analar anası adlandıran YAP rayon təşkilatının sədri onun övladlarının bu gün Azərbaycan adını yüksək tutmasını, xalqımızın xoşbəxt gələcəyi üçün əzmlə çalışmasını hamımız üçün əsil vətəndaşlıq nümunəsi olduğunu bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov qeyd edib ki, Zərifə Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxcəhətlidir. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılıb.

Milli Məclisin deputatı Səbinə Xasayeva çıxışında Zərifə xanım Əliyevanın mənalı və şərəfli ömür yolundan, tibb elminin inkişafındakı əvəzsiz xidmətlərindən, qazandığı uğurlardan danışıb, ləyaqətli insan, qayğıkeş ana kimi onun əziz xatirəsinin əbədi yaşayacağını vurğulayıb.

Tədbirə yekun vuran Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini deyib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Zamin Məmmədov, "İki sahil"

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla